Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

►​İş axtaran Azərbaycan gəncinin portreti

“Hara getdimsə, əlimi hara atdımsa, bir iş tapa bilmədim”. İş ardınca Dağıstana gedən 22 yaşlı Ülfət Həsənqarayev AzadlıqRadiosuna həyat hekayəsini anladır.

6 yaşında atasını itirən, ailəsi bir özündən, bir anasından ibarət olan Ülfət 14 yaşından işləyir:

“Restoranlarda, şadlıq evlərində ofisiant işlədim”.

Səlis, zəngin nitqi Ülfətə öz hisslərini, həyatını, yaşadıqlarını anlatmağa kömək edir. Danışır ki, Sumqayıtda anası ilə kirayədə yaşayır. 150 manat kirə haqqı verirlər:

“İndiyə kimi utanırdım, danışmırdım, cavan oğlanam, ağlayıb-sızlamaqdan xoşum gəlmir. Amma baxdım ki, dərdimi deməsəm, danışmasam, səsimi kimsə eşitməyəcək”.

“150 manata necə yaşayım?”

Hərçənd danışıb dərdini ucadan söyləmək də dadına çatmayıb: qapısını döydüyü onlarla iş yerlərindən əliboş dönüb, Sumqayıt Məşğulluq Mərkəzi ona iş təklif edib, ayda 150 manata:

“Mən elə bu qədər kirayə verirəm. Bəs nə ilə dolanım? Bilirsiz ki, Sumqayıt sənaye şəhəridir, nə qədər zavod var. Mən onlarda belə uyğun bir iş tapmadım”.

22 yaşlı oğlanın əlindən bəzi işlər gəlir, “santexnik”liyi bacarır, bir neçə ay ukraynalı mütəxəssisin yanında farel balığının yetişdirilməsi üzrə 6 ay kurs keçib:

Ulfət Həsənqarayev

Ulfət Həsənqarayev

“Bu işi çox gözəl bacarıram, suyun tərkibi necə olmalıdır, necə yemlənməlidir. Bu işin bu dəqiqə imtahanını verərəm. Amma balıq yetişdirmə təsərrüfatlarına da getdim, ancaq iş tapmadım. Bircə Caspian Fish-ə gedə bilmədim. Bilirsiz, ən böyük balıq istehsalçısıdır, ora necə müraciət edəcəyimi bilmədim”, deyə əlavə edir.

“Fəhləlik də eləməyə razıyam”

Anası üçün yaşadığını, onun üzünü güldürmək, qayğılarını yüngülləşdirməkdən ötrü hər işə razı olduğunu söyləyən Ülfət hərbi xidmətdən gələndən sonra qapı-qapı gəzib iş axtarıb:

“İnternet-kluba gedib “CV”-min (tərcümeyi-hal-red.) 70 dənə surətini çıxardım. Bundan başqa, internetdə hardasa boş yer görürəm, dərhal ora “CV” göndərirəm. Fəhləlik də eləməyə razıyam, amma heç fəhlə işi də tapmıram”.

____________________________________________________________

Bunlara da bax:
"Sənədləri, bir də canımızı götürüb qaçmışıq"- [Fotolar]
Liberman Azərbaycanla münasibətlərdən danışır

____________________________________________________________

Bəziləri çağırır da. Ülfət deyir ki, elektron mallar satan mağazaların birində satış menecerliyinə ərizə verib, müsabiqəyə çağırıblar:

“Riyaziyyatdan, məntiqdən suallar vardı, cavablandırdım, keçdim. Şifahi müsabiqədən də keçdim, ancaq dedilər ki, “boş yer olan kimi çağıracağıq”. Həmin vaxt manat devalvasiya olmuşdu, ixtisarlar başlamışdı”.

Uşaqlıqdan ailənin ağırlığını çiyninə götürmüş Ülfət oxumaq, təhsil də almaq istəyir:

“Eşitdim ki, Dənizçilik Akademiyasında matros kursu var, ora ərizə verdim. Amma 1500 manatlıq təhsil haqqına görə gedə bilmədim”.

“Öz vətənimdə daha faydalı ola bilərəm”

Ülfət indi 3 aya yaxındır ki, Dağıstandadır, restoranların birində barmenlik edir. Azərbaycan pulu ilə 700-800 manata yaxın qazanırmış:

“Bura acından ölməmək üçün gəldim. İndi burda işlər zəifləyib. Yoxsa bu pul yaxşı qazanc idi, yeməyim, qalmağım pulsuzdur, siqaret çəkmirəm, araq içmirəm, pis vərdişim yoxdur”.

Yer üzündə bircə doğma anası olan Ülfət yad yerlərdə qəribsəyib:

“3 aydı anamdan ayrıyam. Niyə bir fəhlə-ofisiant işinə görə dağa-daşa düşüm? Öz vətənimdə daha faydalı ola bilərəm axı”.

Statistika deyir ki...

Rəsmi statistikaya görə, Azərbaycanda 237 mindən artıq işsiz var. Onlardan 37 mini ali təhsilli, 30 minə yaxını orta ixtisas təhsillidir. 10 mini isə ilk peşə ixtisas təhsili alıb. İşsizlər arasında ən çoxu 20-24 yaş qrupuna aiddir, 63 mindən çox. 25-29 yaşlı işsiz gənclərin sayı isə 45 minə yaxındır.

Müstəqil iqtisadçılar isə hesab edirlər ki, ölkədə yüz minlərlə işsiz var.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (30 may)

Hakimiyyət buraxılan “siyasi məhbuslar”ın yerini boş saxlamır

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (30 may)

335 milyon dollara nə etmək olar?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG