Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Bir qrup sürücünün dəvəti ilə Azərbaycan İran sərhədindəki Astara Gömrük İdarəsinin önünə gəlmişik. Sürücü Vidadi Abbasov deyir ki, iki aya yaxındır maşınları yüklüdür. Nə pulunu ala bilirlər, nə də yükün sahibini tapa bilirlər:

«İRANDAN YÜKDOLU MAŞINLARLA GERİ QAYITDIQ»

«Bu il sentyabrın 19-da Astara taxıl anbarından 7 maşına Rusiyadan gəlmiş göy noxud yüklədilər. Mənim maşınıma da yük vurdular. Sentyabrın 25-də İran Astarasına keçdik. Burda işlər düz gəlmədi. Yükü boşalmadılar. Bir aydan çox orda gözləməli olduq. Pulumuz qurtardı. Orda bu işlə məşğul olana dedim ki, heç olmasa, bir ayın pulunu ödə, ödəmədi. Sonra bizə dedilər ki, sənədiniz düz deyil, geri qayıdın. İrandan yükdolu maşınlarla geri qayıtdıq».

«YÜKÜN SAHİBİ TAPILMIR»

Sürücü deyir ki, problem bununla bitmir: «İndi gəlib durmuşuq Astara terminalında. Səhərdən axşama kimi burda dururuq. Bu günə qədər yükün sahibi bizə 1 manat da verməyib. Yükün sahibi tapılmır. Gözləyirik. Müsbət nəticə olmasa, məhkəməyə müraciət edəcəyik».

Aftandil Sultanov

Aftandil Sultanov

Digər sürücü Aftandil Sultanov da eyni dərddədir: «Çörəyimiz maşından çıxır. On baş ailədir. Mağazaların hamısına borcluyam. Kasıb ailəyik. Borc-xərc edib maşın almışam, hələ də, borcun altındayam. İki ay maşın yükün altında qalıb. Təkərlər sıradan çıxıb. Maşının təmiri 200 manat pul götürür. Yükün sahibi isə cəmi mənə bu iki ayda 100 manat pul verib. Deyir ki, pul Rusiyadan gəlməlidir. Onun mənə nə dəxili var? Mən sürücüyəm, maşınım yük altında qalıb. Yanacaq yandırmışam. Əynimə şalvar, köynək ala bilmirəm. Evimə çörək apara bilmirəm».

«BİZƏ SƏNƏD VERİB İRANA YOLA SALAN ADAM TELEFONUMUZA CAVAB VERMİR»

Sürücülərin bildirməsinə görə, bu vəziyyətlə bağlı kimə müraciət edirlərsə, «bizim işimiz deyil» cavabını alırlar. Sürücü Rəşad İbadov qeyd edir ki, onlara sahib çıxan yoxdur:

Rəşad İbadov

Rəşad İbadov

«Maşınlarımız yük altında nə qədər terminalda qalacaq? Bizə sahib çıxan yoxdur. Axı bu tranzit yükdür. Gömrük buna cavabdehlik daşıyır. Bizə sənəd verib İrana yola salan adam telefonumuza cavab vermir. Atam rəhmətə gedib. Bacım, qardaşım mənə baxır. Bu maşınla ailəmi dolandırıram, onları saxlayıram. Hər günə 130 dollar bizə ödənməlidir. Belə danışmışıq. Yükləri İran qəbul etməyib. Bizim nə günahımız var? 7 maşın 100 nəfəri saxlayır. Kasıbı Allah bədbəxt yaradıb. Kim gəlir, haqqımızı yeyir. Yükün sahibini tapa bilmirik. Belə də iş olar?».

Sürücü Vəkil Qasımov isə deyir ki, evdə xəstəsi var. Pul tapa bilmir ki, dərman alsın: «Ailəni necə dolandırım? Biz Azərbaycan vətəndaşıyıq. Məhərrəmlik ayıdır. Qalmışıq çörəksiz, pulsuz. Atamın 85 yaşı var, xəstədir. Kimə deyim?».

NOXUD, YOXSA TAXIL?

Sürücülərin deməsinə görə, Rusiyadan gələn iki vaqon göy noxudu Astara taxıl anbarında boşaldıblar. Orda qablaşdırılır və İrana yola salınır. Əvvəllər də bu yük eyni sənədlərlə daşınıb. İndi isə İran qəbul etmir. Səbəb kimi məhsulun sertifikatının olmaması göstərilir. Sürücülərə verilən sənədlərdə məhsul həm noxud kimi göstərilib, həm də taxıl kimi.

Sürücülər pullarını tələb edirlər.

Sürücülər pullarını tələb edirlər.

Noxudu Rusiyanın Lipetsk şəhərində yerləşən «Torqovıy Dom Zerno Zavoljya» şirkəti İrandakı «Sahand Caspian Talesh» şirkətinə göndərib. Həmin şirkətlərin Astaradakı nümayəndəsi Hətəm Qasımovun deməsinə görə, o, vasitəçidir. Məhsul Astaraya gəlir, burdan da İrana ötürür. Bütün xərcləri şirkətlər ödəyir. Onun deməsinə görə, İrandan qaytarılan məhsul yenidən vaqonlara yüklənib Rusiyaya göndəriləcək.

SÜRÜCÜLƏRİN HAQQINI KİM VERMƏLİDİR?

H.Qasımov vurğulayır ki, sürücülərin xərclərini şirkətlər ödəməlidir və onların haqlarının verilməsində maraqlıdır. Lakin indiki halda o heç nə edə bilməz.

Hüquqşünas İlqar Qasımov da deyir ki, məhsulun geri qaytarılmasında sürücülərin günahı yoxdursa, müqavilədə nəzərdə tutulmuş ödəmələr olmalıdır: «Sürücünün günahı yoxdursa, Rusiya şirkətinə qarşı məsələ qaldırılmalıdır. Bu, kənd təsərrüfatı məhsuludur, sürücünün ucbatından keyfiyyətini itirə bilər. Bu yoxdursa, Bakıda Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi var, oraya müraciət edə bilərlər».

Sabiq gömrük işçisi Elman Hüseynov isə deyir ki, tranzit yükə Azərbaycan cavabdehlik daşımır: «Tranzit yüklə bağlı gömrük rüsumları var, onlar ödənilir. Tutaq ki, Rusiyadan vaqonla gələn tranzit yük İrana getməlidir. Gömrük işçisinin iştirakı ilə vaqonun qapısını açırlar və yük maşına yüklənir. Əgər İran qəbul etmirsə, yük müəyyən olunmuş müddətdə geri qaytarılmalıdır. Yüklər uzun müddət maşında qala bilməz…».

Şərhləri göstər

XS
SM
MD
LG