Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:12

Sədrə məktub yazdı, işsiz qaldı


►“Anam kitabxanada işləyir, cüzi məvacibi heç öz xərclərini ödəmir. Mən 450 manata qədər maaş alırdım, işə dayımla gedib gəlirdim ki, yolxərcim çıxmasın. Birtəhər ailəmin çulunu sudan çıxarırdım”

““Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova işlədiyim idarənin rəisindən şikayət etdiyimə görə 1 ildir ki, məni işsiz qoyublar. Məhkəmə işə bərpa iddiamı təmin edib. Ancaq bunlar məhkəmə qətnaməsini də saymırlar”.

“YA MƏHƏMMƏDİYƏ İŞƏ ÇIXIRSAN, YA...”

Cavanşir Səmədov 2014-cü ilin oktyabrından “Azərsu” ASC-nin Bağlar Sukanal İdarəsində su kəmərləri və təsərrüfatında nəzarətçi işləyib.

Ötən ilin aprelində işlədiyi idarənin qapısından içəri buraxılmayıb. Ona müdiriyyət tərəfindən işdən azad olunduğu bildirilib.

Cavanşir Səmədovun deməsinə görə, o, idarə rəisindən “Azərsu” ASC-nin sədrinə şikayət etdiyi üçün işsiz qalıb:

“Əvvəl Sumqayıt Su Kanal İdarəsində işləyirdim. Təhsilimi davam etdirmək fikrinə düşdüyümdən işdən çıxdım. Təhsil məsələsi alınmadı, işimə qayıtdım. Sadəcə olaraq, məni Sumqayıta yox, Novxanıdakı xidmət sahəsinə göndərdilər. Ailəmlə Sumqayıtda yaşadığımdan Novxanıya gedib gəlmək çətinlik yaratmırdı. Keçən ilin aprelində dedilər ki, “Məhəmmədi kəndindəki xidmət sahəsinə çıxacaqsan”. Etiraz etdim. Çünki Sumqayıtla Məhəmmədi kəndi arasında xeyli məsafə var. Aldığım məvacibsə elə yollara gedəcəkdi. Rəis dedi, “seçimini et, ya Məhəmmədiyə işə çıxırsan, ya da işdən çıxırsan”. Mən də bildirdim ki, “əmək hüquqlarımı pozduğunuz üçün sizdən şikayət edəcəm””.

Deməsinə görə, sahə rəisi ona “buyur, şikayət et” deyib. O da “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova sahə rəisinin hərəkətindən şikayət yazıb. Ancaq sabahı gün işə gələndə qapıdan içəri buraxılmayıb.

Ona bildiriblər ki, “rəis səni işdən çıxarıb”. Deyir, xəbərdarlıq yox, töhmət yox, Həmkarlar İttifaqının iclası, protokolu, qərarı yox... Eləcə müdirin xətrinə düşüb, onu işsiz qoyub..

____________________________________________________________

Bunlara da bax:
Məscid, kilsə, sinaqoq bir binada- [Video]
Sabiq rəisin məhkəməsi başlanır

____________________________________________________________

“İŞ DAVAMİYYƏTİNİ POZUB”

Cavanşir Səmədov Bağlar Sukanal İdarəsinə qarşı Abşeron rayon Məhkəməsində işə bərpaya dair iddia qaldırıb.

“Azərsu” ASC-nin Bağlar Sukanal İdarəsinin nümayəndəsi Umruz Musayev məhkəmədə bildirib ki, Cavanşir Səmədov iş davamiyyətini pozduğundan işdən çıxarılıb.

Məhkəmə İdarəyə qarşı iddianı təmin edib. İdarə qətnamədən apelyasiya şikayəti verib. Ancaq bu il martın 1-də Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Birinci məhkəmənin qətnaməsi qüvvədə saxlanılıb. Cavanşir Səmədov “Azərsu” ASC-nin qətnaməni icra etmədiyini bildirir.

“450 MANATLA ÇULUMU SUDAN ÇIXARIRDIM”

Cavanşir Səmədov ailə durumundan danışır:

“Özləri də bilir ki, ailəmizdə anamla məndən başqa işləyən yoxdur. Anam kitabxanada işləyir, cüzi məvacibi heç öz xərclərini ödəmir. Mən 450 manata qədər maaş alırdım, işə dayımla gedib gəlirdim ki, yolxərcim çıxmasın. Birtəhər ailəmin çulunu sudan çıxarırdım. Bunların istədiyi o idi ki, o maaşı da yollarda dağıdım, səhər saat 8-də işdə olmalıydım, mən Sumqayıtdan saat neçədə çıxmalıydım ki, 8 tamamda Məhəmmədidə iş başında olam? Mən bunlarla bunun mübahisəsini aparmaqdaykən, bunlar məni yerli-dibli işsiz qoydular”.

Nə prezidentə, nə “Azərsu” ASC-nin sədrinə, nə Ombudsmana, nə Milli Məclisə müraciətləri ona işinə qayıtmasına kömək olmayıb.

Abşeron rayon icra məmurları şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, qətnamənin icrasız qalmasına səbəb qarşı tərəfin Ali Məhkəməyə müraciət etməsi olub.

XS
SM
MD
LG