Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

“Bağlarda, əkin sahələrində saysız-hesabsız dərin yarğanlar yaranıb. Göz görə-görə, sürüşüb gedirik. Qorxuruq hökumət bir də xəbər tuta ki, hamımız torpağın altında qalmışıq”.

“Çoxları uşağını məktəbə buraxmır”

İsmayıllının Sədiyyan kənd sakini, 77 yaşlı Söhbət Əliyevin canına qorxu düşüb. Söhbət kişi özündən çox 16 nəvəsinin və 4 nəticəsinin taleyini düşünür. Deyir, dərin yarğanlar kənddəki evlərə yaxınlaşdıqca, bu həyəcan təkcə onun yox, bütün kəndlilərin canını sarmağa başlayıb. Nə edəcəklərini bilmirlər:

“6 hektarlıq əkin sahəmiz yarğanlardan yararsız vəziyyətə düşüb, yeraltı sular üzə çıxdıqca, məhsulumuz zay olub. Səbəb də odur ki, kənddə sürüşmə getdikcə güclənir. Burda hamının gözü bir-birinin üzərindədir. Çoxu uşağını məktəbə buraxmır. Dünən keçdiyin yerdən bu gün keçəndə baxırsan ki, dərin yarğan əmələ gəlib. Sürüşmənin ərazisi genişlənə-genişlənə gəlib kənd evlərinə çatıb”.

Buna da bax:​ Kəndlilər: 'Darvadibidə durum getdikcə pisləşir'

İstisuda da eyni durum var

Eyni vəziyyət İstisu kəndində də hökm sürür. Kənd sakini Allahverən Şükürov deyir, bu yarğanların daha da dərinləşməyəcəyinə, faciə doğurmayacağına heç kəs zəmanət vermir:

“İcra hakimiyyətinin işçiləri çiyinlərini çəkib dururlar. Başımızı götürüb hara gedək, bilmirik. Davamlı yağıntılardan sonra bu vəziyyətə düşdük. Onu da deyim ki, əvvəlki illərdə bundan da güclü yağıntılar olub, ancaq belə bəlaya düşməmişik. Son illər meşələri qırıblar, çayların dibini eşib-töküblər, indi də növbə təbiətə çatıb, vaxtilə ona zərbə vuranların intiqamını bizdən alır”.

Kəndlilər nə qədər ki durum daha da dərinləşməyib, hökumətdən tədbir görülməsini istəyirlər.

Buna da bax: Torpaq sürüşmələri aktivləşir

“Durum nəzarətdədir”

İsmayıllı rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, hər iki kənddə durum nəzarətdədir: “Lazımi qurumlar məlumatlandırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri hər iki kənddə olub. Durum nəzarətdədir, hər bir tədbir gözə alınıb”.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev APA-ya açıqlamasında bildirib ki, son illər İsmayıllıda torpaq sürüşməsi nəticəsində 29 kənddə 184 ev qəzalı vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin birgə rəyindən sonra həmin evlərdə yaşayanların təhlükəsiz əraziyə köçürülməsi qərara alınıb: "Sürüşmə zonasında yerləşən 184 evdən 81-i tam qəzalı vəziyyətdədir, həmin evlərdən 7-si isə tam dağılıb, 103 evin divarlarında iri çatlar əmələ gəldiyindən, yaşayış üçün təhlükəlidir”.

Buna da bax:​ Masallı və Lerikdə sürüşmə təhlükə yaradır

Komissiya sədrinin sözlərinə görə...

Rövşən Ağayevin sözlərinə görə, yaşayış üçün yararsız olan bir neçə evin sahibinə kompensasiya ödənilib. Bir ev tikilərək sahibinə verilib və ötən ildən bəri Fövqəladə Hallar Nazirliyi 6 yeni evin inşasına başlayıb. Həmin evlərin tikintisi yekunlaşmaq üzrədir. Digər qəzalı evlərin sahiblərinə də mənzil tikiləcək, amma tikintiyə qərar veriləndən sonra.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG