Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:04

Tutaq ki, mən öldüm


Bakıda mübadilə məntəqəsi
Bakıda mübadilə məntəqəsi

-

Ailənin dolanışıq yükünü çəkə bilməyənlərin artan intihar statistikası. OxuZalına göndərilmiş yazı

Bayram Soylu

ÖLMƏK DƏRDİ

And olsun Uca Yaradana ki, imkan yoxdur. Ölməyə deyirəm. Soruşa bilərsiniz ki, necə yəni imkan yoxdur, məgər özünü asmağa ip tapılmır?

Əslində tək mənə yox, mənim kimi neçə biçarəyə bəs edəcək qədər ipim var. Elə bu yaxınlarda paltar asmaq üçün almışam. Ölməyin başqa yollarını da bilirəm, gündə nə qədər intihar xəbərləri oxuyuruq – biri özünü dənizə gömür, biri dərman həbləri içir, bir başqası özünü binanın damından atır...

İstəsəm bu üsullardan birini seçərəm, bundan ötrü elə də baş sındırmağa dəyməz. Mənim dərdim başqadır...

İllüstrasiya
İllüstrasiya

Evdə üç tifil böyüyür. Onların mövcudluğu ölmək imkanımı əlimdən alan birinci səbəbdir. İntiharı demirəm, onlar boya-başa çatanadək öz əcəlinlə ölmək də günahdır axı.

Tutaq ki, mən öldüm. O tifillərin taleyi necə olacaq? Kim onların qayğısına qalacaq? Qohum-əqrəba, dost-tanış, yoxsa dövlət? Kim sahib çıxacaq mənim tifillərimə?

Mənə ölməyə imkan verməyən başqa səbəblər də var.

Əslində başqa yetimlər kimi onlar da böyüyəcəklər, amma həyata, yaşamağa, ətrafda gördükləri, duyduqları, hiss etdikləri hər şeyə nifrət edə-edə.

Onların bu halını təsəvvür etmək belə, istəmirəm...

Mənə ölməyə imkan verməyən başqa səbəblər də var. Mən ölsəm, borclarımı kim ödəyəcək? Borc sahibləri kimin üzərinə gedəcəklər? Yenə də biçarə tifillərin və onları min əzabla doyurmağa çalışan analarının.

Yazıq qadın bilməyəcək uşaqların qarnını doyursun, yoxsa borc sahiblərinin tənələrinə dözsün. Bunu fikirləşib də necə ölüm?!

Deyək ki, mən öldüm. Yaxşlığa doğru nə dəyişəcək axı?! Heç nə. Üstəlik, əlavə yükə çevriləcəyəm. Dəfnim, üçüm, yeddim, qırxım, baş daşım, daha nələrim... Bu kasıb vaxtımızda yenə borcmu alsınlar?!

Təvəzökarlıqdan uzaq olsa da deməliyəm – mənim ölməyim Vətən üçün də itkidir axı. Niyə? Mən ziyanlı vərdişlərdən uzaq, qanun-qaydaya uyan adamam. Pisliklə də aram yoxdur. Heç yerə zibil də atmıram.

Üstəlik, Qarabağ boyda dərdimiz də var. Birdən sabah lazım gəlsə, mən də lazım oldum?!

Başınızı nə ağrıdım, – ölməyə heç cür imkan tapa bilmirəm. Açığı, bir neçə dəfə bu barədə fikirləşmişəm, amma hər dəfə məni qəribə hiss bürüyüb – “beləcə, aradan çıxmaq fərarilik deyilmi” deyə düşünmüşəm. Sanki döyüşdən qaçan döyüşçü kimi sən də övladlarının, yaxınlarının, vətəninin sabahını düşünmədən astaca aradan çıxırsan.

Bir sözlə, ölümə aparan bütün yollar bağlıdır mənim üçün. Təkcə mənim üçünmü?..

Nə etməli? Bircə yol qalır – yaşamağa davam.

Yolumuzdakı əngəlləri aşaraq, yorulmadan, usanmadan...

XS
SM
MD
LG