Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:38

Müttəfiqlərini itirən AB Azərbaycana meyllənir


Azərbaycan-AB
Azərbaycan-AB

«Global Risk Insights» saytı Avropa Birliyi (AB) ilə Azərbaycanın münasibətlərinin yeni yönündən, bu yönün dəyişməsi səbəblərindən yazır.

Noyabrın 14-də AB Azərbaycanla daha yaxın əlaqələr haqda təzə «hərtərəfli saziş»in hazırlanmasına qərar verib. AB xarici işlər nazirlərinin Avropa Komissiyasına göstərişinə əsasən, Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq razılaşmasına yenidən baxılmalı, 1996-cı ilə təsdiqlənmiş sənəd təzəsiylə əvəzlənməlidir.

ÜSTÜN ÖLKƏ STATUSU

«Global Risk Insights» yazır ki, AB müttəfiqlərini itirdiyindən özünə yeni dostlar axtarmağa, Azərbaycan kimi ölkələrə yaşıl işıq yandırmağa başlayıb.

«Britaniya qurumu tərk edir, Rusiya ona hər addımda əngəl olur, Moldova və Bolqarıstan son seçkilərdən sonra Rusiyaya sarı çevrilib. ABŞ isə xarici siyasətinə Donald Trump administrasiyası iş başına keçəndən sonra baxacaq. Avropa bu amillərin təsiri altında Azərbaycana doğru jest edərək, Bakı-Brüssel münasibətlərinin möhkəmlənməsinə marağının artdığını göstərir».

Məqalədə qeyd olunur ki, yeni razılaşma tərəflərin ATƏT daxilində narazılıqlara son qoymasına, diqqəti iqtisadi əlaqələrin güclənməsinə toplamasına səbəb olacaq.

Azərbaycanla AB beynəlxalq ticarətdə bir-birinə üstün ölkə statusu verməyə razı olub, bu isə növbəti müqavilələrin – daha geniş iqtisadi inteqrasiyanın bünövrəsi, avropalıların Azərbaycanda, azərbaycanlılarınsa Avropada yeni biznes imkanları qazanması deməkdir.

TANAP-ın tikintisi
TANAP-ın tikintisi

BANKLARIN AVROPA BAZARINA GİRMƏSİ

Müəllif hesab edir ki, fürsətdən yararlanan Azərbaycan banklarının Avropa maliyyə bazarlarına daxil olması şərtlərinin müzakirəsinə də cəhd göstərəcək. Məqalədə manatın dəyərsizləşməsi, ölkə iqtisadiyyatının durumu xatırladılır, Azərbaycanın avro kimi xarici valyutaya asanlıqla yol tapmasının zəruriliyi vurğulanır. «Azərbaycan banklarının ödəmə qabiliyyətlərini xarici ehtiyatlar və daha müxtəlif aktivlər hesabına möhkəmlətməyə ehtiyacı var», - yazan müəllif Azərbaycanın danışıqlardan yararlanacağını, ölkənin özəl banklarını banklararası münasibətlərə cəlb etməyə çalışacağını yazır.

Avropa Azərbaycan hökumətini insan haqlarının durumuna görə uzun müddətdir qınayır. «Amma AB siyasətçiləri eyni zamanda reallığı dərk edir, Azərbaycanın Avropa xalqlarına strateji və iqtisadi təklifindən yan keçə bilmirlər. Azərbaycan da Avropadan ötrü əhəmiyyətini, Rusiyaya alternativ olduğunu, Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltdığını yaxşı bilir». «Global Risk Insights» belə yazır.

AZƏRBAYCANA DOĞRU

Yazıda vurğulanır ki, hazırda Azərbaycanın neft və qaz ixracının 45%-i Avropadakı istehlakçılara gedir, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri tezliklə gerçəkləşəcək, Azərbaycanın təbii qazının daha çox hissəsi 2018-ci ildən Avropaya daşınacaq. Amma Avropanın qaza tələbatı bununla ödənməyəcək. «Yeni razılaşma, görünür, AB ilə Azərbaycan arasında sonrakı enerji sövdələşmələrinin özülünü qoyacaq».

Sayt AB-nin Rusiyayla yanaşı, OPEC-in də dominantlığa qarşı durmaqdan ötrü Azərbaycana sarı çevrildiyini vurğulayır. Noyabrın 30-da OPEC, eləcə də kartelə üzv olmayan Rusiya neft hasilatını azaltmaq barədə qərar qəbul edəndən sonra yanacağın qiyməti artıb, neft bir gündə 9% bahalaşıb. Bu halda, Avropa ölkələri daha yaxşı variant kimi Azərbaycana tərəf baxmağa başlayıb.

«Global Risk Insights» Azərbaycanın AB-dən ötrü təkcə yanacağa görə deyil, başqa istiqamətlərdə də əhəmiyyətini vurğulayır. Hazırda Qərbin daxili limitləri keçməyə, ixracat hədəflərini genişləndirməyə çalışdığını bildirən müəllif bu baxımdan Azərbaycanın AB iqtisadiyyatında mühüm rol oynayacaq kiçik dövlətlərdən birincisi ola biləcəyini yazır.

XS
SM
MD
LG