Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Referendumdan sonra ölkədə islahatların sürətlənməsi haqda rəsmi açıqlamalar gəlməkdədir. Söhbət hansı islahatlardan gedir? Bu haqda Nazirlər Kabinetinin keçmiş əməkdaşı Oqtay Haqverdiyevlə danışırıq.

– İslahat haqda neçə illərdir danışırlar. Bəzi islahatlar da aparılır. Amma çox ləng gedir bu proses. Bəlkə də bu referendum islahatların daha sürətlə aparılmasına hüquqi əsas olacaq. Amma hər hansı proqram həyata keçiriləndə onun, heç olmasa, istiqamətləri göstərilməlidir. İndi deyilir: «islahatlar olacaq». Hə, olsun, hamımız onu gözləyirik. Ancaq yarımçıq olmasın. Bilirsiniz, bir çox məsələlər var ki, artıq iqtisadiyyatın daha effektli inkişafına əngəllər yaradır.

– Məsələn?

– Bu qədər nazirlik lazımdırmı? Elə neçə illərdir bunu deyirəm. İslahatlar başlanmalıdır və hamı ilk növbədə bunu idarəetmədə görməlidir. İdarəetmə köhnə qaydada qalacaqsa, bu, islahat demək deyil. İslahat idarəetmədən, struktur dəyişikliklərindən, daha doğrusu, onun təkmilləşdirilməsindən başlayır. Zaman tələb edir ki, yeni sistem formalaşsın. Bax, bu istiqamətdə proseslər ləng gedir. İnanmaq istəyirəm ki, referendum islahatlara hüquqi əsas üçün lazımdır. Bəlkə də onlar düşünür ki, buna yetərincə hüquqi əsas yox idi, indi olacaq. Amma hesab edirəm ki, bizim qanunlar çox yaxşıdır, sadəcə, əməl olunmur. Ona əməl olunmasından ötrü siyasi iradə azdır. Maraq lazımdır ilk növbədə.

– Oqtay müəllim, Venesiya Komissiyasının rəyində deyilirdi ki, bu dəyişikliklər prezidentə «misilsiz səlahiyyətlər, hakimiyyət» verəcək. Bir qrup ekspert hesab edir ki, böhran dövründə bir nəfər bütün məsuliyyəti üzərinə götürüb ciddi addımlar atmalıdır. Başqa bir qrup düşünür ki, bütün məsuliyyəti bir adamın çiyninə götürməsi yanlışdır, antidemokratikdir. Siz nə düşünürsünüz bu haqda?

– Hesab edirlər ki, bir nəfər bu qədər məsuliyyəti daşıya bilər, eləsinlər, nə olar. Tarixdə belə şeylər də olub. Amma bu, hansı üsulla ediləcək? Bax, şərt odur. Əgər islahatlar repressiv üsulla aparılacaqsa, vay bu ölkənin halına. Əgər bu evolyusiya, yəni təkamül yoluyla, inqilabi şəkildə aparılacaqsa... İnqilab yuxarıdan aşağıya gəlməlidir, aşağıdan yuxarıya doğru yox. Deməli, sonda özləri başa düşüblər ki, doğrudan da, bundan sonra belə yaşamaq mümkün deyil. Nə potensial vardısa, istifadə edildi, indi yeni model qurulmalıdır. Daha müasir, daha demokratik. Bunun üçün Azərbaycanda öz mütəxəssislərimiz də var, onları cəlb etmək lazımdır. İstəmirlərsə, xaricdən gətirib otuzdursunlar. Necə ki indiyədək ediblər, infrastrukturun inkişafı ilə bağlı. Bundan sonra sürətli islahat aparmaq istəyirlərsə, iqtisadiyyatı liberallaşdırmalıdırlar. Bu gün deyirlər ki, bizdə 83 faiz özəl sektora aiddir. Burda işləyən xarici şirkətlər özəl olduğundan Azərbaycanda ümumi daxili məhsul yaradırlar. Amma gəlin görək, onları çıxsaq, yerdə nə qalır? Hər şey dövlətin əlindədir. Ticarət özəldir, bir az da xidmət sektoru. Ən iri vergiödəyicilərə baxsaq, görərik ki, hər şey dövlətin əlindədir. Liberallaşma getməlidir. Xeyli reklam etdilər ki, 65 obyekt özəlləşdiriləcək, nə bilim nə. Nə oldu? Xırdalayanda gördük ki, nazirliklərdə vaxtıkeçmiş silinmiş avtomobillərdir, bir də köhnədənqalmış çeklərdir. Bu, özəlləşmə deyil! Bu, öz-özünü aldatmaqdır... Məsələ çoxdur. Amma bu da bir şansdır. Görək bu referendumdan sonra nə olur.

Buna da bax-Aranlı fermerlər təşfişə düşüblər

– Son zamanlar pambıq mövzusu dəbə minib. Sizcə, niyə hökumət «ağ qızıl»a birdən-birə bu qədər diqqət yetirməyə başladı?

– Sovet vaxtı Azərbaycanda «pripiska»ları saymasaq, 500-600 min ton pambıq istehsal olunurdu. Amma məsələ ondadır ki, pambıq ondakı kimi yenə də xammal kimi satılır. Bunun son məhsulu var, 18-20 adda məhsul hazırlamaq olur. Pambıqdan sap hazırlayırlar, parça toxunur, parçadan da nəsə tikirlər. Zəncirvarı baxanda, gör nə qədər iş yeri deməkdir. Ancaq mən Sabirabadda heç bir nəfərdən eşitmədim ki, «gəlin bu pambığı son məhsula çevirək, o daha çox gəlir gətirir». Niyə Türkiyədən bizim pambığı alıb mayka, köynək tikib bura göndərirlər? Özümüz edək də. Sonra da deyirlər ki, idxalı azaldaq. Xammalın var, hazırla. Pambıq strateji məhsuldur.

– Amma, sizin dediyiniz kimi, Azərbaycanda pambığın təkcə yetişdirilməsi yox, emalı üçün də münbit şərait varmı?

– Niyə mümkün deyil? Şərait yaradılmalıdır. Pambıq emalı zavodları, toxuculuq fabrikləri tikiləndən sonra onları müəyyən bir dövr üçün vergilərdən azad etmək olar, ya vergini azaltmaq olar. Müxtəlif modellər var. Perspektivə baxmaq lazımdır. Pomidor emalı ilə fatihəni bağlamaq olmaz. Sənaye parkları açılır təntənəli surətdə, amma bir müddət sonra görürsən işləmir. Çünki yenə də xammal idxal olunur, burda sadəcə, məhsul yığılır. İndi deyirlər, «gəlin avtomobil istehsal edək». Balam, biz istehsal etmirik ey, bunu yığırıq. Özü də əgər «Mercedes»i yığsaydıq o, başqa məsələ. İranın avtomobilini. Orda alanı yoxdur, burda yığacaqlar. Sonra onun bazarı haradır? Tapmısınız?

Buna da bax-Naz-Lifan sürücüsü: 'Prezidentin bu maşından xəbəri yoxdur'

– Prezident də müşavirələrin birində dedi ki, bütün nazirliklər yerli istehsal olan avtomobildən istifadə etsinlər, amma elə söz olaraq da qaldı, deyəsən.

– Maşın almaq imkanı olan gedib heç vaxt ondan almaz. Çalışacaq daha yaxşısını alsın. Dünya avtomobil bazarında yer etmək mümkün deyil artıq, ABŞ, Yaponiya, Almaniya, Fransa bu işlə məşğuldurlar. Özü də yığmırlar. Onlar özləri motoru, detallarını istehsal edirlər. Biz yenidən dünya bazarına avtomobillə çıxacağıq? Onu kim alacaq? Adımız gələn kimi üzlərini çevirəcəklər. Bizdə «Mercedes» yığmaq ənənəsi yoxdur axı.

– O zaman niyə hökumət bazarı olmayan müəssisələrin yaranmasına kapital qoyur? Səbəbi nədir?

– Məqsəd qoyurlar ki, iş yerləri açılmalıdır. İş yerləri yaratmağa daha əlverişli sahələr olmalıdır. Məsələn, yüngül sənaye ən əməktutumlu sahə sayılır. Bir də elə məhsul istehsal etməlisən ki, dünya bazarına çıxa bilsin. Misal üçün, Azərbaycan narı brenddir, bilirlər ki, ən dadlı, xeyirli nar Azərbaycanda bitir. Buna fikir vermək lazımdır. Yoxsa iş yeri... İranla maşın buraxacaqlar ey, orda çox olsa 50-60 adam işləyəcək. Bundan nə iş yeri?

- Konstitusiyaya dəyişikliklərdən biri də torpaqla bağlıdır. Kim torpağından səmərəli istifadə etməsə, əlindən alına bilər. Bu nə qədər ədalətlidir?

– Belə olmaz. Kimsə torpağı alıbsa – indi nə yolla alıb, babalı öz boynuna - ondan istifadə etməlidir. Azərbaycanda əkin sahəsi o qədərdə çox deyil, adambaşına 0.48 hektar düşür. 1 milyon 400 min hektar əkin sahəmiz var. Bir də 250 min hektarda meyvə bağları. Qalanı dağlardır, çaylardır. Ona görə bu torpaqlardan səmərəli istifadə edilməlidir. Kim torpaqdan istifadə etmirsə, bu, cinayətdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG