Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:31

İranın “yeni Khamenei”si Khomeini ola bilər


Hassan Khomeini
Hassan Khomeini

İrandan alınan bəzi xəbərlərə görə İran İslam İnqilabının banisi ayətullah Ruholla Khomeini-nin nəvəsi yaxın gələcəkdə ali rəhbər postunu tuta bilər

Reuters xəbər verir ki, ayətullah Hassan Khomeini-nin fevral ayında qüdrətli hakimiyyət strukturu Üləmalar Məclisinə üzv seçiləcəyi gözlənilir.

Onun ölkənin ali rəhbərini seçmək səlahiyyəti olan bu quruma üzvlüyünə, bəzi xəbərlərə görə ali rəhbər ayətullah Ali Khamenei-nin özü xeyir-dua verib.

O, ümumiyyətlə, Khomeini ailəsindən seçki prosesinə qoşulan ilk nümayəndə olacaq.

Bəzi şərhçilər deyirlər ki, Hassan Khomeini-nin Üləmalar Məclisinə seçilməsindən məqsəd, onun son nəticə etibarilə ölkənin ali rəhbəri postuna oturdulmasıdır.

Gələcəyə doğru keçmişlə

43 yaşlı Hassan Khomeini siyasi cəhətdən mötədil ruhanidir və islahatyönlü düşərgə ilə sıx bağlıdır.

Siyasi şərhçilər onun 88 mandatlı qüdrətli məclisə seçilmək üçün son dərəcə şanslı olduğunu bildirirlər.

Deyilənlərə görə Khomeini-ni ali rəhbərin özü dəstəkləyir
Deyilənlərə görə Khomeini-ni ali rəhbərin özü dəstəkləyir

Ruholla Khomei-nin iki oğlu vəfat edib və hazırda Hassan Khomeini inqilab rəhbərinin yeganə bioloji varisi sayılır.

Khomeini-yə yaxın mənbələrdən gələn məlumatlara görə, onun Üləmalar Məclisinə üzvlüyü ötən həftə keçirilən bir görüşdə ali rəhbər ayətullah Khamenei tərəfindən dəstəklənib.

Bəzi məlumatlara görə, bu görüşdə Khamenei xəbərdarlıq edib ki, Hassan Khomeini siyasətlərində ehtiyatlı olmalı, babasının reputasiyasına xələl gətirməməlidir.

Ali rəhbər Khamenei 76 yaşınadadır və bu səbəbdən də fevralda seçiləcək yeni Üləmalar Məclisinin ölkənin gələcəyində xüsusi rol oynayacağı düşünülür. Bu quruma seçkilər hər 10 ildən bir keçirilir.

Qadınların və musiqinin müdafiəçisi

Siyasi təhlilçilər deyirlər ki, Hassan Khomeini praqmatik və mərkəzçi prezident Hassan Rouhani ilə çox yaxın münasibətlərdədir.

Rouhani və onun qüdrətli müttəfiqi Akbar Hashemi Rafsanjani yeni Milli Məclisdə və Üləmalar Məclisində daha çox öz həmfikirlərini görməyi arzulayırlar. İranda Üləmalar Məclisinə və parlamentə seçkilər eyni gündə keçirilməlidir.

Tərəfdarları Hassan Khomeini-ni mütərəqqi düşüncəli ilahiyyatçı, qadın azadlıqlarının və musiqinin müdafiəçisi kimi təqdim edirlər.

Onlar Reuters agentliyinə bildiriblər ki, Khomeini sosial media və mətbuatı sıx izləyir.

Adının çəkilməsini istəməyən yaxın yoldaşlarından biri deyib ki, inqilab banisinin nəvəsi Qərb fəlsəfəsi ilə İslam fəlsəfəsi qədər dərindən maraqlanır.

Futbol ulduzu ola bilərdi

Keçən il Khomeini İran dövlət telekanalında populyar futbol proqramına qatılmış və ölkə premyer liqasını mükəmməl tanıdığını nümayiş etdirmişdi.

Mən yaxşı müdafiəçi idim və əgər futbolu davam etdirsəydim, nəyəsə nail ola bilərdim

Deyilənlərə görə o 21 yaşına qədər bacarıqlı futbol oyunçusu olub və bu məşğuliyyətini, babası onu İslam ilahiyyatını öyrənmək üçün Qum şəhərinə göndərəndə dayandırmalı olub.

"Mən yaxşı müdafiəçi idim və əgər futbolu davam etdirsəydim, nəyəsə nail ola bilərdim” – deyib Khomeini ötən həftə öz ofisində İranın futbol ulduzları ilə görüşündə.

Hassan Khomeini-nin dörd övladı var və oğlu Ahmad 200 min davamçısı ilə İranda İnstagram ulduzudur.

