Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:39

Terrorçu qadınların kimliyi araşdırılır


İŞİD-ə qoşulmuş qadın
İŞİD-ə qoşulmuş qadın

NPR beynəlxalq xəbər bloqu Avropanın, axır ki, bu suala cavab axtarmağa, terrorçu qadınların kimliyini araşdırmağa başladığını yazır.

Ötən iki il ərzində Paris və Brüsseldəki partlayışları qadınların törətdiyi bəlli olub. İŞİD-lə («İslam Dövləti» silahlı qruplaşması) bağlılığı təsdiqlənən terrorçu qadınların eyni zamanda Fransa və Belçika vətəndaşları olduğu ortaya çıxıb. Sentyabrda isə 4 qadın Parisin mərkəzində qaz kanistrləriylə dolu avtomobili partlatmağa cəhd edib. Qadınlardan ikisinin yeniyetmə olduğunu müəyyən ediblər. İndi Avropa Qərbdə böyümüş, təhsil almış qadınları terrorçuluğa aparan səbəbləri öyrənməyə, problemin kökünü tapmağa çalışır.

33 NƏFƏRİN YARISI QADINDIR

Fransanın Bordo şəhərində hökumətin yardım etdiyi radikalsızlaşdırma mərkəzinin imamı Fouad Saanadi deyir ki, terrorçu qruplara qoşulan qadınların çoxu həyatdan böyük zərbə almış qadınlardır. Saanadi-nin sözlərinə görə, onların mərkəzində yardım alan 33 nəfərdən yarısı qadınlardır. Psixoloqlar bu qadınların keçmişini araşdıranda onların atıldığını, zorakılığa, zorlanmaya məruz qaldığını, ona görə də İŞİD-in utopik cəmiyyət və Qərbdən intiqam almaq haqda mesajlarına asanlıqla uyduğunu aşkar edir.

Yazının müəllifi Eleanor Beardsley İŞİD-ə qoşularaq Suriyaya gedən, amma qaçıb canını qurtara bilmiş Laura Passoni-nidən bəhs edir.

Buna da bax-'Arvadım İŞİD-ə qoşulub'

"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

İslamı hələ 16 yaşında qəbul edən Passoni İŞİD-ə internetdə tanış olduğu adam vasitəsilə qoşulduğunu deyir. Onun sözlərinə görə, bu adam ona Suriyada tibb bacısı kimi işləyəcəyini, Suriya xalqına kömək edəcəyini, yeni həyata başlayacağını deyirdi. 2014-cü ilin yayında Passoni arzularını gerçəkləşdirmək üçün Suriyaya yola düşür.

«KÖRPƏLƏR MEYİTLƏRƏ ƏLLƏRİNİ VURURDULAR»

Yenicə tanış olduğu kişini və körpəsini də özü ilə götürən Passoni Suriyada gördüklərindən dəhşətə gəlir. O, yoldaşının döyüşçülərə qoşulduğunu, özünün isə bir yığın aqressiv, əlinə silah alıb qarşısına çıxanı güllələməyə hazır qərbli qadınla birgə çalışdığını yazır: «Bəzi qadınların nifrəti o qədər idi ki, onlar öz körpələrini dəhşətli şeylərdən nəinki uzaq tutmur, hətta onların şəhər meydanında edam olunmuş adamların meyitlərinə toxunmasına icazə verirdilər».

Bütün bunların şahidi olandan sonra Passoni həyat yoldaşıyla birgə Suriyadan qaçmağa və Belçikaya qayıtmağa çalışır və istədiyinə nail olur. Düzdür, o, 3 illik şərti cəza alıb, yoldaşı hələ də həbsdədir və onların görüşməsi, eləcə də Passoni-nin ölkədən çıxması, internetə girməsi yasaqlanıb. Amma Passoni bəxti gətirdiyini düşünür. O, «Oğlumla birgə, İŞİD-in göbəyində» adlı kitab yazıb, başqalarını onun səhvini təkrarlamaqdan yayındıracağına ümid edir.

Fransalı jurnalist, qadın cihadçılar haqda kitab yazan Matthieu Suc isə İŞİD-in terrorun cinsini dəyişdirdiyini yazır: ««Əl-Qaidə» zamanında kişilər ailələrini atıb döyüşə tək gedirdilər. Amma Suriyada bu, ailəvi cihada çevrilib. Cütlük eyni layihəni reallaşdırmağa yollanır və qadının da rolu kişininki qədər böyük olur».

XS
SM
MD
LG