Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:42

►ABŞ Dövlət Departamentinin hesabatında deyilən bu fikrə Mehriban Zeynalova haqq qazandırır

“İnsan alveri qurbanları cinayət axtarışına kömək göstərməyə məcbur edilir və bundan imtina etdikdə, onlara Bakıdakı itkinlər üçün sığınacaqda qalmaq icazəsi verilmir”.

ABŞ Dövlət Departamentinin insan alveri mövzusunda hazırlanmış illik hesabatında Azərbaycanla bağlı hissədə belə deyilir.

“BÜTÜN DÜNYADA BELƏDİR”

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə iddia edir ki, bu təcrübədən tək Azərbaycanda deyil, bütün dünyada istifadə edilir:

“Bütün dünyada belədir. Əməkdaşlıq etməyən şəxslər dövlət proqramından və ya sığınacaqdan bəhrələnə bilmirlər. Amma bu o demək deyil ki, onlar yardımsız qalırlar. Belə adamlar QHT-lərin (onlarla insan alverinə qarşı mübarizə koordinatoru əməkdaşlıq memorandum imzalayıb) yardımından, xidmətindən istifadə edir. Eyni şey beynəlxalq arenada baş verir. Həmin şəxslər – qurbanlar polisə dəstək vermirsə, şahidlik etmirsə, minimal paketlərdən yararlanırlar, onlara həmin müddətdə sığınacaqda yaşamaq hüququ verilmir, miqrasiya problemləri həll olunmur. Bizdə də belədir, amma bizimkini başqa şəkildə təqdim edirlər”.

NAZİRLİK MALİYYƏ VERMƏKDƏN İMTİNA EDİR

Hesabatda QHT-lərə maliyyə yardımı edilməməsi də vurğulanır. Mehriban Zeynalova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışıqlar getsə də, qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərilməsi yönündə əldə edilən razılaşmanın hələ də reallaşmadığını söyləyir.

“AZƏRBAYCAN BİRİNCİ QRUPDA DA OLA BİLƏRDİ”

Ümumilikdəsə, Mehriban Zeynalova hesabatın “səthi” hazırlandığını düşünür və üstəlik, sözügedən sənəddə hökumətlə bağlı “ciddi qüsurlar” olmadığından Azərbaycanın ikinci yox, Gürcüstan kimi birinci qrupa salınmasını mümkün sayır. O, hesabatda qruplaşma aparılarkən “siyasi yanaşma”nın aparıcı rol oynadığını düşünür.

____________________________________________________________

Bunlara da bax:
Britaniyanın ardınca Zeman da referendum istəyir
Əfv gözlənilir

____________________________________________________________

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov da hesab edir ki, 5-10 il əvvəllə müqayisədə hökumət bu sahədə mübarizəni “təkmilləşdirilib”: “Qaynar xətt yaradılıb, sığınacaqlar var, qurbanlara yardım fondu yaradılıb, vətəndaş cəmiyyəti fəallaşıb, koalisiyalar yaradılıb və s.”

Amma hesabatda deyilənlər və həmsöhbətlərimizin az sonra toxunacağı problemlər göstərir ki, bəzi məsələlər hələ də həll edilməmiş qalır. Məsələn, hesabatda deyilir ki, Azərbaycan məcburi əməyə və seks trefikinqinə cəlb olunan kişi, qadın və uşaqlar üçün mənbə, tranzit və mənzil rolunu oynayır. Azərbaycanlı kişilər və oğlanlar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və elə Azərbaycanın özündə məcburi əməyə cəlb olunurlar. Azərbaycandan olan qadınlar və uşaqlar ölkənin özündə, habelə Türkiyə, Rusiya, BƏƏ-də seks trefikinqinə məruz qalırlar.

Mehriban Zeynalova gizlətmir ki, Azərbaycan bir neçə ildir “mənbə ölkə”dir və qurbanlar Azərbaycandan aldadılaraq başqa ölkələrə aparılır. Ancaq Azərbaycanın “tranzit ölkə” olmasına əmin deyil, buna sübut olmadığını söyləyir. O ki qaldı, Azərbaycanın adının “mənzil ölkə” kimi hallanmasına, bununla razılaşır və hazırda hökumət sığınacağında 15-dək məcburi əmək qurbanları yerləşdirildiyini deyir.

İLLƏRDİR DƏYİŞMƏYƏN FAKT

“Bəli, faktlar var ki, bəzi insanlar əməyin istismarı məqsədi ilə Azərbaycana gətirilib. Hazırda İnsan Alverinə qarşı Mübarizə İdarəsində Rusiya vətəndaşları olan zərərçəkmişlərlə bağlı iş aparılır. Rusiya, Türkiyə, BƏƏ vətəndaşları Azərbaycanda məcburi əməyə cəlb olunublar. Kişilərin istismarı haqda deyilənlərə gəlincə, azərbaycanlı kişilər daha çox Rusiyada işləyir, amma BƏƏ-də kişilərin əməyinin istismarı haqda məndə məlumat yoxdur. Qadınların bu ölkədə cinsi istismara məruz qalması illərdir faktdır”, - Zeynalova söyləyir.

“KİŞİLƏRİN İSTİSMARI KÖLGƏDƏ QALIRDI”

Azər Allahverənov son zamanlar “problemin görünməyən tərəfinə - kişilərin istismara məruz qalmasına diqqət yönəldiyini” vurğulayır: “Əvvəllər Azərbaycanda daha çox qadınların əmək və cinsi istismarı önə çəkilirdi. Amma indi artıq kişi qurbanlara diqqət yetirilir. Bu da hökumətin problemin bütün aspektlərinə nəzarətini göstərir. Deyə bilərəm ki, bu rəqəmlər azalmağa doğru gedir. Bu, hesabatda da əksini tapıb”.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən hesabata münasibət öyrənə bilmədik. Amma qurumun rəsmi saytında son günlərdə Azərbaycandan qadınların aldadılaraq Türkiyə və başqa ölkələrə aparılması haqda çoxsaylı məlumatlar yerləşdirilib. Məlumatların birindəsə Gəncədə Sahib Tağıyev adlı vətəndaşın əcnəbi qadını heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoyması haqda xəbər verilib.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 1 iyul

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 1 iyul

11 nəfər 1 otaqda yatırıq - Qəzalı binanın sakinləri danışır

Günün bütün mövzuları

XS
SM
MD
LG