Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:11

İranda bank müdiri korrupsiya ittihamı ilə həbs olunub


Ali Rastegar Sorkhei

Ali Rastegar Sorkhei

İran İslam İnqilab Qvardiyası ölkənin ən böyük banklarından birinin rəhbərini və onun müavinini həbs edib. Onlar korrupsiyaya yol verməkdə, maaşları, bonusları şişirtməkdə ittiham olunurlar. İranın «Fars» və «Tasnim» xəbər agentlikləri, İslam İnqilab Qvardiyasına istinadla, iyulun 20-də belə xəbər yayıb.

Qvardiya «Bank Mellat»ın keçmiş rəhbəri Ali Rastegar Sorkhei-ni və onun beynəlxalq məsələlər üzrə müavinini həbs edib.

Rastegar Sorkhei ötən ay bank menecerlərinə verilən əməkhaqqı, bonus və digər imtiyazların şişirdilməsində adı hallandığından, istefaya göndərilmişdi.

«KOPRUPSİYA TƏŞKİLATÇILARINDAN BİRİ»

Mühafizəkarlara yaxın «Fars» agentliyi Rastegar Sorkhei-ni mütəşəkkil «korrupsiya şəbəkəsi»nin üzvü kimi dəyərləndirib.

Bu qalmaqala prezident Hassan Rouhani-yə zərbə vurmaq, onun gələn il təkrar seçilmək şanslarını azaltmaq cəhdi kimi baxanlar da var.

Rouhani 2013-cü ildə hakimiyyətə gəlib. Korrupsiyaya son qoymaq, ölkə iqtisadiyyatını gücləndirmək onun seçki vədi olub. Rouhani «şişirdilmiş əməkhaqqı»ların araşdırılmasına da göstəriş verib.

Mühafizəkarlar iddia edirlər ki, Rouhani-nin qardaşı və məsləhətçisi Hossein Fereydoun da bu qalmaqala bulaşıb. Onlar Hossein Fereydoun-u bank menecerləri ilə işbirliyində ittiham edirlər.

«QARDAŞ MƏSLƏHƏTİ»

Həftə başlarkən, mühafizəkarlara yaxın «Tasnim» xəbər agentliyi iddia edib ki, Rastegar Sorkhei «Bank Mellat»ın rəhbərliyinə Hossein Fereydoun-un məsləhəti əsasında təyin edilib.

Yarırəsmi xəbər agentliyi yazır ki, Fereydoun və Rastegar çox yaxın dost sayılır və ikisi də Semnan əyalətinin Sorxe şəhərindəndir.

İyulun 20-də jurnalistlərə açıqlamasında İran İslam İnqilab Qvardiyasının rəhbəri Mohammad Ali Jafari deyib ki, Rastegar Sorkhei-nin həbsi əməkhaqqı qalmaqalı ilə bağlıdır.

«ASTRONOMİK MAAŞ İŞİN YARISIYMIŞ»

«Adamlar güman edirlər ki, bu həbslər astronomik maaşlarla bağlıdır. Onların maaşı yol verilmiş pozuntulardan biridir», - yerli media Mohammad Ali Jafari-yə istinadən belə yazıb. Jafari bu adamların həm də böyük korrupsiya olaylarına qatıldığına görə həbs olunduğunu söyləyib.

O, bunu da bildirib ki, İran İslam İnqilab Qvardiyası «təhlükəsizlik məsələlərinə müdaxilə cəhdlərinin qarşısını alır və iqtisadiyyatda korrupsiyanı üzə çıxarır».

Jafari-nin sözlərinə görə, həbslər arta bilər: «Bu olaylara bəzi siyasətçilər və digərləri də daxildir» - yerli media Korpus rəhbərinə istinadən belə yazıb.

İyulun əvvəlində İranın iqtisadi məsələlər və maliyyə naziri Ali Tayebnia «Bank Mellat», «Bank Saderat», «Bank Refah» və «Bank Mehr»in menecerlərini «qeyri-standart maaş» ittihamı ilə vəzifələrindən kənarlaşdırıb. Onlar yüksək bonuslar qazanmaqda, bankdan kredit götürməkdə və vergi ödəməməkdə də ittihamlarla üzləşiblər.

İşdən çıxarılan menecerlərin və həbs edilmiş Rastegar Sorkhei-nin bu ittihamlarla razılaşıb-razılaşmadığı bilinmir.

Hadisələrə öz rəyini bildirən sosial şəbəkə istifadəçiləri «yüksək maaş» məsələsinə birmənalı yanaşmayıblar. Məsələn, Azad Rahman adlı istifadəçi yazır ki, iqtisadi inkişafa töhfə verən intellektual insanlar yaxşı qazanmalıdır və yüksək maaş cinayət deyil.

«İRAN TƏK ÖLKƏDİR Kİ...»

Router Mile adlı istifadəçi yazır: «İran tək ölkədir ki, varlanmağı mühakimə edir. Onlar əvvəllər milyarder asıblar?».

İran prezidenti Rouhani məsələnin araşdırılmasına qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG