Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 02:26

İran da nüvə silahı ilə hədələyir


Kamal Xərrazi
Kamal Xərrazi

İranın yüksək vəzifəli rəsmilərindən biri xəbərdarlıq edib ki, Tehran əgər ölkənin varlığına təhlükə yaranarsa, nüvə doktrinasını dəyişə və atom bombasının yaradılmasına başlaya bilər.

İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin baş müşavirlərindən biri və Xarici Əlaqələr üzrə Strateji Şuranın başçısı Kamal Xərrazi Əl-Cəzirə telekanalına müsahibəsində deyib ki, İran atom bombası yaratmaq iqtidarındadır, lakin hələlik bu istiqamətdə konkret addım atılmayıb:

"İki il bundan əvvəl Əl-Cəzirəyə müsahibəmdə mən bəyan etmişdim ki, İran nüvə bombası hazırlamaq imkanına malikdir. Həmin imkan bugün də mövcuddur, amma bizim nüvə bombası yaratmaq niyyətimiz yoxdur. Lakin əgər İranın varlığı təhdid olunarsa, biz nüvə doktrinamızı dəyişməli olacağıq”.

Tehranın nüvə ambisiyalarından narahatlıq artıb

Şərhçilər bildirirlər ki, Xərrazinin bəyanatı İran və İsrail arasında gərginliyin eskalasiya etdiyi vaxta düşüb və beynəlxalq birliyin İranın nüvə ambisiyalarından narahatlığını artırıb.

Tehran nüvə silahının hazırlanması üçün texniki imkanlara malik olmasına baxmayaraq, onun nüvə proqramının tamamilə dinc səciyyə daşıdığını dəfələrlə bəyan edib.

2015-ci ildə Tehran və dünya gücləri arasında imzalanmış saziş İranın üzərindəki sanksiyaların qaldlrlmasına imkan yaratmışdı, lakin 2018-ci ilə ABŞ-ın ovaxtkı prezidenti Donald Tramp ölkəsini birtərəfli qaydada razılaşmadan çıxarıb və beləliklə İranın üzərindəki ABŞ sanksiyaları yenidən işə düşüb.

2015-ci il razılaşmasını yenidən dirçəltmək üçün bütün diplomatik səylər nəticə verməyib. Bununla bağlı İran uranın zənginləşdirilməsi dərəcəsini artırıb.

12 gün ərzində

Mart ayında Bloomberg News ABŞ Müdafiə Nazirliyinin vəzifəli rəsmisinə istinadla yazırdı ki, İran atom bombasının istehsalı üçün fitil materialını 12 gün ərzində hazırlaya bilər.

Bu da qeyd olunur ki, doktrinanın dəyişdirilməsi söz-söhbəti bəzi xəbərlərə görə İsrail İsfahan şəhəri yaxınlığındakı bazanın radar sistemini hədəfləyəndən sonra ortalığa çıxıb.

Xəbərlərə görə bu hücum İran aprelin 13-də Dəməşq konsulluğuna zərbədən İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) Qüds qüvvələrinin 7 yüksək rütbəli zabitinin həlak olmasından sonra edilib.

İran bu hadisəyə görə İsraili ittiham etmiş və bu ölkəyə yüzlərlə dron və raket atmışdı. Bu dron və raketlərdən heç birinin hədəfi vurmadığı deyilir.

Xameneyi 2005-ci ildə nüvə silahlarına qarşı fətva verəndən sonra Tehran onun nüvə proqramının sırf mülki səciyyə daşıdığını bəyan edir.

Dini rəhbərliyə təhlükə yaranarsa...

Sözü gedən müsahibədə Xərrazi habelə İranın nüvə qurğularına hücum təqdirində Tehranın mümkün reaksiyalarından söz açıb:

"Əgər onlar İranın nüvə qabiliyyətini hədəfləmək istəyirlərsə, bu, təbii ki, İranın nüvə doktrinasının dəyişməsinə səbəb olacaq”.

Bu ayın əvvəllərində Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi demişdi ki, İrana atom bombasının hazırlanması üçün lazım olan zənginləşdirilmiş uranın istehsalı üçün həftələr kifayət edə bilər.

Qrossi Tehranın agentliklə əməkdaşlığının vəziyyətini “qəbuledilməz” adlandırmış və İranın nüvə siyasətində əhəmiyyətli dəyişikliyin edilməsinə çağırmışdı.

Xərrazi habelə İranın qısaca NPT kimi tanınan Nüvə Silahlarının Yayılmamasına Dair Müqavilədən çıxa biləcəyinə işarə vurub.

İran bundan əvvəl xəbərdarlıq etmişdi ki, əgər onun dini rəhbərliyinə hədə yaranarsa NPT razılaşmasından çıxa bilər.

XS
SM
MD
LG