O internetə atasının fotolarını da yükləyir. Bunlardan bəzilərində Hasan Khomeini-ni keçmiş prezident, islahatyönlü Mohammad Khatami ilə birlikdə görmək olar, hərçənd Khatami axır vaxtlar ali rəhbərin gözündən düşüb. Bu onunla bağlıdır ki, Khatami 2009-cu ilin nümayişlərində etirazçıları müdafiə etmişdi.

Susqun mübariz

Hassan Khomeini özünün islahatpərəstlərə rəğbətini açıq büruzə verməsə də, 2010-cu ildə siyasi məhbuslar Alireza Beheshti və Mohammadreza Jalaeipour azad olunduqdan iki gün sonra onlara baş çəkmişdi.

Siyasi fəallardan biri Reuters-ə bildirib ki, Khomeini ailəsini islahatpərəstlərlə həm də bir neçə qohumluq əlaqələri birləşdirir.

Hassan Khomeini 2012-ci ildə islahatyönly tərəfdarlarının prezidentliyə namizədliyini vermək təklifini rədd etmişdi, lakin indi onun Üləmalar Məclisinə namizədliyini verməsi daha yüksək hakimiyyət təmənnasında olduğunu göstərir.

Adlarının çəkilməsini istəməyən siyasətçilər bildirirlər ki, Hassan Khomeini ilə hazırkı liderin oğlu Mojtaba Khamenei arasında əsl rəqabət gedir.

Onların hər ikisi ayətullah Khamenei-nin postunu tutmağa təmənnalı görünürlər.

Oğul Khamenei nəvə Khomeini-yə qarşı

40 yaşlarında olan Mojtaba Khamenei daha çox mühafizəkarlara və İnqilab Keşikçilərinə yaxınlığı ilə tanınır. Belə şayiələr də var ki, Mahmoud Ahmadinejad-ın ikinci müddətə prezident seçilməsinin arxasında məhz Mojtaba durub.

Khomeini-nin əsas rəqibi Mojtaba Khamenei
Khomeini-nin əsas rəqibi Mojtaba Khamenei

Reuters yazır ki, ölümündən 26 il sonra da ayətullah Khomeini-nin kəlamları İranda az qala “ikinci konstitusiya” kimi əziz tutulur. Khomeini barədə lətifə danışmaq belə adamı həbsxanaya gətirib çıxara bilər.

Bu mənada tərəfdarları da Hassan Khomeini-nin Ayətullahın siyasi irsini tənqid edəcəyini gözləmirlər, lakin onlar ümid edirlər ki, nəvə babasının unudulmuş mötədil tərəflərini canlandıra biləcək.

Məsələn, Hassan Khomeini 2008-ci ildə Şəhrvənd məcmuəsinə müsahibəsində demişdi: “İmam Khomeini-nin ideyalarına sadiq olanlar onun belə bir fətvasını da unutmamalıdırlar ki, hərbiyyə siyasətdən kənar durmalıdır”.

O vaxt onun bu sözləri İnqilab Keşikçiləri Korpusuna bilavasitə hücum kimi qiymətləndirilmişdi.

“Khomeini və Khomeini”

İran filosoflarından Yaser Mirdamadi deyib ki, Hassan babasının müasir və demokratik tərəfini qabartmaqla, onun qaranlıq və mürtəce xüsusiyyətləri barədə susmağa üstünlük verir.

“O göstərmək istəyir ki, əsl Khomeini bütün qrupların hüquqlarına hörmət göstərib və onun avtokratik tərəfi müvəqqəti zərurətdən doğub” – deyir filosof.

Mirdamadi inanır ki, mühafizəkarlar onun İmamı belə interpretasiya etməsinin əleyhinə çıxacaqlar.

Hassan Khomeini babası kimi radikal və inqilabçı deyil. Elə onun qüdrəti də bundadır

Khamenei-yə yaxınlığı ilə seçilən mürtəce “Keyhan” qəzeti ötən həftə yazırdı ki, Hassan Khomeini-nin Üləmalar Məclisinə namizədliyi “İmam Khomeini ailəsindən istifadə etməklə onun həqiqi ideyalarını təftiş etmək üçün pərdələnmiş taktikadır”.

Qəzet yazırdı ki, bu, “Khomeini-ni Khomeini-yə qarşı qoymaq cəhdidir”.

Buna baxmayaraq, bəzi yaxın tərəfdarları Khomeini ilə mühafizəkar düşərgə arasında qarşıdurma baş verəcəyini gözləmirlər.

"Hassan Khomeini babası kimi radikal və inqilabçı deyil. Elə onun qüdrəti də bundadır” – deyir tərəfdarları.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG