Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:28

İran ABŞ-dan “gileylidir”


Dövlət katibi John Kerry (sağda) İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə BMT-də görüşüb
Dövlət katibi John Kerry (sağda) İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə BMT-də görüşüb

Nüvə sazişini imzalamasına baxmayaraq İran hələ də dollardan istifadə edə bilmir

ABŞ dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif, ötən il Tehran və dünya gücləri arasında əldə olunmuş tarixi nüvə sazişinin “razılaşdırıldığı şəkildə icra olunması məsələlərini” müzakirə ediblər.

John Kerry BMT-nin iqamətgahında jurnalistlərə deyib ki, o və həmkarı sözü gedən sazişin, imzalanmış sənəddəkinə tam dəqiq uyğun şəkildə icra edilməsi istiqamətində birgə işləmək barədə razılığa gəliblər.

Dövlət katibi deyib ki, bu, sazişin verməli olduğu mənfəətlərin reallaşması üçün lazımdır.

Təcili məsələ

Bu görüşdə müzakirə edilmiş məsələnin təcililiyi həm də Kerry-nin bu bəyanatından bəlli olur: “Biz bir daha görüşəcəyik ki, bir növ bu gün haqqında danışdıqlarımızı qətiləşdirək”.

Dövlət katibi deyib ki, cənab Zarif-lə növbəti görüşü elə bu cümə gününə nəzərdə tutulub.

Onlar BMT-də Paris iqlim sazişinin imzalanması mərasıminın kuluarlarında görüşəcəklər.

Cənab Zarif deyib ki, görüşdən məqsəd İranın nüvə sazişindən əldə etməli olduğu faydaların gerçəkləşdirilməsi yollarının müzakirəsi olub.

Lakin nə Kerry, nə də Zarif dediklərinin mahiyyətini xırdalamayıblar.

ABŞ rəsmiləri bazar ertəsi bildirmişdilər ki, cənab Kerry Zarif-lə, üzərindəki sanksiyaların qaldırılmasına baxmayaraq, Tehranın hələ də dünya maliyyə sisteminə tam nüfuz edə bilməməsi məsələsini müzakirə etməliydilər.

2015-ci ilin iyul ayında imzalanmış nüvə sazişində Tehranın öz nüvə proqramını əhəmiyyətli dərəcədə məhdudlaşdırması müqabilində, İran üzərindəki ABŞ, Avropa İttifaqı və BMT sanksiyalarının yüngülləşdirilməsi və qaldırılması nəzərdə tutulur.

Obama İran üçün yol axtarır

Tehran Birləşmiş Ştatlara müraciət edərək onu öz bank sistemində İrana qarşı məhdudiyyətlərin ləğvi üçün daha çox iş görməyə çağırıb.

İran tərəfi bildirib ki, hazırkı vəziyyətdə xarici investorlar cərimələrdən qorxaraq Tehranla iş birliyində ehtiyatlılıq nümayiş etdirirlər.

ABŞ-ın mövcud xarici siyasəti ABŞ banklarına İranın dollar əsaslı maliyyə əməliyyatlarını həyata keçirməyi qadağan edir.

Lakin Ağ Ev rəsmiləri deyirlər ki, Obama administrasiyası qeyri-ABŞ banklarının İranla əlaqələrdə dollardan istifadəsinə şərait yaratmağa çalışır.

Dövlət Departamentinin sözçüsü John Kirby bundan əvvəl bəyan etmişdi ki, Kerry, həmçinin Suriya hökumətinin vətəndaş münaqişəsini dayandırması üçün İranın ona təsir etməsi məqsədilə Zarif-ə təzyiq göstərəcək.

Lakin Reuters agentlyi xəbər verir ki, görüşdən sonra nə Kerry, nə də Zarid Suriya məsələsindən danışmayıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG