Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:16

Vəkil İsaxan Aşurov vəfat edib


İsaxan Aşurov
İsaxan Aşurov
Vəkil İsaxan Aşurov vəfat edib.

Bu barədə mərhumun dostu, vəkil Elton Quliyev xəbər verib.

Elton Quliyev deyir ki, mərhum uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bir neçə dəfə əməliyyat olunsa da, onu xilas etmək mümkün olmayıb. İ.Aşurov müalicəyə getdiyi ABŞ-da vəfat edib.

İsaxan Qara oğlu Aşurov 1955-ci il avqustun 1-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. 1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə bitirib.

1984-89-cu illərdə isə SSRİ DİN-nin Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb.

1992-1993-cü illərdə Qazax rayon Polis Şöbəsinin rəisi işləyib.

İsaxan Aşurov 1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələrindən sonra həbs edilib. Onu hökumət qüvvələrinə qarşı vuruşan korpus komandiri Sürət Hüseynovun silahlı qüvvələri həbs edib. Ancaq İsaxan Aşurovun həbsi heç bir il çəkməyib. O, Müsavat partiyasına qayıdaraq siyasi fəaliyyətlə məşğul olub.

1996-cı ildən siyasətdən ayrılan İsaxan Aşurov peşəkar vəkil fəaliyyətinə keçib.
O, vəkil kimi məhkəmələrdə «OMON»çuların, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, jurnalist Eynulla Fətullayevin, yazıçı publisist Rafiq Tağının, gənc bloqqerlər Adnan Hacızadə ilə Emin Millinin hüquqlarını müdafiə edib.

İsaxan Aşurov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. Mərhumun 4 övladı var.

VƏKİL OSMAN KAZIMOV:

«Çox təəssüflənirəm ki, İsaxan bəy kimi vətəndaşımızı, dostumuzu itirdik. Savadlı hüquqşünas, yaxşı vəkil idi. Azərbaycanda öz mövqeyi olan əqidəli insanlardan biri idi. Çox təəssüf ki, həyatının ən yaxşı vaxtı, ömrünün kamillik anına yetişən vaxtı vəfat etdi, aramızdan getdi».

Osman Kazımov İsaxan Aşurovla xeyli vaxt imiş ki, görüşə bilmirmiş:

«Mən hər dəfə onun yaxın dostu, vəkil Elton Quliyevdən İsaxanı soruşanda, deyirdi ki, Almaniyada müalicə olunur. Xeyli vaxt idi görmürdüm. Allah rəhmət eləsin».
İsaxan Aşurovun «Tanınmışlar» verilişinə müsahibəsi – 3.6.2007

XS
SM
MD
LG