Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:41

İranda qadınlar kütləvi burnunu kəsdirir


►"Gizli moda nümayişləri keçirilir"

Bir neçə il əvvəl İran adambaşına düşən burun kəsdirmə - rinoplastika əməliyyatlarının sayına görə dünya liderinə çevrilib. Bütün növ plastik əməliyyatları saysaq İran İslam Respublikası dünya üzrə bu reytinqdə ilk onluğa düşür. Son illər İranda təkcə plastik cərrahiyyə yox, moda industriyası da mollaların sərt qanunlarına uğurla müqavimət göstərməkdədir.

İranda plastik cərrahiyyə sahəsi sürətlə inkişaf edir. Formal olaraq o, İslam normalarına zidd deyil, ona görə də hökumət bunun qarşısını almağa çalışmır. Bu ölkədə moda industriyası da bum dövrünü yaşayır. "Guardian" hələ 2013-cü ildə yazırdı ki, hər il 200 min qız plastik əməliyyat üçün üçün cərrah bıçağının altına uzanır.

İranda 1979-cu il İslam inqilabından əvvəl yerli qadınların əksəriyyəti qərb dəbi ilə, çox vaxt əlvan və açıq-saçıq geyinirdi. Bu zaman onlara qarşı heç ictimai qınaq da olmurdu. Ayatollahların rejimi hakimiyyətə gələndən sonra hər şey dəyişsə də, son onillikdə, xüsusən də təhsilli şəhər qadınları daha sərbəst geyinməyə başlayıblar.

Buna da bax: Azərbaycanın reytinqi "zibil" səviyyəsinə salındı

İran qadınları əsl inqilab edirlər. Bir çox gənc iranlı qadının geyimində hündür dabanlar, dar cinslər və əlvan parçalar dominant olmağa başlayıb. Bununla yanaşı dini hökumətin tələb etdiyi bütün prinsiplər yerinə yetirilir.

Elə plastik əməliyyatlara bu qədər böyük marağı da sərt rəsmi qaydalara reaksiya kimi dəyərləndirənlər var. "Biz öz gözəlliyimizi başqa yolla nümayiş etdirə bilmirik," deyə bir tehranlı qadın "Guardian"a müsahibəsində deyib.

2000-ci ildən bəri geyim dizayneri olan Sədəf Səhər Qoreyşi əvvəllər gizli işləməyə və peşəkar olmayan manekenləri işə götürməyə məcbur idi. Onun sözlərinə görə indi hər şey daha asandır:

"Bütün bu məhdudiyyətlər bizim biznesimizə təsir etmir. Mən daim beynəlxalq modanı izləyirəm. ...Mən onun "surətini çıxarmıram", ancaq əsas tendensiyalara əməl etməyə çalışıram," deyə Səhər bildirib.

Iran -- əxlaq polisi qadını geyiminə görə həbs edir. 2006
Iran -- əxlaq polisi qadını geyiminə görə həbs edir. 2006

İranda qadınların hicabsız və hətta açıq çiyinlərlə podiuma çıxdığı moda nümayişləri də olur. Demək olar ki, gizli keçirilən belə tədbirlərdə yalnız qadınlar iştirak edə bilir. Əks halda təşkilatçılar çox böyük problemlərlə qarşılaşa bilərlər. Adətən belə defilelərə dizaynerlərin və manekenlərin rəfiqələri və qohumları gəlir. Sonradan onlar bu barədə başqa qadınlara da danışırlar və beləcə müştəri kütləsi formalaşır. Hələ qaydaların indikindən daha sərt olduğu 2007-ci ildə belə bir defiledə iştirak etmiş bir qadın CNN-ə belə demişdi: "Gözəlliyə can atmaq hər şeyə qalib gəlir,"

Prezident Həsən Ruhani hakimiyyətə gələndə İran qadınlarının daha dəbli görünmək istəyini dəstəkləyib. Onun fikrincə, bununla İran modernləşməyə can atdığını nümayiş etdirir. "Fashionable, Sexy, Haute and Naughty Magazine" ("FSHN") jurnalının Tehranın küçə və bazarlarında keçirdiyi fotosessiyanı dərc etməsi müəyyən mənada mühüm hadisə oldu. Çünki bundan əvvəlki fotosessiyanı yalnız 1969-cu ildə "Vogue" jurnalı çəkmişdi. "FSHN" jurnalının fotoqrafı, İran əsilli kanadalı Əfra Purdad deyir ki, onun təsvirlərində "müasir İran mədəniyyərinin təzadlarını" görmək olur. Onun seçdiyi model insanların gur olduğu bazarda əlvan geyimdə poza verib. Əfra insanların qəzəblənəcəyindən qorxsa da, hər şey sakit keçib. Hətta bir məqamda əlində bir səbət pomidor olan bir kişi obyektivə baxıb, şəklinin çəkildiyini biləndə xahiş edib ki, onu bir də çəksinlər. Sonra da razılıqla modelə baxıb, gülümsəyərək yoluna davam edib.

XS
SM
MD
LG