Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 02:17

-

İnsan haqları üzrə vəkil İntiqam Əliyev üç aydır ki, həbsdən buraxılıb, amma rəhbərlik etdiyi təşkilatın – Hüquq Maarifçiliyi Cəmiyyətinin yerləşdiyi ofisin qapısı hələ də möhürlüdür. Ofis 2014-cü ilin avqustunda – o, həbs olunarkən möhürlənmişdi.

İntiqam Əliyev AzadlıqRadiosuna bildirib ki, ofisi bağlı saxlamaqla yanaşı, oradan götürülmüş sənədləri, avadanlıqları da bu günə qədər qaytarmayıblar. Həm özünün, həm də təşkilatının bank hesabları hələ də həbs altındadır.

Hüquq müdafiəçisi deyir ki, qapısı üç ildir bağlı qalan ofisin ona, barəsindəki cinayət işinə heç bir aidiyyəti yoxdur, eləcə də oradan götürülən sənədlərin. Götürülənlərin cinayət işində sübut əhəmiyyəti olmadığı məhkəmə qərarlarında da öz əksini tapıb.

QANUNSUZLUQLAR ÜZƏRİNDƏ SİYASƏT

«Azadlığım şərtidir, bütün hallarda şərtidir. Faktiki olaraq, məni həbsdən buraxıblar, amma bütün bu məhdudiyyətlər, o cümlədən ölkədən çıxışıma qadağa qalır. Normal vəkillik fəaliyyəti ilə məşğul ola bilmirəm. Mənim və təşkilatın bütün sənədlərini, o cümlədən vergi, maliyyə sənədlərini prokurorluq götürüb, hələ də qaytarmır. Onların arasında ölkə daxilində və Avropa Məhkəməsində apardığım çoxlu sayda işlərlə bağlı sənədlər də var ki, onları da mən həbs olunarkən prokurorluq götürmüşdü və hələ də qaytarmır», – İntiqam Əliyev bildirib.

Ofisin bağlı qalması, axtarış zamanı oradan, eləcə də İntiqam Əliyevin özünün, yaxınlarının evindən götürülmüş sənədlərin, texniki avadanlıqların qaytarılmaması ilə əlaqədar ofisin sahibi, hüquq müdafiəçisinin yaxınları tərəfindən məhkəmədə iddia qaldırılmışdı. Həmin iddia ölkədaxili məhkəmələrdə təmin olunmayıb və bununla əlaqədar bir müddət əvvəl Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib:

«Ofisin bağlı qalması üçün elə bir ciddi əsas yoxdur. Əvvəlcə dedilər ki, «istintaq gedir, aça bilmərik». Məhkəmə dövründə dedilər ki, «hazırkı mərhələdə açılması məqsədəuyğun deyil». İndi də ümumiyyətlə, cavab vermirlər. Ofisin açılmaması, sənədlərin prokurorluqda saxlanması qanunsuzdur. Bu məsələlər bir sıra beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Amma bu ölkədə qanunsuzluqlar üzərində qurulmuş siyasət yürüdülür. Ona görə də təəccüblü bir şey yoxdur».

«HÖKUMƏTİN QARŞISINDA ÖHDƏLİYİM YOXDUR»

İntiqam Əliyev onu da qeyd edir ki, bu cür məhdudiyyətlər onu insan haqlarının müdafiəsi ilə bağlı gördüyü işlərdən çəkindirə bilməz: «Bütün bunlar ona köklənib ki, biz normal fəaliyyət göstərə, öz işimizi davam etdirə bilməyək. Bütün bunlar həm də bizi qorxu altında saxlamaq məqsədi güdür. Amma təbii ki, yanılırlar. Mən hələ məhkəmə prosesləri gedəndə bildirmişdim ki, bəli, hakimiyyətin cinayət saydığı bu əməlləri eləmişəm, onları həbsxanada da davam etdirəcəyəm, buraxsalar, ondan sonra da. Hökumətin qarşısında heç bir öhdəliyim yoxdur ki, mən bu işləri görməyəcəyəm».

QHT-lər və onların rəhbərlərinə qarşı məhdudiyyətlər (bank hesablarının dondurulması, ölkədən çıxışa qadağa və s.) Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında qoyulub. QHT-lərlə bağlı cinayət işinin istintaqı da bu qurumda aparılırdı.

Prokurorluq bir sıra təşkilat rəhbərlərinə qarşı qadağaların hələ də aradan qaldırılmamasının səbəblərinə aydınlıq gətirməkdən imtina edib.

Martın 28-də İntiqam Əliyevin həbsi 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılıb. O, 2014-cü il avqustun 8-də həbs olunmuş, qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG