Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

İntiqam Əliyev beynəlxalq mükafata layiq görülüb


Hüquq müdafiəçisi və keçmiş məhbus İntiqam Əliyev daha bir beynəlxalq mükafata layiq görülüb.

Bu barədə onun oğlu, ictimai fəal Nəcmin Kamil xəbər verib.

Söhbət «PILnet» təşkilatının «Publico» adlı mükafatından gedir. Həmin mükafat ictimai maraqların müdafiəsinə görə verilir.

Mükafat noyabrın 17-də Niderlandda 300-dən çox vəkilin, hakimin, QHT və hüquq-müdafiə təşkilatlarının rəhbərlərinin iştirak etdiyi «European Pro Bono Forum» tədbirində təqdim edilib.

İntiqam Əliyevin ölkədən çıxışına qadağa qoyulduğundan, bu mükafat mərasimdə iştirak edən oğluna təqdim olunub.

«PILnet» ictimai maraqların müdafiəsi sahəsində işləyən təşkilatlar şəbəkəsidir. Mükafat bu yaxınlarda təsis edilib və onun ilk laureatı İntiqam Əliyev olub.

İ.Əliyev bundan əvvəl də hüquq-müdafiə sahəsində xidmətlərinə görə oxşar mükafat alıb. O, bu ilin fevralında hələ həbsdə olarkən Avropa Vəkillər Birliyinin (CCBE) ali insan haqları mükafatına layiq görülmüşdü. Onda da mükafatı onun əvəzində oğlu almışdı.

İ.Əliyev 2014-cü il avqustun 8-də həbs olunmuşdu. Hüquq müdafiəçisi 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlamışdı.

Amma 2016-cı ilin martında baş prokuror Zakir Qaralov əlavə kassasiya qaydasında protest vermiş və onun əsasında Ali Məhkəmənin Plenumu işə yenidən baxaraq, martın 28-də İ.Əliyevin 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar vermişdi.

İ.Əliyev bu ilin iyununda Avropa Şurasının Strasburqda təşkil etdiyi beynəlxalq konfransa dəvət almışdı. Avropa Şurası rəhbərliyinin Azərbaycan hökumətinə müraciətindən sonra Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisinin 10 gün müddətinə ölkədən çıxışına icazə verilmişdi.

Həmin tədbirdən sonra İ.Əliyev ölkədən kənara buraxılmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG