Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

İnternetdə azadlıq getdikcə daha çox məhdudlaşmaqdadır. «Freedom House» beynəlxalq insan haqları təşkilatının internetdə azadlıqla bağlı builki hesabatında belə deyilir. Təşkilatın araşdırması üzə çıxarıb ki, indi dünyanın daha çox ölkəsində sosial media və kommunikasiya tətbiqetmələrinə (applikasiyalarına) hücumlar həmişəkiylə müqayisədə xeyli artıb.

«Facebook» və «Twitter» kimi sosial platformaların əvvəlki illərdə də senzurayla üzləşdiyi bəlli idi. İndi isə «WhatsApp» və «Telegram» kimi tətbiqetmələr də hökumətlərin hədəfinə tuş gəlir.

57 BAL

«Bu xidmətlər informasiyanın daha sürətlə yayılmasına, istifadəçilərin bir-biriylə tez və təhlükəsiz bağlantısına imkan verir, hakimiyyətin informasiya axınına nəzarətini çətinləşdirir və beləliklə, hökumətə təhlükəyə çevrilir». «Freedom House» təşkilatının internetdə azadlıq məsələləri üzrə direktoru Sanja Kelly belə deyib.

Qurum internet istifadəçilərinin 88%-ni əhatə edən 65 ölkəyə qiymət verib.

100 ballıq qiymətləndirmədə Azərbaycan 57 balla «qismən azad» ölkələrin siyahısına düşüb. Keçən il Azərbaycanın qiyməti nisbətən yaxşı idi – 56 bal almışdı. Digər Qafqaz ölkələri – Gürcüstan (25 bal) və Ermənistan (30 bal) interneti azad olan ölkələrin sırasındadırlar. Azərbaycanın o biri qonşuları – Türkiyə (61 bal), Rusiya (65 bal) və İran (87 bal) interneti azad olmayan ölkələrdir.

«Freedom House» indi internet istifadəçilərinin 2/3-nin, yəni dünya istifadəçilərinin 67%-nin interneti senzuraya məruz qalan ölkələrdə yaşadığını bildirir. 24 ölkədə hökumət sosial media və rabitə xidmətlərinə girişə məhdudiyyət qoyub, keçən il belə ölkələrin sayı 15 idi.

İNTERNET FƏALİYYƏTİNƏ GÖRƏ TUTULANLAR VAR

Müəlliflər avtoritar rejimlərin, özəlliklə, siyasi etirazların gücləndiyi vaxtlarda internetə məhdudiyyətləri artırdığını qeyd edirlər.

Bundan başqa, sosial mediada paylaşdığı fikirlərə, mesajların məzmununa görə istifadəçilərin həbsi halları artıb, bəziləri hətta «Facebook»da paylaşılan hansısa fikri bəyəndiyinə görə tutulublar. «Freedom House» belə həbslərin 2013-cü illə müqayisədə 50% artdığını bildirir. Ümumiyyətlə, istifadəçilərin 60%-i internet fəaliyyətinə görə tutulan, 49%-i yazdıqları ucbatından hücuma məruz qalan, hətta öldürülənlərin olduğu ölkələrdə yaşayır.

«İnternet istifadəçilərinin cəzalanması digərlərinə də təsir göstərir, onların daha ehtiyatla davranmasına, sosial mediada müzakirə olunan mövzulara toxunmağa meyllənməməsinə səbəb olur», - Sanja Kelly deyib.

BİLGİLƏRİ ŞİFRƏLƏYƏNLƏR DƏ TƏZYİQLƏ ÜZLƏŞİR

Bəzi xidmətlər şəxsi bilgiləri şifrələmə imkanlarına görə təzyiqlə üzləşirlər. Şəxsi məlumatlara girişi olmayan hökumətlər bu bilgiləri zorla əldə etməkdən ötrü getdikcə daha çox məhdudiyyətlərə əl atır, hətta qanunlara dəyişikliklər edirlər. Məsələn, Çində hökumət «Telegram»ın hüquq müdafiəçiləri arasında populyar olduğunu biləndən sonra bu xidməti bloklayıb.

«Freedom House» 14 ölkədə şəxsi bilgilərin təhlükəsizliyinə və söz azadlığına mənfi təsir göstərəcək siyasət həyata keçirildiyini, xüsusi qanunlar qəbul edildiyini yazır.

Sanja Kelly bildirir ki, sosial media və onlayn rabitəyə nəzarətin artması bu xidmətlərin siyasi azadlıq və ictimai ədalət üçün nə qədər önəmli olduğunu göstərir. «Dünyanın hər yerində vətəndaşlar səslərini yüksəltmək, öz haqları uğrunda mübarizə aparmaq və məsuliyyət tələb etməkdən ötrü zəruri alət kimi internetdən yararlanırlar», - «Freedom House»un hesabatında belə deyilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG