Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:59

İranda daha manata etibar etmirlər...


Astara. Azərbaycan-İran sərhəd keçid məntəqəsi
Astara. Azərbaycan-İran sərhəd keçid məntəqəsi

Astara keçid məntəqəsinin önündə yenə qələbəlikdir. Ora Azərbaycanın hər yerindən gəlirlər. Növbə səhər saatlarından başlayır, qapılar bağalanana qədər davam edir:

«Maşın tutmuşuq, Cəlilabaddan gəlmişik. Səhərdən burdayıq. Biz gələndə burda çoxlu adam var idi. Onları birinci qapıdan buraxdılar. Yəqin biz, hələ, burda durmalı olacağıq».

Bunları Sara adlı qadın deyir. Onun sözlərinə görə, ayda bir dəfə İrana gedir: «O taya keçirəm, bazarlıq edirəm, geri qayıdıram».

Buna da bax:​ Astara və Biləsuvar gömrüyündə gördüklərimiz

«Bir gedişlə 40-50 manat qalır»

Əlində bağlama var. Onun dediyinə görə, bağlamanı sərhədyanı mağazadan ona veriblər. Bu yükü İran Astarasında müəyyən edilmiş ünvana verəcək və 20 manat alacaq: «Gələndə 3 blok siqaret alıram, hər birindən 5 manat qalır. Azca xurma, kişmiş, pendir, xama, quru çay və sair şeylər alıram. Gömrükdən zülm ilə keçirib burdakı mağazalara satıram. Bir gedişlə 40-50 manat qalır. Ailə büdcəsinə köməkdir. Dolanmaq olmur. Uşaqlar məktəbə gedir. İmkanım olsa İranda nə işim var..».

Astara. İran sərhəd keçid məntəqəsi. okt.2016
Astara. İran sərhəd keçid məntəqəsi. okt.2016

«Burdan gedəndə bilirik ki, nə alacağıq»

Başqa birisi söhbətə qarışır: «Orda ucuzluqdur. Ona görə bizə sərf edir. Manat ucuzlaşandan sonra, İranda malların qiymət fərqi xeyli azalıb. Elə mallar var ki, heç qiymət fərqi yoxdur. Şəkər tozu bahadır. Qəndin 1 kilosu bizim pul ilə 1 manat 70 qəpikdir. Burda 2 manatdan bir az bahasına veririk. İran qəndi həm də keyfiyyətlidir. Məclislərdə bu qənddən verirlər. Burdan gedəndə bilirik ki, nə alacağıq».

İkinci keçid zalını birinci zaldan dəmir barmaqlıqlar ayırır. İkinci zalda da baş verənləri kənardan görmək olur. Sakinlər deyir ki, birinci zalın qapısını açanda basabas düşür. Ayaq altında qalanlar da olur.

Buna da bax: ​Astara gömrüyündə «15 gün» qadağası

İrana getmək istəyənlərin arasında qadınlar çoxluq təşkil edir, uşaqlar da gözə dəyir.

«Biz səyahətə getmirik, bazarlığa gedirik»

Sərhədyanı ərazidə «Səyahət sığortası» fəaliyyət göstərir. İrana getmək istəyənlərin hər birisi burda 3 manat verib sığorta olunmalıdır. Əks halda sərhəddən buraxmazlar. Bundan narazılıq edənlər də var. Deyirlər ki, biz səyahətə getmirik, bazarlığa gedirik.

Yerli mağazalarda da deyirlər ki, son aylar İran mallarına tələbat artıb. «İrandan mal gətirmək çətin olub. Risk eləmək olmur. Manat dəyərdən düşdükcə vəziyyət pisləşir. İran Astarasında əyləşən tacirlər ABŞ dollarına üstünlük verilər» - İran malları satan yerli mağazaların birində bunu deyirlər.

Buna da bax: ​İrana bazarlığa getmək daha sərf etmir

Sərhədyanı ərazidə «Səyahət sığortası»
Sərhədyanı ərazidə «Səyahət sığortası»

İranda manat neçəyədir?

Həmin şəxsin sözlərinə görə, İran Astarasında 100 ABŞ dolları 168-169 Azərbaycan manatına satılır. Azərbaycan Astarasında isə 100 dolları 164 manata xırdalayırlar. Hər gün, günorta saatlarında qiymətlər dəyişir: «Orda rus rublu da işləyir. Əvvəllər rus rublu ortada yox idi».

Keçid məntəqəsinin önündə yük və sərnişin daşıyan minik maşınların sürücüləri isə gəlirlərinin azlığından gileylənirlər. Onların sözlərinə görə, Astara-Bakı yolu bərbad olduğundan, maşınlar sıradan çıxır, təmirə daha çox pul gedir.

«Qiymətlər Azərbaycandan aşağıdır»

Astara rayonun Rüdəkənar kənd sakini Vüsal Əliyevin deməsinə görə, əvvəllər hər həftə İrana gedib. Bu yolla da ailəsini dolandırıb. İndi qayda dəyişir. Artıq, normadan çox getsələr rüsum ödəməli olurlar. Bu isə sərf etmir:» Qiymətlər Azərbaycandan aşağıdır. Kasıb adamlarıq, 5-6 manat qalır».

Sabiq gömrük işçisi Elman Hüseynovun deməsinə görə, gömrükdə problemlər qalır: «Yenə qayda noyabrın 1-dən qüvvəyə minir. Artıq, Azərbaycan vətəndaşı İrana, gətirdiyi mallara görə rüsum ödəmədən, ayda bir dəfə gedə bilər. Ayda bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs, şəxsi istifadə üçün 3 blok siqaret, 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarını ödənişlər etmədən gömrükdən keçirdə bilər. Çoxlu şərtlər var».

İran Azərbaycan vətəndaşlarına vizanı birtərəfli qaydada ləğv edib. İran vətəndaşları isə Azərbaycana gələrkən viza tələb olunur.

Buna da bax: Xeyli qida məhsuluna gömrük rüsumları artırılıb

Yeni qayda

Nazirlər Kabineti ölkəyə gətirilən toyuq əti, yumurta, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilərə yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib.

Sözügedən məhsulların 1 kiloqramına 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtasına görə də 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litrinə 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Bundan əvvəl bu məhsullara dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG