Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:03

İran “Türkiyə Bağdaddan icazə alsın” dedi…


İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi

İran bəyan edib ki, Türkiyə Mosulun İŞİD-dən geri alınması əməliyyatında iştirak etmək istəyirsə, İraq hökumətindən icazə almalıdır.

Əl-Ərəbiyyə telekanalının məlumatına görə, beləliklə Tehran Türkiyə qoşunlarının İraqın şimalında olması səbəbilə Bağdadın narazılıq və etirazına şərik olub.

“Bu qətiyyən yolverilməzdir ki, hər hansı bir ölkə terror və ya hər hansı başqa cinayətlə mübarizə bəhanəsi ilə başqa ölkənin suverenliyini pozmağa çalışsın” – deyib İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi.

Türkiyə qoşunlarının ölkənin şimalından çıxmasını tələb edən iraqlılar
Türkiyə qoşunlarının ölkənin şimalından çıxmasını tələb edən iraqlılar

Xəbər verilir ki, hazırda 500-dək Türkiyə hərbçisi Mosul yaxınlığında yerləşdirilib və burada İraqın sünni ərəb və kürd döyüşçülərinə təlim keçir.

Bu hərbi birləşmələr Mosulun azad olunması əməliyyatında iştirak edirlər.

İraqın şiə çoxluqlu hökuməti türklərin ölkə ərazisində olmasını beynəlxalq qanunların pozulması adlandırıb və Ankaradan qoşun birləşməsinin Türkiyəyə çəkilməsini tələb edib.

Bu mübahisədə şiə İranının Bağdad hökumətini dəstəkləyəcəyi gözlənilən idi.

Bu arada İraqın birləşmiş əməliyyat komandanlığı Türkiyənin Mosulun geri alınması üçün aparılan döyüşlərdə iştirak etmədiyini bəyan edib.

Türkiyə tərəfi isə israr edir ki, Mosul yaxınlığında qərarlaşmış türk hərbçilər kürd peşmərgə qüvvələrinin xahişi ilə onların döyüş əməliyyatlarını top və tank atəşləri ilə dəstəkləyirlər.

Hazırda İraqın şimalında və Mosulun yaxınlığındakı Başiqa məntəqəsinin alınması uğrunda minlərlə peşmərgə döyüşür.

Dost kürdlər, düşmən kürdlər

Türkiyə Suriya kürdlərinin YPG qüvvələrini terrorçu adlandırsa da, İraq kürdləri ilə müttəfiqlik edir.

Onun NATO müttəfiqi ABŞ isə YPG-ni müttəfiq sayır.

Beləliklə, Türkiyə İraq hökumətinin, indi isə artıq İranın və hətta NATO müttəfiqi ABŞ-ın bunu istəməməsinə rəğmən cidd-cəhdlə Mosula can atır.

Qərb təhlilçiləri son günlər bu canatımının səbəbini araşdırmağa çalışırlar.

Recep Tayyip Erdoğan və İraq kürdlərinin lideri Məsud Bərzani
Recep Tayyip Erdoğan və İraq kürdlərinin lideri Məsud Bərzani

ABŞ-ın NBC News saytında deyilir ki, əslində İraqda Türkiyənin 2 minlik əsgəri qüvvəsi var.

Üstəlik Ankara israr edir ki, Türkiyəni İraqın şimalına Mosulun keçmiş valisi dəvət edib.

NBC News şəbəkəsinin baş qlobal məsələlər müxbiri Bill Neely özünün “Mosul döyüşü” məqaləsində yazır ki, Ankara əvvəllər kürd separatçılığını öz sərhədləri içində həll etməyə məcbur idisə, indi bunu sərhədlərinin xaricində etmək imkanı qazanıb.

Müxbirin fikrincə, bunun yanında prezident Erdoğan Osmanlı imperiyasının itiridiklərini geri almaq niyyəti də güdür.

Məqalədə deyilir ki, kürdlər İraqın şimalında az qala öz dövlətlərini yaradıblar. Digər tərəfdən onlar Suriyanın şimalında da geniş torpaqlara nəzarət edirlər. Bu ikisinin birləşməsi ehtimali Türkiyə üçün ən vahiməli yuxunun çin olması demək olardı.

Mosul məsələsi

Meely-nin yazdığına görə Erdoğan Osmanlı imperiyasının Birinci Dünya Müharibəsinin sonunda alçaldılmasının öcünü almağa çalışır.

Türkiyənin dəstəklədiyi kürd peşmərgələr Mosul yaxınlığında
Türkiyənin dəstəklədiyi kürd peşmərgələr Mosul yaxınlığında

Beləliklə Türkiyənin dərdi 100 il bundan əvvələ gedib çıxır.

Birinci Dünya Müharibəsinin qaliblərindən olan Fransa o vaxtadək İstanbulun nəzaərətində olan Suriya və Livana, Britaniya isə Fələstin və İraqa sahiblənmişdi.

Sərhədlərin yenidən ölçülüb-biçilməsi prosesində bircə şəhərin taleyi qeyri-müəyyən qalırdı. Bu, Mosul idi.

Türkiyə nəyin bahasına olursa, olsun Mosulun nəzaəritini əldə saxlamaq istəyirdi.

Nəhayət 1926-cı ildə Millətlər Liqası Mosul barəsində Türkiyənin ziddinə qərar çıxardı.

“Lakin Türkiyənin Mosul xülyalarına son qoya bilmədi” – yazıb Neely.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG