Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:43

Təlimat kitabçası Britaniyada yaşayan potensial cihadçıları saqqallarını qırxmağa, məsçidlərə üz tutmamağa, cins şalvar geyinib əhaliyə qarışmağa çağırıb

Britaniya mətbuatı xəbər verir ki, İslam Dövləti adlanan təşkilat Birləşmiş Krallıqda yaşayan gələcək cihadçıları Parisdəkinə bənzər terror hücumlarını həyata keçirə bilmək üçün “adi insanlardan fərqlənməməyə” çağırıb.

Bu barədə yayılan xəbərdə deyilir ki, İŞİD-in təlimat kitabçası “Tənha Canavar Mücahidlər üçün Ehtiyat və Təhlükəsizlik Qaydaları” adlanır.

Üz qabığınfda yanan evlərin təsviri olan 58 səhifəlik kitabçada deyilir ki, basqının son dərəcə təsirli olması üçün onun gözlənilməzliyi vacibdir.

Təlimatlar Britaniyada doğulmuş və potensial olaraq cihada qoşulmaq istəyən yeniyetmələrə və gənclərə ünvanlanıb.

Kitabça gənc cihadçılara məsləhət görür ki, musiqinin ucadan səsləndiyi və sərxoş insanların gur olduğu yerlər, məsələn gecə klubları, terror basqınlarını müzakirə etmək üçün ən münasib məkandır.

Mətbuat bu kitabçanın ərəb dilindən ingilis dilinə çevrildiyini yazır, beləki Qərbdə doğulmuş müsəlmanların çoxu ana dilini bilmir.

“Sizə xaç gəzdirmək icazəsi verdik”

Kitabçanın giriş bölümündə deyilir: “Heç şübhəsiz ki, tənha canavarlar zəmanəsində Qərbdəki qardaşlarımız əməliyyatlarının uğuru üçün ehtiyat barədə bəzi mühüm məsələləri bilməlidirlər”.

Biz sizə boynunuzda xristian xaçı gəzdirmək icazəsi veririk

Təlimat gənc cihadçılara üzlərini təmiz qırxmağı məsçidə getməməyi və hətta boyunlarından xaç asmağı tövsiyə edir.

Potensial terrorçulara deyilir ki, onlar küçəyə çıxarkən müsəlman əbası geyinməsinlər, özləri ilə təsbeh və ya Quran gəzdirməsinlər.

“Biz sizə boynunuzda xristian xaçı gəzdirmək icazəsi veririk” – deyilir kitabçada.

Amma burada kiçik bir məqama diqqət yetirilir: “Əgər pasportdakı adınız müsəlman mənşəlidirsə, xaç gəzdirməyin, çünki bu şübhəli görünə bilər”.

“Salaməleykümü, bərəkallahı unudun”

“Üstünüzə müsəlmanların işlətdiyi alkoqolsuz ətirləri yox, hamının istifadə etdiyi alkoqollu ətirləri vurun” – deyilir təlimatlarda.

London Finsbury Park məsçidi

London Finsbury Park məsçidi

Kitabça öyrədir ki, “saatı sağ biləyinizə taxmayın, beləki bu, möminlik əlamətdir”.

Cihadçılar müsəlman olduqlarını gizlətmək üçün həm də barmaqlarına gümüş yox, qızıl üzük taxmalıdırlar.

Birbaşa terrorla bağlı tövsiyələrdə deyilir ki, saqqalı “əməliyyatdan” iki həftə əvvəl qırxmaq lazımdır ki, gün üzünüzün dərisini qaralda bilsin.

Britaniyadakı gənc cihadçılara “salam-əleyküm”, “bərəkallah” kimi “müsəlman sözlərindən” qaçmağı məsləhət görülür.

Tənha canavarlara

“Tənha canavar kimi siz daha imkanlısınız, çünki Qərb pasportları gəzdirirsiniz” – deyilir tövsiyələrdə.

“Buna görə də biz burdan adamlar göndərməkdənsə, artıq Qərbdə yaşayan cihadçılara üstünlük veririk – yazır İŞİD təlimatçısı, -Siz ordakı mühiti, adamların davranışını daha yaxşı bilirsiniz”.

Britaniya mediası xəbər verir ki, sözü gedən təlimat sosial şəbəkələrdə geniş dövriyyə edir və 13 noyabr Paris hücumlarının manqabaşçıları Abdelhamid Abaaoud və Salah Abdeslam-ın bu tövsiyələrlə tanış olub-olmadıqları bəlli deyil.

Lakin onlar da Qərb qiyafəsində gəzər, içki məclislərinə qatılar və Avropa həyat tərzi keçirərmişlər.

Parisdə törədilmiş silsilə terror aktlarında 130 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG