Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Neft qiymətləri bu ölkəyə görə enir


İraq neft
İraq neft

Bazar ertəsi səhər neft qiymətləri yenidən düşüb. Bu, İraqın OPEC-in neft hasilatının azaldılması ilə bağlı tədbirlərinə qoşulmaq istəmədiyini elan etməsindən sonra baş verib. Qiymətlərin enməsinin digər səbəbi isə ABŞ neftçilərinin yenidən işə başlamasıdır. Bu barədə «Reuters» agentliyi yazır.

Nyu-York birjasında cümə gününün sonunda «Brent» markalı xam neftin fyuçersləri bir barreli 51.59 dollara satılıb ki, bu da əvvəlki günün sonuna nisbətən 19 sent, yaxud 0.4 % aşağıdır.

Qərbi Texas xam neftinin qiyməti isə 22 sent, yaxud 0.4 % düşərək bir barreli 50.63 dollara çatıb.

«KİM OLUR, OLSUN»

Treyderlər bildirirlər ki, qiymətin enməsinin səbəbi İraqın OPEC-in hasilatın azaldılmasına dair tədbirlərinə qoşulmaq istəmədiyini deməsidir. Xatırladaq ki, OPEC-in hasilatın azaldılması ilə bağlı qərarının noyabrın 30-da Vyana görüşündə qəbul ediləcəyi gözlənilir.

OPEC hasilatı sutkada 32.50 milyon – 33 milyon barrel civarında saxlamağı planlaşdırır. Sentyabrda bu göstərici sutkada 33.39 milyon barrel idi.

Ancaq OPEC-in Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük hasilatçısı olan İraqın iştirakdan imtinası bu planın gerçəkləşməsini çətinləşdirir.

Ötən gün İraq neft hasilatının sutkada 4.774 milyon barrel, ixracatınınsa sutkada 3.87 milyon barrel olduğunu bildirib.

«Nə olur-olsun, biz geri qayıtmayacağıq. OPEC olmur, kim olur, olsun», – İraqın Dövlət Neft Marketinq Şirkətinin rəhbəri Falah al-Amri deyib.

ABŞ-da neft buruqları
ABŞ-da neft buruqları

ABŞ-DA BURUQLARIN SAYI ARTIR

«İraqın həftəsonu OPEC-in hasilatı azaltmaqla bağlı razılaşmasına qoşulmayacağını bildirməsi bu gün neft qiymətlərinin təzyiqə məruz qalmasına səbəb ola bilər», - deyə ANZ Bankı bildirib.

Bazara təzyiq göstərən amillərdən biri də ötən həftə ABŞ-da daha 11 neft buruğunun qurulmasıdır. Bu, avqustdan bəri ilk ikirəqəmli artımdır.

«Son qiymət yarışının qızışması zamanı biz buruqlarının sayının artacağını görəcəyik», - deyə «Morgan Stanley» bildirib.

Dollar indeksinin güclənməsi də neft qiymətlərinin azalmasına səbəb olur. Daxildə öz milli valyutalarını işlədən ölkələr nefti dollarla aldıqlarından dolların bahalaşması onları daha çox neft almaqdan çəkindirir. Bu isə yenə də özünü neft qiymətlərinin düşməsində göstərir. Dollar indeksi ABŞ dollarının altı xarici valyutanın səbətinə nisbətən dəyərini göstərən indeksdir.

BALANS BƏRPA OLUNA BİLƏR

Tələbə gəlincə, Yaponiyanın xam neft idxalatı sentyabr ərzində ötən ilin eyni ayına nisbətən 4.6 faiz enərək sutkada 3.27 milyon barrelə çatıb.

Bugünkü aşağı qiymətlərə baxmayaraq, təhlilçilər son iki ili toxluqdan əziyyət çəkən neft bazarlarının hasilat-istehlak balansının bərpa oluna biləcəyini deyirlər.

«Statistik göstəricilərdən görünür ki, şərait nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Düşünürük ki, bazar ...daha sürətlə tarazlığa doğru gedir», - deyə «Barclays» bankı bazar günü müştərilərinə göndərdiyi bildirişdə qeyd edib.

«Üçüncü rübdə bazarda kiçik kəsir qeydə alınıb. Bu, dördüncü rübdə də davam edəcək. Kəsir 2017-ci ildə ciddi şəkildə artacaq», - deyə bank əlavə edib. Söhbət bazarda tələblə təklif arasındakı fərqin get-gedə böyüməsindən gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG