Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:35

Dövlət Statistika Komitəsi (DSK) ölkədə internetdən istifadənin kəmiyyət göstəricilərini açıqlayıb. Məlumata görə, ötən il hər min (1000) ailədən 767-sinin internetə çıxış imkanı olub. 2014-cü ildə belə imkanlardan 752 ailə yararlanırmış.

AİF PREZİDENTİ DEYİR Kİ...

Azərbaycan İnternet Forumunun (AİF-in) prezidenti Osman Gündüz AzadlıqRadiosuna deyir ki, əslində, statistika qurumu internet istifadəçilərinin sayını az göstərir, smartfonlar vasitəsilə internetə qoşulanları da nəzərə alsaq, bu, bəlkə də 100 faiz edər. Amma heç bu da öyünməli nəticə deyil, çünki çağdaş dünyada internetə çıxış imkanı, çoxdandır ki, ölkənin vacib inkişaf göstəricisi sayılmır:

«Əhalinin keyfiyyətli internetlə təminatı hədəf götürülməlidir. Yəni, sabit şəbəkədən genişzolaqlı sürətli internetə, eləcə də 3G və 4G texnologiyalı mobil genişzolaqlı internetə çıxışın yaradılması və fiberoptik kanalların artırılması telekommunikasiyanın öncəliyinə çevrilməlidir».

AVROPADAN DƏFƏLƏRLƏ BAHA?

O.Gündüz Azərbaycanda internet qiymətinin bahalığına da diqqət çəkir: «Bu məsələdə dövlətə məxsus provayderlərin tariflərinə baxmaq yetərlidir. «Bakı Telefon Rabitəsi» İB-yə məxsus «Bakinternet» şirkəti 1024-10240 Kbit/saniyə internet paketlərini aylıq 10 manatdan 80 manatadək (http://www.bakinter.net/packages/) tariflə satır. Bu, Avropadakı qiymətlərdən dəfələrlə bahadır».

Statistika qurumu isə deyir ki, son 3 ildə Azərbaycanda ayboyu 20 saatlıq internetdən istifadəyə görə ödəniş dəyişməyərək, 1 manat 30 qəpik olub.

DSK-NIN MƏLUMATINA GÖRƏ...

Ötən il ADSL və HDSL abunəçilərinin sayı 37 min 600 nəfər artaraq 514 min 700 nəfərə, NGN şəbəkəsi abonentlərin sayı isə 552 min 700 nəfərdən 600 min 300 nəfərə çatıb.

Ötən il internet xidməti göstərən şirkətlərin sayı 40-dan 35-ə düşüb. Belə şirkətlərin gəliri isə son bir ildə 11.1 milyon manat çoxalıb və 122 milyon manata çatıb. Bunun 47.4 milyon manatını əhali ödəyib. 2015-ci ildə əhalinin internetə çəkdiyi xərc 1 milyon manat olub və 2010-cu illə müqayisədə 2 dəfə artıb.

XS
SM
MD
LG