Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:32

Bakıdan yol alıb Biləsuvar rayonunu keçəndən sonra taksi sürücüsü maşının radiosunda nə qədər yerli xəbər axtarsa da tapa bilmir. Düyməni çevirdikcə İranın müxtəlif radiostansiyalarının xəbərləri bir-birini əvəzləyir. Sürücü Valeh Əliyev illərdir bu yollarda taksi sürdüyünü və Biləsuvarı keçəndən sonra həmişə eyni durumla qarşılaşdığını deyir:

«Biləsuvarı ki ötdün, İran radiolarının xəbərləri başlanır. Ta Cəlilabada, Masalıyadək. Nəsə Lənkəranda az tutur, Astarada yenə başlanır. Televizorsa İran kanallarını da, bizim öz kanallarımızı da göstərir. Çanaq antenası qoşsan, Türkiyə kanallarına dabaxmaq olur».

«İRANA, ERMƏNİSTANA SƏRBƏST BAXIRSAN»

Azərbaycanın cənub bölgəsində İran, şimal bölgəsində Rusiya, Ermənistan və Gürcüstanla sərhəd ərazilərdəsə bu ölkələrin yerli efir məkanına müdaxiləsi təzə xəbər deyil. Mütəxəssislər efir məkanına müdaxilədə İranın əsas yer tutduğunu bildirirlər. Astara sakini Kamal Hüseynov köhnə televizorunda yerli kanal axtarır və tapanadək neçə-neçə İran kanalını çevirməli olur:

«Burda İran kanalları hər yerdə tutulur. Kanalları çoxdur, yoxsa antenaları güclüdür, yəqin ona görə belədir».

Qazax sakini Məhərrəm Əliyev deyir ki, onlar da erməni və gürcü radiolarının müdaxiləsi ilə üzləşirlər:

«Adi maşında radioya qulaq asmaq istəyincə, dalğalar qarışır, Gürcüstan, Ermənistan radiolarının səsi gəlir. Televiziyalara gəlincə, evdə indiyədək analoq televiziya işlətmirdim. Çanaq antenayla baxırdıq. İndi rayon yerində əksəriyyət elə çanaq antenalardan istifadə edir».

Tovuz sakini Əli Aslanov sərbəst Ermənistan telekanallarına baxdıqlarını deyir:

«Biz sərbəst Ermənistanın verilişlərini tuturuq. Bunun qarşısını almaq çətindir. Bildiyimə görə, bunun üçün mürəkkəb qurğular lazımdır».

Astarada televizorlar İran kanallarını göstərir.

Astarada televizorlar İran kanallarını göstərir.

Uzun illər Azərbaycanın şimal rayonlarında da yerli sakinlər Rusiya telekanallarının müdaxiləsi ilə qarşılaşıblar. Xudat sakini Səkinə Məmmədova deyir ki, əvvəllər belə durumla tez-tez üzləşirlərmiş. Özəlliklə Quba, Xudat, Yalama və Qusarda. İndi əhali çanaq antenalardan istifadə etdiyindən, bu müdaxiləni görmürlər.

«YAYIMLANA BİLMƏZ, ANCAQ...»

Milli Televiziya və Radio Şurası texniki nəzarət şöbəsi müdirinin müavini İsa Məmmədov AzadlıqRadiosuna deyir ki, İran İslam Respublikasının radio və teleötürücülərinin gücü daha yüksəkdir:

«Yerüstü yayımda bir ölkənin ərazisində digər ölkənin teleproqramının yayımlanması məqsədəuyğun deyil. Ümumiyyətlə, televiziya və radio yayımı haqqında qanunda da buna baxılmayıb. Digər bir ölkənin televiziyası bizim ölkənin ərazisində yayımlana bilməz. Ancaq bu şərtə çox da riayət etmirlər, ya əhəmiyyət vermirlər, ya necə olursa, İran İslam Respublikasının, Ermənistanın televiziya proqramları bizim ərazidə də yayımlanır. Bu da əsas onunla bağlıdır ki, onların teleötürücüləri dağlıq ərazilərdə, yüksəkliklərdə qoyulub. Gücləri də kifayət qədər yüksəkdir. Amma tamaşaçı ona baxmağa məcbur deyil, kanalını dəyişib bizim televiziya proqramlarını tutub baxsın. İran radiosu da bizim ərazilərdə yayımlanır, Biləsuvarda, hətta İsmayıllıda maneə yaradır. Belə maneələrdən qaçmaq üçün öz radiolarımıza İranda istifadə olunmayan tezliklər veririk».

Bəs bunun qarşısının birdəfəlik alınması mümkündürmü? İsa Məmmədov deyir,mümkün deyil: «Bunun qarşısını almaq mümkün deyil. Gücü və istiqamət diaqramını tənzimləməklə bunu yayımçı edə bilər. Vaxtaşırı danışıqlar gedir. Danışıqlardan sonra bir müddət buna riayət edirlər, ancaq sonra təzədən pozulur. Söhbət İrandan gedir,Ermənistanla heç bir danışıq getmir».

İsa Məmmədov Rusiya kanallarının Azərbaycanın efir məkanına İran kanalları kimi güclü müdaxilə etmədiyini bildirir. Çünki şimal bölgəsinin nə relyefi düzənlikdir, nə də televericilər elə güclüdür. Əsas müdaxilə İran və Ermənistan tərəfindəndir.

Fazil Mustafa

Fazil Mustafa

«ONLAR BURDA PİS NİYYƏT GÖRMÜRLƏR»

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Fazil Mustafa deyir ki, bu, aktual məsələlərdən biridir. Millət vəkilinin fikrincə, İranla qonşuluq münasibətlərini davam etdirməklə yanaşı, İranın Azərbaycana yönəlik siyasətindəki müəyyən neqativ hallara da toxunmaq lazımdır:

«Bu məsələ rəsmi səviyyədə də İranın diqqətinə çatdırılır. Azərbaycan hökuməti də, biz də bunun üçün tədbirlər görməyə çalışırıq. Məsələ bütövlükdə dövlət təhlükəsizlik strategiyası çərçivəsində müzakirə və çözüm tələb edir. Hər dəfə onların nəzərinə çatdırırıq. Onlar burda pis niyyət görmədiklərini deyirlər. Həqiqətən də, Azərbaycanı birbaşa hədəfə alan «Səhər» kanalıydı. Ona qarşı biz sərt mövqe ortaya qoyduq. Onu dayandırdılar, daha doğrusu, müəyyən mənada məhdudlaşdırdılar. Amma ümumi televiziyaya nə deyə bilərsən? Televiziya efir məkanıdır, ümumi verilişlər verirəm, film, proqram. Reaksiyaları belə olur ki, biz qarşısını ala bilmirik, yayımdır, buraxırıq, hara gedir, gedir. Yəni, ala bilirsinizsə, özünüz qarşısını alın».

Belə durumda astaralı Kamal Hüseynov, deyəsən, həmişə yerli proqramlara baxmaq üçün televizorunun düyməsini bir neçə dəfə dəyişməli olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG