Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:25

««Boeing» sövdələşməsi göstərdi ki, İranla biznes mümkündür»


Tehranın Mehrabad hava limanında «Boeing 747»
Tehranın Mehrabad hava limanında «Boeing 747»

-

İranın «Boeing» şirkəti ilə razılaşması nüvə layihəsi ucbatından sanksiyalarla üzləşmiş Tehranın artıq biznes əlaqələrinə açıq olmasını nümayiş etdirir.

Bunu ABŞ rəsmiləri deyirlər.

Dövlət Departamentinin Yaxın Şərq bürosunun rəsmisi Leslie Tsou-nun AzadlıqRadiosunun erməni xidmətinə deməsinə görə, bu həftə «Boeing»lə bağlanan müqavilənin elanı göstərdi ki, ABŞ sanksiyalarının qüvvədə qalması ilə bağlı narahatlığa əsası yoxdur. İranla biznes qurmaq mümkündür.

Ötən il İranın nüvə proqramının dayandırılması ilə bağlı dünya gücləri ilə əldə edilən razılaşmadan sonra İran iqtisadiyyatının üzünə bağlanmış qapılar açılıb. Hərçənd, Vaşinqton Tehranı terrorizmi dəstəklədiyi, insan haqları pozuntularına yol verdiyi üçün ittiham edir və buna görə də bəzi əsas sanksiyaları qüvvədə saxlayır.

«BİLİRİK Kİ, SANKSİYALAR VƏZİYYƏTİ MÜRƏKKƏBLƏŞDİRİR»

Leslie Tsou Yerevanda AzadlıqRadiosunun erməni xidmətinin rəhbəri Harry Tamrazian-a deyib ki, onlar bu sanksiyaların narahatlıq yaratdığını bilirlər: «Biz bilirik ki, sanksiyalarımız vəziyyəti mürəkkəbləşdirir və fikrimcə, bir çox kompaniya və işadamı bundan narahatdır. Ancaq bu sövdələşmə göstərdi ki, İranla biznes əlaqələri hətta ABŞ şirkəti ilə də mümkündür», - xanım Tsou əlavə edir.

«BOEING» HÖKUMƏTLƏ MƏSLƏHƏTLƏŞİR

İran aviasiya şirkətinin «Boeing»lə ilkin razılaşması 25 milyard dollar civarında təxmin edilir. «Boeing» deyir ki, İran aviaşirkəti ilə istənilən müqavilə ABŞ hökumətinin bəyənməsindən asılı olacaq.

Leslie Tsou
Leslie Tsou

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, «Boeing» şirkəti ABŞ hökuməti ilə mütəmadi məsləhətləşir və bu, belə də davam edəcək.

«HEÇ BİR DÜŞMƏN ƏBƏDİ DÜŞMƏN KİMİ QALMAQ İSTƏMƏZ»

Xanım Tsou bildirir ki, 2015-ci ilin iyulunda nüvə layihəsi ilə bağlı razılaşmadan sonra yanvarda sanksiyaların qaldırılmasına başlanılıb. «Biz hələ də İranla münasibətlərimizi müxtəlif yollarla dəyişmə prosesindəyik», - o əlavə edib.

«Bizim həqiqətən də 1979-cu ildən bəri İranla əlaqələrimiz olmayıb», - Tsou deyir: «Bilirsiniz, düşmənlər də istəməz ki, əbədi düşmən olaraq qalsınlar. Yəqin ki, İranda da kimsə bunu, yəni düşmən kimi qalmağı istəməz».

Tehran və Qərb arasında nüvə sazişindən sonra gərginliyin azalmasına baxmayaraq, xanım Tsou deyir ki, ABŞ-a səyahət etmək istəyən iranlılar üçün viza məhdudiyyətini aradan qaldırmaq asan deyil. «Bu, həqiqətdir ki, bir çox iranlı ABŞ-a gəlmək üçün viza ala bilirlər. Bəzi vaxtlar bu, çox vaxt aparır, ancaq onlar oxumaq, turizm, ailəyə baş çəkmək kimi səbəblərlə ABŞ-a gələ bilirlər», - xanım Tsou deyir.

Onun sözlərinə görə, Vaşinqton İranda insan haqları ilə bağlı vəziyyətin dəyişmədiyini görür və bundan narahatdır: «ABŞ İran vətəndaşları ilə savaşmır və amerikalılar iranlılara qarşı dostyana münasibət bəsləyir. Biz hökumətin azlıqları, qadınları incitməsindən narahatıq», - Dövlət Departamenti rəsmisi müsahibəsində vurğulayır.

«Ümid edirik ki, bu sahədə inkişaf əldə ediləcək və biz insan hüquqları səbəbindən qoyulan sanksiyaları götürəcəyik», - xanım Tsou sözlərinə əlavə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG