Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:06

Britaniya vəkili Putini “qətl sifarişçisi” adlandırdı


Britaniya məhkəməsində, 2006-cı ildə zəhərlənərək öldürülmüş keçmiş DTK casusu Alexander Litvinenko ailəsinin vəkiliRusiya prezidentini “cılız despot” adlandırıb

Britaniya məhkəməsində keçmiş DTK casusu Alexander Litvinenko-nun ailə üzvlərinin iddiası ilə qətldə Vladimir Putinin əlinin olub-olmaması məsələsi üzrə təhqiqat başa çatıb.

Alexander Litvinenko-nun xanımı Marina və oğlu Anatoly Britaniya Ali Məhkəməsinin binası qarşısında
Alexander Litvinenko-nun xanımı Marina və oğlu Anatoly Britaniya Ali Məhkəməsinin binası qarşısında

İctimai araşdırmanın son günündə Litvenenko-nun dul xanımı Marina və oğlu Anatoly-ni təmsil edən vəkil Ben Emmerson bəyan edib ki, “Rusiya dissidentinin London küçələrində öldürülməsini Putin şəxsən əmr edib”.

“Cılız despotun zəhlətökən fotoları…”

Emmerson Rusiya prezidentini “cılız despot” adlandırıb və onun “güclü kişi obrazı yaratmaq məqsədli zəhlətökən fotosessiyalarını” lağa qoyub.

Britaniyaya qaçaq düşdükdən sonra Bitləşmiş Krallığın Mİ6 kəşfiyyat xidməti ilə əməkdaşlıq edən 43 yaşlı Litvinenko London otellərindən birinin barında polonium-210 maddəsi qatılmış çayı içdikdən üç həftə sonra vəfat edib.

Həmin barda o, keçmiş həmkarları Andrei Lugovoi və Dmitry Kovtun-la görüşmüşdü. Hazırda bu iki nəfər qətldə əsas şübhəli sayılırlar.

Plutonium izi

Təhqiqat nəticəsində Lugovoi və Kovtun-un Londona üç səfəri və onların gəlişi ilə eyni vaxta düşən polonium-210 şüalanmasının müxtəlif yerlərdəki izi öyrənilib.

Rusiya dövlətinin məsuliyyət daşıması şəksizdir və belə olduğu halda Vladimir Putin də məsuliyyət daşıyır

Britaniya polisi – Scotland Yard-ın vəkilləri Lugovoi və Kovtun-u “adi qatil” adlandırıblar və iddia ediblər ki, “sifarişin arxasında Rusiya Dövləti dayanıb”.

Lakin polisin özü daha ehtiyatla bəyanat verərək bildirib ki, qətl üçün dövlətin məsul olması, onun arxasında məhz prezidetin durması anlamına gəlmir.

Bununla belə, özünün yekun çıxışında vəkil Emmerson deyib ki, “Putin-in bu qətl üçün məsuliyyət daşıdığını isbat edən kifayət qədər dəlil var”.

Rus mafiyası

Vəkil bildirib ki, “Rusiya dövlətinin məsuliyyət daşıması şəksizdir və belə olduğu halda Vladimir Putin də məsuliyyət daşıyır”.

Litvinenko-nun qətlində əsas şübhəli Andrei Lugovoi indi Duma üzvüdür
Litvinenko-nun qətlində əsas şübhəli Andrei Lugovoi indi Duma üzvüdür

Cənab Emmerson qeyd edib ki, “tanınmış dissidentin, Britaniya vətəndaşının və Britaniya hökumətinin mühafizəsi altında olan şəxsin yüksək radioaktivlikli maddə ilə öldürülməsinə yalnız Putin şəxsən sanksiya verə bilərdi”.

O məhkəməyə söyləyib ki, Litvinenko özünün təhqiqatı ilə Kreml və Putin üçün təhlükə təşkil edib.

Vəkil yada salıb ki, Litvinenko ölümündən az əvvəl İspaniya kəşfiyyatı ilə birlikdə Tambov-Malışev dəstəsi kimi tanınan Rusiya mafioz qrupunu və onun Putin-lə bağlılığını araşdırırdı.

Danışıq və qılıq

Cənab Emmerson həbelə ötən mart ayında Putin-in Lugovoi-u Rusiyaya xidmətə görə ordeni ilə təltif etməsini pisləyib. O bu hərəkəti “mənəviyyatsız avtoritar, cılız despotun ucuz və qaba jesti” adlandırıb.

Uzun illər aparılan danışıqlar və qılığa girmələrdən sonra dünya cənab Putin-in cüdosayağı siyasətindən və onun zəhlətökən fotosessiyalarından cana doyub

“Uzun illər aparılan danışıqlar və qılığa girmələrdən sonra dünya cənab Putin-in cüdosayağı siyasətindən və onun zəhlətökən fotosessiyalarından cana doyub” – deyib vəkil.

O əlavə edib ki, “korrupsioner və qisasçı Putin təkcə beynəlxalq sülh və sabitlik üçün deyil, Rusiya xalqı, Rusiyanın özü üçün təhlükədir”.

İndi məhkəmə araşdırması Britaniya məxfi xidmətlərinin Litvinenko işi barədə ifadələrini dinləməlidir. Yalnız bundan sonra araşdırmanın yekun nəticəsi elan ediləcək.

XS
SM
MD
LG