Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Fransalı siyasətçi İD yaraqlılarının təbliğində günahlandırılır


Marine Le Pen

Marine Le Pen

Fransanın ultra-sağ partiyası Milli Cəbhənin lideri Marine Le Pen öz Twitter hesabında İslam Dövləti yaraqlıları tərəfindən başı kəsilmiş amerikalı jurnalist James Foley-in cəsədinin şəklini paylaşıb.

Bu, ölkədə böyük səs-küyə səbəb olub.

Mərhum jurnalistin ailəsinin sərt etirazlardan sonra Le Pen şəkli silib. Ancaq prokurorluğun göstərişi ilə polis onun haqqında zorakılığın təbliği iddiası üzrə araşdırmaya başlayıb.

Müxalifət lideri bundan başqa İslam Dövləti yaraqlılarının qəfəsdə yandırdığı və üstündən tankla keçdiyi qurbanların da fotolarını özünün 830 min izləyicisi ilə paylaşıb. Altında da yazıb: “İslam Dövləti yaraqlıları budur”.

Le Penin dediyinə görə, şəkildəki cəsədin James Foley-ə aid olduğunu isə bilməyib: “Bu şəkilləri Google-dan hər kəs görə bilir. Bu səhər öyrənmişəm ki, ailəsi şəklin silinməsini istəyib və mən də dərhal sildim”.

Foley-in valideynləri John və Diane oğullarının şəklindən Le Penin öz siyasi məqsədləri üçün istifadəsindən sarsıldıqlarını bildirib. Şəkli dərhal silməyi tələb ediblər.

Jurnalist Foleyi İslam Dövləti yaraqlıları 2012-ci ildə Suriyada oğurlamışdı. 2014-cü ilin avqustunda isə başını kəsmişdi.

“Bu şəkillər İslam Dövləti yaraqlıları qurbanları üçün təhqirdir”

Kütləvi informasiya vasitələri adətən qurbanların bu cür qorxunc şəkillərini paylaşmaqdan çəkinirlər. Ona görə də Le Penin bu hərəkətini hökumət üzvləri pisləyiblər.

Baş nazir Manuel Valls sözügedən rəsmləri “dəhşətli” adlandırıb. O, bununla bağlı özünün “Twitter” hesabında belə yazıb: “Xanım Le Pen: ictimai mübahisələri qızışdırma. Bu siyasi və əxlaqi tənəzzül, qurbanlara təhqirdir”.

Daxili işlər naziri Bernard Cazeneuve isə polisə araşdırma təlimatı verib. O, belə şəkillərin dərcinə həmişə bu cür reaksiya verdiyini bildirib. Əlavə edib ki, həmin şəkillər əslində İslam Dövləti yaraqlılarının təbliğatına xidmət edir. Bu həm də terror təşkilatının qurbanlarının təhqir olunması deməkdir.

Le Penin sözlərinə görə, o, əslində bu ismarıcı Milli Cəbhə partiyasını İslam Dövləti yaraqlıları ilə müqayisə edən BFM televiziyasının jurnalisti Jean-Jacques Bourdin-ə ünvanlayıb. Öz verlişində Milli Cəbhə ilə İslam Dövləti yaraqlıları arasında bənzərlik aparmış Bourdin isə Le Penin bu cür reaksiyasını “isterik cavab” adlandırıb.

Le Penin Milli Cəbhə partiyası ötən bazar keçirilmiş regional seçkilərdə öz tarixi ərzində rekord sayda səs qazanıb. Ancaq hər hansı regiona tam nəzarət əldə edə bilməmişdi.

Noyabrın 13-də Parisdə törədilmiş və 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktlarından sonra Le Pen bəyan etmişdi ki, İslam Dövləti yaraqlıları ram edilməsə, islam totalitarizmi Fransada hakimiyyəti ələ alacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG