Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06

Asiya İnkişaf Bankı (AİB) energetikada maliyyə bərpa planının hazırlanması məqsədi ilə Azərbaycana ayırdığı yardımı enerji tariflərinin uzun müddətdə artırılmasına yönəldəcək.

REAL DƏYƏR HESABLANACAQ?

Fins.az-ın xəbərinə görə, bu xəbəri bir müddət öncə «Azərişıq» ASC-yə 250 milyonluq kredit tranşı ayıran bankın özü bildirib.

Bankdan onu da deyiblər ki, texniki yardımın hədəfi - elektrik təchizatında real dəyəri hesablamaq və dərəcələri müxtəlif müştərilərə görə fərqləndirməklə yeni tarif strukturunun inkişaf etdirməkdir.

Bankın fikrincə, sözügedən sektora xərcləmələrin tam dəyərini almaqdan ötrü 2022-ci ilədək tariflər mütləq artırılmalıdır. Asiya İnkişaf Bankı 2017-2018-ci illərdə Azərbaycan hökumətinə elektroenergetika sahəsinin maliyyə bərpası məqsədi ilə əlavə vəsait də ayıra bilər.

Buna da bax - İşıq 17 faiz bahalaşdı [şərhlər]

5 İLİ GÜZƏŞTLİ 250 MİLYON DOLLARLIQ KREDİT

Ötən həftə «Azərişıq» ASC və Asiya İnkişaf Bankı kredit sazişi imzalayıblar. Saziş imzalanarkən bildirilmişdi ki, kredit anlaşması Azərbaycanda elektrik enerjisi paylayıcı sisteminin yaxşılaşdırılmasına yönəlib.

5 ili güzəştli olmaqla, 25 illiyə verilən 1-ci kredit tranşının məbləği 250 milyon dollardır.

Tarif Şurası iyulun 15-dən Azərbaycanda elektrik enerjisinin qiymətlərini bahalaşdırıb. Həmin tarixdən bəri 1 kvt/saatın topdan qiyməti 4.3 (4.6 faiz bahalaşma), pərakəndə qiyməti isə 7 qəpikdir (14.3 faiz bahalaşma).

ƏSASLANDIRMALAR HAÇALANIR

Hökumət tariflərin qaldırılmasını elektrik enerjisinin qiymətinin uzaq 2007-ci ildə dəyişdirilməsi, ötən müddətdə xərclərin artması ilə əsaslandırıb.

Ancaq Azərbaycanda elektrik enerjisi istehsalının rentabelli olmamasını itkilərin çoxluğuna və bu sahədə şəffaflığın yetərsizliyinə bağlayanlar da var.

4 MİLYARDLIQ SƏRMAYƏ DURUMU DƏYİŞMƏYİB?

Rəsmi məlumatlara görə, son 10 ildə Azərbaycanda elektrik enerjisinin artırılmasına, enerji paylayıcı şəbəkənin yenidən qurulmasına 4 milyard manat sərmayə yatırılıb.

Bu vəsaitin əsas qaynağı dövlət büdcəsi və xaricdən cəlb olunmuş kreditlərdir. 2007-2014-cü illərdə enerjinin texniki itki kimi qələmə verilən ümumi həcminin ölkədə bir ildə generasiya edilən enerji həcminə, yəni 28.5 milyard kvt/saata bərabər olduğu açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG