Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:42

Siz iş müsahibəsinə hazırsınızmı? Söhbət xüsusilə də xaricdə və ya beynəlxalq korporasiyalarda işə düzəlmək istəyənlərdən gedir

Siz iş müsahibəsinə hazırsınızmı? Söhbət xüsusilə də xaricdə və ya beynəlxalq korporasiyalarda işə düzəlmək istəyənlərdən gedir. Bu halda müsahiblərin məqsədi təkcə sizin potensial iş qabiliyyətinizin deyil, həm də ingiliscə necə danışdığınızın müəyyənləşdirilməsidir. Polşa internet saytlarından Business English iş müsahibələri zamanı verilən o “həyati suallardan” 10-nu seçib.

1. Özünüz haqqında danışın.

Bu çoxlarına su içmək qədər asan sual kimi görünə bilər. Amma bu, bəlkə də ən çətin suallardan biridir. Çünki iş müsahibəsi zamanı bu sualı verən istəmir ki, siz özünüz barədə hər şeyi danışasınız. Əksinə o bilmək istəyir ki, siz nə üçün özünüzü bu işə ən yaxşı namizəd hesab edirsiniz.

Odur ki, bu suala cavab verərkən daha çox bu məsələyə dəxli olan şeylərdən danışmaq lazımdır. Məsələn, özünüzü bu işə necə hazırladığınızdan söhbət açın. Bu zaman bununla əlaqəsi olan bir misal da gətirə bilərsiniz. Adətən iki-üç dəqiqə danışandan sonra nəfəsinizi dərib, müsahiblərin bəlkə başqa suallarının da olub-olmadığını soruşmaq məsləhətdir. Əgər onlar bunu istəsələr, yenə də əsasən misallar gətirməklə danışın. Sübut edin ki, sizin həyat təcrübəniz real bisnes həyatı situasiyaları üçün gərəkli ola bilər.

2. Daha uzun müddət üçün məqsədiniz nədir?

Səmimi olun. Əldə edə biləcəyiniz ən yüksək məqsədi və ona necə çatmaq fikrində olduğunuzu deyin. Siz beş il sonra karyeranızın necə olacağı barədə aydın təsəvvürə malik olmalısınız. Məsələn:

“Beş il müddətində mən indiyədək sizin şirkətdə işləmiş ən yaxşı komanda lideri olmaq istəyirəm. Mən başqalarına menecerlik etmək istiqamətində çalışmaq niyyətindəyəm. Mən əminəm ki, mənə daha uzun müddətdə etibar olunacaq səlahiyyətlərin öhdəsindən gələ biləcəyəm. Baxın, mən indi menecerlik vəzifəsinə hazır olmaq istiqamətində bu, bu, və bu işləri görürəm…" (Bu zaman məqsədlər və vəzifələrə çatmaq üçün nə kimi hazırlıq gördüyünüzdən danışın).

3. Rastlaşdığınız ən çətin situasiya necə olub və çətin vəziyyətdən necə çıxmısınız?

Bu suala əvvəlcədən hazır olun. Yəni nümunə gətirmək üçün bir situasiyanı seçin. (Bu zaman şəxsən sizin məsuliyyətiniz üzündən baş verməyən və öhdəsindən necə gəldiyiniz barədə söhbəti uzun olmayan misal gətirin). Problemli situasiyanı seçərkən onun çözülməsində məhz ÖZ rolunuzun nədən ibarət olduğunu söyləyin. Bu zaman ən çox da, əldə etmək istədiyiniz vəzifəyə uyğun gələn bacarıqlarınızı qabardın. Nəticəni izah edib və şirkətin sizin hərəkətləriniz sayəsində gördüyü xeyirdən danışın.

Problemli situasiyanı seçərkən onun çözülməsində məhz ÖZ rolunuzun nədən ibarət olduğunu söyləyin

Yadda saxlayın ki, bu sualın məqsədi sizin düşüncənizdə “çətin”in nə olduğunu və çətin situasiyanın öhdəsindən gəlinməsi üçün sizin məntiqi yanaşmanızın nədən ibarət olduğunu öyrənməkdir. Problemi necə gördüyünüzü izah edin. Problemin həlli üçün başqa yolların hansılar olduğunu sadalayın, nə üçün məhz sizin variantı seçdiyinizi açıqlayın və nəticədən danışın. Çalışın ki, söhbətiniz müsbət tonda bitsin.

4. Güclü tərəfləriniz hansılardır?

Bacarıqlarınızın siyahısını hazırlayın. Bunların içindən ərizə verdiyiniz işə ən uyğun gələn üç-dördünü seçin. Diqqətinizi əsas güclü cəhətlərinizin müzakirəsinə yönəldin. Geniş yayılmış klişelərdən, qaçın. Məsələn:

Mən kollektivdə yaxşı işləyirəm…

Mən yaxşı danışıqçıyam…

Çox işləyən adamam…

Diqqəti daha çox dinamik bacarıqlarınıza yönəldin. Məsələn:

Tez öyrənirəm.

Məndə nəticə əldə etmək əzmkarlığı var.

Müsbət münasibəti olan adamam.

Adamlara güvənməyi bacarıram və ümumi nəticə üçün işləyirəm.

Adamlarla asan dostlaşıram.

Amma bunları sadalayarkən hazır olun ki, sizdən konkret misallar istəyə bilərlər. Bunları əvvəlcədən hazırlamalısınız.

5. Ən zəif cəhətiniz nədir?

Deməyin ki, zəif cəhətiniz yoxdur. Bu, inandırıcı səslənməyəcək, əksinə sizinlə müsahibəni aparan şəxsin belə bir nəticəyə gəlməsinə səbəb ola bilər ki, siz özünüzə həddən-ziyadə arxayınsınız. Başqa bir naşı səhv, əslində ən güclü cəhətinizi zəif cəhət kimi göstərmək cəhdidir. Məsələn:

Vəllah yaman çox işləyən adamam…Bəzən lap dəhşət çox işləyirəm. Əslində, yəqin ki, gərək ailəmə daha çox vaxt ayırmalıyam, amma mən elə hey işləyirəm. Bilmirəm, sizə dedimmi ki, mən çox işləyən adamam. Elə gördüyüm iş, iş, yenə də işdir…

Halbuki yaxşı alternativ cavablar var:

Düzəldilməsi mümkün olan zəif cəhətlərinizdən danışın. Təcrübənizin (bacarığınızın yox ha!) azlığından şikayətlənin. Həm də bu düzəlmək istədiyiniz iş üçün həyati əhəmiyyəti olmayan sahədə təcrübəsizlik olmalıdır.

Üzərində işləməkdə olduğunuz şəxsi və peşəkar zəifliklərdən danışın. Məsələn:

Bilirəm ki, mənimlə işləyən adamlar adətən həddən artıq tələbkar olduğumdan gileylənirlər. Mən onları bəzən lap əldən salıram, amma axır vaxtlar bu barədə oxumağa başlamışam və menecerlik vəzifəsinə daha uyğun olmağa çalışıram.

6. İndiki işinizi niyə tərk etmək istəyirsiniz?

Köhnə işinizi tərk etməyinizə nə səbəb göstərirsiniz göstərin, amma neqativ səbəblər olmasın. Heç vaxt deməyin ki, işin maliyyə tərəfi vəzifədən getməyinizin əsas səbəbidir. Daha çox iş şəraitindən, yeni vəzifələrin öhdəsindən gəlmək həvəsindən, daha çox məsuliyyət, təcrübə və yeni mühit əldə etmək istəyinizdən danışın.

7. Nə üçün məhz bu iş üçün ərizə vermisiniz?

Bu sualı soruşarkən işverən bu işin sizə uyğun gəldiyini və onu sevə-sevə icra edib-etməyəcəyinizi öyrənmək istəyir. Digər tərəfdən bu sualla müsahibiniz sizin sözü gedən sənaye səhasi barədə biliklərinizi yoxlayır. Buna görə də işə girmək istədiyiniz şirkətdə rolunuzu və yerinizi yaxşı anlamağa çalışın. Sübut edin ki, sizin işiniz, xarakter və rəğbətinizə uyğundur.

8. Təhsiliniz bu iş üçün baza verirmi?

Bu çox geniş sualdır, lakin siz diqqəti təhsil tarixçənizdə spesifik misallara çəkməlisiniz. Bu misallar təhsilinizin bu kimi iş üçün verdiyi hazırlığa uyğun olmaldır. Əgər iş texniki sahəyə aiddirsıə, məhz bu sahədə əldə etdikləriniz üzərində fikir yürüdün. İşə rəğbətinizi göstərin.

9. Bu sahədə nə kimi təcrübəniz var?

Heç vaxt “heç bir” deməyin. Əgər doğrudan da, sizin üçün tamamilə naməlum sahədə işə qəbul olunmaq istəyirsinizsə, diqqəti tez öyrənmək qabiliyyətinizə çəkin. Çalışın ki, keçmiş və sizi gözləyən yeni iş arasında oxşarlıqlar tapasınız. Yeni şəraitə necə uyğunlaşdığınız barədə məlumat verin. Məsələn:

Mən əvvəllər heç vaxt kosmetika sahəsində işləməmişəm, amma satış və marketinq sahəsində bilik və bacarıqlarım var və əminəm ki, sizin sənayenizin əsaslarını çox sürətlə öyrənə bilərəm.

10. Nə qədər maaşa ehtiyacınız var?

İstənilən adamı dolaşdıra biləcək sualdır. Əgər bu sahədəki maaşlar və sizin öz tələbləriniz barədə dəqiq biliyiniz yoxdursa, hər hansı məbləğ barədə danışmağa tələsməyin. Ən yaxşı yol, maaşınızın məsuliyyətinizin ağırlığına uyğun olacağına ümid etdiyinizi bildirməkdir. Beyninizdə dəqiq məbləğ tutmayın. Həmçinin bu sənaye sahəsi üçün ortadan yüksək maaş istədiyinizi deməkdən qorxmayın. Bu barədə dəqiq bir məbləğ deməkdənsə, müsahibinizə daha geniş meydan vermək daha yaxşıdır… Məsələn:

Mən maraqlanmışam. Bilirəm ki, Berlində marketinq menecerliyi edənlər ayda təxminən 3700 avro alırlar. Nəzərə alsaq ki, mənim də vəzifəmə ayda üç təlim seminrı təşkil etmək daxil olacaq, onda əlbəttə, maaşımın 4000-4500 avro olmasını arzu edərdim.

Günün bütün mövzuları

XS
SM
MD
LG