Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:42

Mollalar da imtahana çəkiləcək


Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi
Azərbaycanda mollalar attestasiyadan keçəcəklər. Bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə avqustun 7-də Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının iclasında səsləndirib. Amma o, attestasiyanın nə vaxt başlanacağını və mollaların hansı qurum tərəfindən attestasiya olunacağı barədə bir söz deməyib.

Mollaları gözləyən imtahan barədə onların özləri müxtəlif fikirdədirlər.

«Bu çox gözəldir, hər şəxs gəlib molla ola bilməz, o şəxslərin ki, Qurandan xəbəri yoxdur, oxuya bilmir, camaatla davrana bilmir o adamı el, camaat arasına buraxmaq olmaz».

«Mən pis baxıram. Toyun yaraşığı xanəndə, yasın yaraşığı da molladır. Şeyx düz eləmir. Mən bununla razı deyiləm. Bu adamları özü seçib, özü götürüb, indi bu necə analiz eləsin?»

MOLLALARA TEST: ÖLÜ YUYUB, KƏBİN KƏSƏ BİLİRSƏ...

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Bərxudar deyir ki, indiyə qədər də Qazilər Şurası molları tez-tez yoxlayıb. Əgər molla ölü yuya, kəbin kəsə bilirsə, onun bu bacarığı yoxlanılır və sonra idarə həmin mollaya vəsiqə verir.

«Şeyxin irəli sürdüyü bu təşəbbüs hamımızın arasında bəyənilib, biz bunu çoxdan arzu edirdik».

«ƏMƏLİ MÖÖT»

Bəs o mollaya verilən vəsiqəyə nə yazılacaq?

-Vəsiqəyə yazılacaq «əməli moöt» –yəni ki, bu molla ölü götürə bilər, onun qüsulunu verə, kəfənləyə bilər...

-Həm də həmin molla kəbin də kəsə bilər?

-Yox. Kəbin üçün axundlar var...

Hacı Bərxudar
-Bəs attestasiya ölkədə molla qıtlığı yaratmaz ki?

-Yox əksinə, mollalar yaşadıqları yerdə dini bir idarədə imtahan verərlər, sonra da vəsiqə alarlar, bunun nəyi pisdir ki?!

«BİZİM CƏMİYYƏTDƏ RÜŞVƏT YOXDUR»

- Attestasiya məsələsi rüşvətə, korrupsiyaya yol açmaz ki, misal üçün savadı olmayan molla vəsiqəni rüşvətlə almağa cəhd eləməz ki?

-Bizim Quran rüşvət verənlə alanın hər ikisini lənətləyir. Bizim cəmiyyətimizdə rüşvət yoxdur, ola da bilməz. Mən inanmıram ki, bizim cəmiyyətdə rüşvət olsun.

Bir neçə il əvvəl millət vəkilləri mollaların attestasiyadan keçirilməsi tələbi ilə çıxış etmişdilər, bildirirdilər ki, dövlət qulluğuna işə götürülmə kimi mollaların da attestasiyadan keçməsi vacibdir.

Amma həmin vaxt Qafqaz Müsəlmanları İdarəsi bu təklifi narazılıqla qarşılamışdı.

ATTESTASİYADAN QABAQ O QƏDƏR MƏSƏLƏLƏR VAR Kİ…


İlahiyyatçı alim Elşad Miri mollaların attestasiyadan keçirilməsini hələki real bir məsələ saymır. O deyir ki, neçə illərdir mollaların attestasiyasından danışılır, amma real bir addım atılmır. İlahiyyatçı alim hesab edir ki, attestasiyadan qabaq bu sahədə bir-birinə zidd xeyli məsələlər var ki, onlara aydınlıq gətirilməlidir.

«Attestasiyadan keçdi-keçmədi bu insan yenə də gedib məclis aparacaq, yaxud adamlar gedib attestasiyadan keçmiş molla axtaracaq. Burda xeyli absurd məsələlər var ki, bunun da nə islama aidiyyatı, nə də başqa məsələlərə…»

Elşad Miri
Elşad Miri hesab edir ki, Qafqaz Müsəlmanları İdarəsi bu fikirləri səsləndirməklə orucluq qabağı gündəmdə qalmaq istəyir. (Müsəlmanların müqəddəs Ramazan ayı avqustun 11-də başlayır) Onun fikrincə, ilk növbədə attestasiyanı kimlərin keçirəcəyi dəqiqləşdirilməlidir, bundan sonra həmin adamların özü attestasiyadan keçməlidir ki, onların özlərinin dini savadının hansı səviyyədə olduğu məlum olsun.

Elşad Miri hesab edir ki, attestasiyanın keçirilməsi həm də dini qurumlarda korrupsiyanı gündəliyə gətirə bilər. Beləki attestasiyadan keçməyən molla tərəfkeşlikdən, qohumluqdan, tapşırıqlardan və hətta bölgə amilindən yararlanmağa çalışa bilər.

Elşad Miri molla seçimində Türkiyə təcürbəsini misal göstərir. Deyir, bu ölkədə mollaları seçərkən əsasən onların dini təhsilinə görə seçirlər. İlahiyyatçı alimə görə, Azərbaycanda isə adamlar mollaları daha çox yas mərasimlərini pis-yaxşı yola vermələri baxımından qiymətləndirilər.

DİNİ KOMİTƏNİN MOLLALARLA İŞİ YOXDUR


Dini Qurumlarla İş üzrə Komitə nə mollaların attestasiyadan keçirilməsinə, nə də başqa işlərinə müdaxilə etmir. Komitədə hesab edirlər ki, mollalar Qafqaz Müsəlmanları İdarəsinə tabe olduğundan onların attestasiyadan keçib-keçməməsi də həmin qurumun səlahiyyətindədir və komitə bu işlərə qarışmır.

TQDK VƏ MOLLALAR

Mollaların attestasiyasını Tələbə Qəbulu üzrə Dövlət Komissyası apara bilərmi? Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyir ki, TQDK dini təhsil üzrə qəbul keçirmir, digər bir tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsi onlara belə bir təkliflə müraciət etməyib. Amma Elnur Nağızadə mollaların attetasiyadan keçirilməsini gələcəkdə baxılası məsələ sayır.
XS
SM
MD
LG