Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:58

İntihara cəhd göstərən: 'Çevik polisi əraziyə tökdülər, 20 nəfər olardı...'


İntihara cəhd göstərmiş Qarabağ əlili Rövşən Qafarov
İntihara cəhd göstərmiş Qarabağ əlili Rövşən Qafarov

“Çevik polisi əraziyə tökdülər, 20 nəfər olardı. Özləri də ərazini hasarlamaq istəyirdilər. Mənim başqa çıxış yolum var? Hansını yıxım yerə? Elə onlara da o lazımdır ki, mən əl qaldırım, başqa maddəylə həbs etsinlər. Onu da bacarmadılar”.

Oktyabrın 5-də intihara cəhd göstərdiyinə görə, Qarabağ əlili Rövşən Qafarova 200 manat cərimə kəsilib. Bu barədə AzadlıqRadiosu-na onun özü məlumat verib.

Bakının Günəşli qəsəbəsində yaşayan Rövşən Qafarov və qonşuları bu ərazidəki parkda ağacların kəsilməsinə və yerində bina tikilməsinə etiraz ediblər. Ancaq əraziyə polisin gətirildiyini görən Qarabağ əlili, dediyinə görə, özünü yandırmağı çıxış yolu sayıb. Polis buna imkan verməyib və daha sonra onu polis bölməsinə aparıblar. Rövşən Qafarov olub-bitənləri AzadlıqRadiosu-na danışıb:

“İntihara cəhdə görə 200 manat cərimə edildim. Üstümə benzin töküb yandırmaq istədiyim üçün... Bayaqdan tanımadığım şəxslər yaxınlaşır, üzr istəyirəm, elçilik edirlər. Mənə pul təklif edirlər, iş təklif edirlər. İndi də məni Suraxanı rayon prokurorunun qəbuluna aparırlar”.

Buna da bax:​ Köçkün özünü yandırmaq istəyib

– Siz ərazidəki parkın qırılmasına etiraz edirsiniz, eləmi?

– Parkdakı ağacları kəsiblər. Sənədləri də indiyədək gizlədirdilər. İndi sənədləri üzə çıxarıb, ərazini əhatəyə alaraq, yerdə qalan ağacları kəsmək istəyirlər. Biz bununla bağlı prezidentin özünə müraciət etmişik. Axırıncı müraciətimiz də birinci xanıma olub. Ondan da icra hakimiyyətinə cavab gəldi ki, bu barədə üç gün ərzində məlumat verilsin.

– “Biz” deyərkən, kimi nəzərdə tutursunuz?

– Müraciət edənləri. Bizim binadan və qıraq binalardan 60 ailə müraciət edib. Burda abadlaşdırma işlərinin aparılmasına dair bizə cavab da veriblər. İcra Hakimiyyəti gətirib bizə ağac da verib əkdirib. İndi həmin ağaclar da gedir... Ərazidə nəsə ölçür-biçir, geoloji kəşfiyyat aparmaq istəyirlər. Bu günədək ortaya sənəd çıxmamışdı. İndi ortaya sənəd də çıxıb. Polis işə qarışandan sonra...

Buna da bax:​ Ağacların kəsilməsinə etiraz edənlər yolu kəsdi

– Bu ərazidə hansı şirkət tikinti aparmaq istəyir?

– “Abşeron” MTK.

– Ərazidə tikinti aparılması ilə bağlı sənədi öz gözünüzlə görmüsünüz?

– Bəli. Mayın 5-də Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi sərəncamdır, 183 saylı.

– Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya deyiblər ki, bu günlərdə həmin ərazidə ağac kəsilməsi faktı qeydə alınmayıb: «Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən aparılan araşdırma zamanı ağacları bir şəxsin kəsdiyi müəyyən olunub. Həmin şəxs inzibati qaydada 2 min 200 manat cərimə edilib»...

– Bir nəfər deyil. 18 ağacın qırılmasını bir nəfərin boynuna yıxıblar, fiziki şəxs kimi cərimələyiblər. Amma bunu edən hüquqi şəxsdir. İndi əllərində sənədlə ortaya çıxıblar. Sənəd məndədir.

Buna da bax:​ Əhmədlidə ağacları elə kəsirlər, izi qalmır...

– O sənədlərlə tanış edə bilərsiniz?

– İndi təhqiqatçı məni prokurorun yanına aparır. Burdan çıxım, onları sizə çatdıracağam.

– Parkda tikinti aparılmasın deyə, prezident və xanımından başqa daha kimə müraciət etmisiniz?

– Dəfələrlə müraciət etmişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi buranı nəzarətə götürüb və bu ərazini abadlaşdırmaq üçün icra hakimiyyətinə müraciət edib. Biz çiy iş görmürük, axı. Bütün sənədlər məndədir. Sabah bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində iclas olmalıdır.

– İntihar təşəbbüsü hardan ağlınıza gəldi?

– Çevik polisi əraziyə tökdülər, 20 nəfər olardı. Özləri də ərazini hasarlamaq istəyirdilər. Mənim başqa çıxış yolum var? Hansını yıxım yerə? Elə onlara da o lazımdır ki, mən əl qaldırım, başqa maddəylə həbs etsinlər. Onu da bacarmadılar.

P.S. Rövşən Qafarovdan aldığımız məlumata görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG