Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:42

'Türkiyənin düşmənlərinin sayı artır'


Bağdadda Türkiyə əleyhinə aksiya - 2015

Bağdadda Türkiyə əleyhinə aksiya - 2015

«Türkiyənin ətrafını bürüyən düşmənçilik klubuna daha bir ölkə qoşuldu: bu, İraqdır». «Gatestone» araşdırma mərkəzi İraqla Türkiyə arasındakı gərginlikdən bəhs edən məqaləsində belə yazır. Başqa Qərb nəşrləri də Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın oktyabrın 11-dəki çıxışından, İraq liderinin ünvanına söylədiyi sərt ifadələrdən, eləcə də ABŞ-ın buna reaksiyasından yazır.

«TÜRKİYƏYLƏ İRAQ ÖZ ARALARINDA HƏLL ETSİNLƏR»

Türkiyəylə İraq arasında narazılığa səbəb Ankaranın İraqın şimalına – Mosul vilayətinə silahlı qüvvə yerləşdirməsidir. İraqdakı əsgərlərinin «İŞİD» silahlı qruplaşmasına qarşı vuruşan döyüşçülərə təlim keçdiyini bildirən Türkiyə hökuməti keçən ay bu 2 minlik qüvvəsinin mandatını artırıb. Bu da İraq hakimiyyətinin ciddi narazılığına səbəb olub. Bağdad Türkiyənin onlara müdaxilə etdiyini deyərək, BMT Təhlükəsizlik Şurasının təcili iclas çağırmasını, türk ordusunun İraqdan çıxarılması məsələsini müzakirə etməsini istəyib.

Son xəbərlər Vaşinqtonun bu məsələdə Türkiyənin tərəfində dayanmadığını göstərir. «Reuters» agentliyinin yazdığına görə, Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, türk əsgərləri İraqda İraq hökumətinin icazəsiylə, həm də koalisiya qüvvələrinin tərkibində fəaliyyət göstərə bilərlər:

«İraqdakı türk silahlı qüvvələri oraya koalisiya qüvvələrinin bir hissəsi kimi yerləşdirilməyib və bu, Türkiyə və İraq hökumətlərinin öz aralarında həll etməli olduğu məsələdir».

İraq prezidenti Fuad Masum və R.T.Erdoğan

İraq prezidenti Fuad Masum və R.T.Erdoğan

«İRAQ LİDERİ YERİNİ BİLSİN»

Türkiyə prezidenti Recep Tayyip Erdogan-sa dünənki çıxışında İraq dövlət başçısını sərt ifadələrlə tənqid edib. O, İraqda əməliyyat aparmaqdan ötrü kiminsə icazəsinə ehtiyacları olmadığını bildirib, «İraq lideri öz yerini bilsin» deyib. «The Washington Post» qəzeti yazır ki, Erdoğan-ın çıxışı «İslam Dövləti» (İŞİD) qruplaşmasıyla mübarizədə ABŞ-ın əsas müttəfiqləri olan İraqla Türkiyə arasındakı gərginliyi bir az da artırıb.

Müəllif qeyd edir ki, Türkiyə Mosulda İŞİD-ə qarşı aparılacaq beynəlxalq əməliyyatların ərazidəki demoqrafik vəziyyəti kürdlərin, ya da şiələrin xeyrinə dəyişəcəyindən narahatdır. Nəzarət kürdlərin, ya şiələrin əlinə keçərsə, ərazidəki sünnilərin, ya da türkmanların sıxışdırılacağından qorxur. Türkiyənin baş naziri Binali Yıldırım xəbərdarlıq edib ki, Mosul uğrunda əməliyyat demoqrafik dəyişikliklə nəticələnməməlidir.

«Gatestone» yazır ki, Türkiyənin məqsədi Mosulu İŞİD-dən azad etmək deyil, sünnilərin nəzarəti altına almaqdır.

KÜRDLƏRİ ÖNLƏMƏK

«Reuters» isə Türkiyənin Vaşinqtonun kürdləri dəstəkləməsindən, sərhədə yaxın ərazilərdəki kürdlərin güclənəcəyindən ehtiyatlandığını, məhz bu səbəbdən avqustda Suriyadakı sərhəd zonalarında da kürdləri önləmək istiqamətində əməliyyatlar apardığını xatırladır.

«Türkiyə qarşısında dayanan təhlükəyə müdaxilə etməməlidirmi? Biz bu təhlükəyə yol verə bilmərik… Buna imkan vermək niyyətimiz yoxdur». Erdoğan İraqın tələblərinə cavabında belə deyib.

İraqdakı koalisiya qüvvələri Mosulu İŞİD-dən azad etməyə hazırlaşdıqlarını, əməliyyata bütün hazırlıq tədbirlərini gördüklərini bildirirlər. «USA Today» yazır ki, ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby dünən «Mosulu geri almaq uğrunda aparılan kampaniya İraqın əməliyyatıdır» deyib və Ankarayla Bağdadı dialoqa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG