Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:19

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Philippe Dam Avropa xarici işlər komissarı Federica Mogherini-ni kəskin tənqid edib.

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Philippe Dam Avropa xarici işlər komissarı Federica Mogherini-ni kəskin tənqid edib.

Philippe Dam, Federica Mogherini-nin fevral ayında Bakıya səfəri ərəfəsində onu Azərbaycan hakimiyyəti və prezident Əliyevlə görüşlərində insan haqları və siyasi məhbuslar məsələlərini qaldırmağa çağırmışdı.

Onun bu barədə açıq məktubunda deyilirdi ki, Human Rights Watch təşkilatından başqa daha 5 qurum komissara belə bir rica ilə müraciət edib.

Lakin indi, bu səfərdən sonra Philippe Dam insan haqlarını dəstəkləyənlərin bu səfərdən məyus olduqlarını yazır.

“Normal fərq” nədir?

Cənab Dam Euobserver saytında yazır ki, neft qiymətlərinin düşməsi ilə bağlı qarşılaşdığı iqtisadi çətinliklərlə əlaqədar Azərbaycan hakimiyyəti indi Avropa ilə daha sıx bağlara can atır və Mogherini bu məqamdan fürsətlənməli idi.

“Lakin özünün paytaxt Bakıya ikigünlük səfəri ərzində Mogherini yalnız bir-iki yayğın şərh dilə gətirərək belə bir güclü təsəvvür yaradıb ki, Avropada vətəndaş haqları üzərinə ən ağır hücumlardan biri Avropa İttifaqı üçün prioritet məsələ deyildir” – yazır Dam.

Mogherini yalnız bir-iki yayğın şərh dilə gətirərək belə bir güclü təsəvvür yaradıb ki, Avropada vətəndaş haqları üzərinə ən ağır hücumlardan biri Avropa İttifaqı üçün prioritet məsələ deyildir

Dam yazır ki, bundan başqa Mogherini İlham Əliyevlə görüşündə hazırda həbsxanalarda olan bir neçə fərdlə bağlı “söz saldığını” iddia edib.

Lakin bundan bir gün əvvəl, Mogherini artıq bildirmişdi ki, “bizim aramızda bəzi sahələrdə fikir ayrılıqları qalmaqda davam edəcək və əgər fərqlər “normaldırsa”, biz yadda saxlamalıyıq ki, bizim ortaq maraqlarımız fikir ayrılıqlarımızı üstələməlidir”.

Philippe Dam yazır ki, indi ən böyük təhlükə Azərbaycan rəhbərliyinin Mogherini-nin səfərindən çıxaracağı nəticədir.

Human Rights Watch nümayəndəsi bu qənaətdədir ki, Avropa komissarının səfəri hazırda həbsxanada olan Rəsul Cəfərovun, Xədicə İsmayılovanın, İlqar Məmmədovun, Tofiq Yaqublunun və qondarma ittihamlarla məhkum edilmiş başqa insan haqları və siyasi fəalların vəziyyətinə heç də müsbət təsir göstərməyəcək.

Şəxsi gap

Philippe Dam Avropa İttifaqının son aylarda Azərbaycan hakimiyyətinə münasibətdə mülayimliyindən təəccüblənir və yada salır ki, hələ ötən dekabrda Avropa Şurasının baş katibi Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməkdən imtina etməsi ilə bağlı çox ciddi məsələ qaldırmışdı.

Mogherini-nin səfəri ilə Azərbaycana başqa bir mesaj verilib: “onlarca hökumət tənqidçisi, insan haqları fəallarının siyasi motivlərlə məhbus edilməsi və hökumətin ifadə azadlığına açıq hörmətsizliyi sadəcə olaraq “normal fikir ayrılığıdır"

Avropa Parlamentinin sentyabr ayında qəbul edilmiş qətnaməsində deyilirdi ki, “Azərbaycan insan haqlarının yaxşılaşdırılması sahəsində konkret addımlar atanadək onunla Strateji Partnyorluq Sazişinin müzakirəsi təxirə salınmalıdır”.

Cənab Dam-in fikrincə, gözləmək olardı ki, Avropa İttifaqının baş diplomatı bu xətti davam etdirəcək.

Dam sual edir ki, “insan haqlarının Avropanın xarici siyasətinin mərkəzində olduğu onun sənədlərində açıq şəkildə yazılmışdırsa, Mogherini bunları qulaqardına vurmaq üçün başqa hansı mandatdan çıxış etmişdir?”

Philippe Dam yazır ki, Mogherini-nin səfəri ilə Azərbaycana başqa bir mesaj verilib: “onlarca hökumət tənqidçisi, insan haqları fəallarının siyasi motivlərlə məhbus edilməsi və hökumətin ifadə azadlığına açıq hörmətsizliyi sadəcə olaraq “normal fikir ayrılığıdır”.

Cənab Dam məktubunun sonunda yazır: “Avropa İttifaqının Bakıdakı diplomatları bundan sonra ədalətsiz olaraq həbsxanalara atılmışfəallara və onların ailələrinə izah etməli olacaqlar ki, Avropanın əlindən gələn - elə Mogherini-nin Əliyevlə şəxsi “gapı” və onun özünün şablon şərhləridir”.

Şərhləri göstər

XS
SM
MD
LG