Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:39

Astarada ailələr var ki, işıq, qaz ola-ola yandırmır


Elektrik qəbzləri, Astara, Azərbaycan, iyun, 2016.

Elektrik qəbzləri, Astara, Azərbaycan, iyun, 2016.

-

Keçən ay 7479 abonent işıq pulunu ödəməyib.

Astara rayonun Sərək kənd sakini Ağasən Əliyevin evi may ayın 18-dən işıqsızdır. Deməsinə görə, Astara Rayon Elektrik Şəbəkəsinin işçiləri işığını kəsiblər. Ağasən Əliyev qeyd edir ki, ailə üzvlər qaranlıq çökən kimi yorğanı çəkirlər başlarına.

“XXI əsrdə televizora baxa bilmirik”

“Havalar istidir. Ağcaqanadın əlindən tərpənmək olmur. Səhərə kimi yorğanın altında çapalayırıq. İşıq yoxdur. XXI əsrdə televizora baxa bilmirik. Neft və qazı olan ölkədə gərək belə olmaya".

Ağasün Əliyev

Ağasün Əliyev

Ağasən Əliyev kəndə necə deyərlər işığı kəsilmiş yeganə adam deyil Hər gün deyilənə görə, Astara Rayon Elektrik Şəbəkəsinin işçiləri borcu olanların evlərinə gedən naqilləri kəsirlər.

Ağasən Əliyev deyir ki, işıq pulunu hər ay ödəyib. Pulun ödənməsi barədə onda hər ayın qəbzləri var.

“Guya mənim işığa 248 manat 16 qəpik borcum var”

“Sonuncu bildirişdə isə göstərilib ki, guya mənim işığa 248 manat 16 qəpik borcum var. Həmin bildirişdə qalıq borcun qarşısında heç nə yazılmayıb. Halbuki, mayın 12-də enerji istifadəsinə görə, 12 manat pul ödəmişəm. Belə çıxır ki, bir ildir işıq pulunu ödəmirəm. Bəs bunlar harada idilər? 5-6 manat borca görə işıqları kəsirlər, məndə isə bu qədər borc yaranıb. Kimi ələ salırlar? Bunların əlindən boğaza yığılmışıq. İş yox, ailəmdə bir nəfər işləmir. Ali təhsilliyəm. Bir nəfər gəlib demir ki, nə yeyirsən? Amma işığı kəsirlər".

Ağasən Əliyevin deməsinə görə qəbzi alandan sonra Astara Rayon Elektrik Şəbəkəsində olub. Şəbəkənin müdiri Alim Qəmbərli ilə görüşüb. Bu barədə ona məlumat verib.

“Prokurorluqda izahat verməli oldum”

“Alim Qənbərli dedi ki, bildirişdə borcun olduğu göstərilibsə, deməli borclusan. Hər aya bir qədər ödəyərsən. Söz verdi ki, işıq kəsilməyəcək. Evə dönəndə məlum oldu ki, 5 nəfər elektrik işçisi həyətə gəlib işığı kəsib. İşığı kəsən dirəkdən düşüb bel sümüyü zədələnib. Ona görə də məni günahkar hesab edirlər. Deyirlər ki, borcun olmasaydı elektrik dirəyə qalxmazdı. Rayon prokurorluğunda izahat verməli oldum.

Astara rayonun Kolatan kəndində də oxşar hadisə baş vermişdi. Xətti kəsmək üçün dirəyə qalxan elektrik yıxılaraq zədə almışdı. Dəfələrlə belə hadisə olub, ölüm hadisəsi də baş verib".

“İndi siz deyin, cənab prezident...”

Ağasən Əliyev yaranmış vəziyyətlə bağlı ölkə prezidentinə məktub da göndərib. Həmin məktubda deyilir: “Siz bütün çıxışlarınızda məmurların əhali ilə normal münasibət qurmasını və onların xalqın xidmətində olmasını tələb edirsiniz. Lakin görünən odur ki, bu ölkədə məmur özbaşınalığı var. Sizin söylədiklərinizin tam əksinə hərəkət edirlər. Məhkəməyə vermək istəyirəm, ona da imkan vermirlər. İndi siz deyin, cənab prezident mən hara və kimə müraciət edim? Axı bu qədər haqsızlıq olmaz ki?”

Astara rayon sakini Fayıq Cəfərzadə də deyir ki, əhali ilə qəddar rəftar edirlər:

“Devalvasiyadan sonra vəziyyət daha pis olub”

“Gəlib evə görürsən ki, işığı kəsiblər. Xəbərdarlıq etmədən. Şübhəsiz ki, enerji pulu ödənməlidir. Olsa ödəyər də. Yoxdur axı. 10 mindən çox əhalisi olan Ərçivan kəndində gecə saat 12-dən sonra 1-2 evdə işıq yanır. Qənaət etmək üçün evlərdə işıqları tamamilə söndürürlər. Yüzlərlə ailə var ki, işıq, təbii qaz ola-ola yandırmır. Pulu yoxdur. Bu kasıbçılığın əlamətlərindən biridir. Devalvasiyadan sonra vəziyyət daha pis olub”.

Elektrik dirəyi və sayğac, Astara, iyun, 2016

Elektrik dirəyi və sayğac, Astara, iyun, 2016

Astara Elektrik Şəbəkəsinin müdiri Alim Qənbərli deyir ki, Ağasən Əliyev istifadə etdiyi enerjiyə görə borcludur və borcunu ödəməlidir:

“Sən işləyirsən-işləmirsən onun mənə nə aidiyyəti var?"

“Başçının qəbulunda da olub. Prokuror da, polis rəisi də orda idi. O uzun müddət sayğacın göstəricisini yazmaq istəyən nəzarətçini həyətinə buraxmayıb. Nəzarətçi necə olubsa sayğaca baxa bilib. O adamın 200 manatdan çox borcu var. Sırf sayğacın üstündə olan borcdur. Müavinin yanında oldu, yenə ödəmədi. Orda bir işçimiz dirəkdən də yıxıldı. O deyir işləmirəm. Sən işləyirsən-işləmirsən onun mənə nə aidiyyəti var? Məndən işıq alıbsan, pulunu qaytar. Yoxdursa baş nazirin göstərişi gəlib, sərt tədbir görülsün. Bu adam şantaj edir. Sayğac həyətindədir. Keçən ay 7479 abonent işıq pulunu ödəməyib. İzahat işləri aparılıb, xəbərdarlıq edilib, qapısına dəflərlə gedilib. Bələdiyyə, icra nümayəndəsi ilə baş çəkilib. Nə edək, hansı yolla əl ataq, nə tədbir görək? Deyir pulum yoxdur. Pulu olmayan siqaret çəkərmi, içki içərmi?. Bir yalıq işığı pulu 3-4 qutu siqaretin puludur. Bir həftə çəkilən siqaretin puludur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG