Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:16

«Yanvarın 24-də bankın xidməti avtomobili Yol Polisi Xidməti (YPX) əməkdaşı tərəfindən saxlanılıb və cərimə meydançasına aparılıb. Üç gün sonra onu geri götürərkən içərisində olmuş 13 min 700 manat pulu tapa bilmədim».

«Muğanbank» ASC-nin İmişli filialının müdiri Dəyanət Kazımov başına gələnləri AzadlıqRadiosuna nəql edir. Onun deməsinə görə, həmin gün filial əməkdaşlarından birinin toyu olub və şənlikdə kollektiv surətdə iştirak ediblər. Avtomobilləri həmin axşam toydan çıxıb evə qayıdarkən saxlanılıb:

«Polis baş leytenantı Xalid Əsədov saxlamanın səbəbini işıq sistemindən düzgün istifadə edilməməsi ilə əlaqələndirdi. Amma bu barədə tərtib etdiyi protokolu hansısa səbəbdən sonradan ləğv edib. Hətta belə bir hal olsaydı belə, bu, avtomobilin cərimə meydançasına aparılmasına əsas ola bilməzdi. Bunu nəzərinə çatdıranda, başladı ki, sürücü spirtli içki qəbul edib».

«YÜNGÜL DƏRƏCƏLİ SƏRXOŞ»

Dəyanət Kazımovun bildirməsinə görə, avtomobildə bəzi sənədlər, qiymətli əşyalar və nağd pul olduğundan, şöbəyə çatanda tələb edib ki, ya onları götürməyə imkan versinlər, ya da əşyaları polisin qəbul etdiyinə dair protokol tərtib olunsun: «Amma bunların heç biri edilmədi. Maşında 13 min 700 manat pul var idi və mən onu növbəti gün sürücümlə Bakıya göndərəcəkdim. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib kömək istədim. Amma bunun da təsiri olmadı. Müayinədən keçirilmədiyi halda, sürücümün «yüngül dərəcəli sərxoş» olmağına dair akt tərtib olundu. Demə onlarda imzalı, möhürlü hazır blanklar var imiş, sürücü barədə məlumatları daxil etməklə akt hazır oldu. Maşını nəzarətdən buraxıb, sürücü ilə birgə Saatlı rayon Mərkəzi Xəstəxanasına getməli olduq».

Buna da bax - «Oğru məlumdur, polis hərəkətə keçmir»

İKİ SƏNƏDDƏN BİRİ SAXTADIR

Saatlıdakı tibb müəssisəsində tərtib olunan «Alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təsdiq edən tibbi müayinə protokolu»na görə, sürücü spirtli içki qəbul etməyib və ayıq vəziyyətdə olub.

Bu isə ortada olan iki tibbi sənədin birinin saxtalığından xəbər verir. Dəyanət Kazımovun deməsinə görə, polisin aktında adı keçən feldşer Firdovsi Zeynalov yazılı izahatında bildirib ki, belə bir müayinədə iştirak etməyib. Aktda göstərilən imza da ona məxsus deyil: «İndi özünüz vəziyyəti qiymətləndirin: saxta sənəd tərtib edənlər avtomobildə olan pulu oğurlamazmı? Hətta bunu başqa şəxslər götürübsə belə, yenə də məsuliyyət polisin üzərinə düşür. Çünki avtomobili saxlayan şəxslər onun içərisindəki əşyaları da qorumağa borcludur. Həmin əşyalar törədilməsi iddia olunan inzibati xətada istifadə edilmiş predmet olmadığından, polisin onları saxlamağa ixtiyarı yox idi. Saxlayırdısa, baxış və götürülmə barədə protokol tərtib etməli idi. İndi nə 102 ilə olan telefon danışığımı, nə də polis şöbəsinin kamera görüntülərini ortaya qoya bilirlər».

Buna da bax - «Polis qoyun oğruları ilə bacarmırsa…»

«BUNU PROKURORLUQ BİLMİRMİ?»

Dəyanət Kazımov bildirir ki, Daxili İşlər Nazirliyinin daxili təhqiqat idarəsi İmişli rayon Polis Şöbəsində xidməti araşdırma aparıb. Amma nəticəsi barədə ona məlumat verilməyib. Baş Prokurorluğa etdiyi şikayət «baxılıb tədbir görülməsi üçün» yerli prokurorluğa göndərilib. Sonuncu isə CM-in 177.3.2-ci maddəsi ilə cinayət işi açaraq istintaqı elə İmişli polisinə həvalə edib: «Bu işdə İmişli polisinin ayrı-ayrı vəzifəli şəxslərinin, eləcə də şöbə rəisinin məsuliyyət məsələsi var. Şöbə müstəntiqinin öz rəisinə qarşı ittiham irəli sürəcəyi heç ağlabatan deyil. Bunu prokurorluq bilmirmi?».

Dəyanət Kazımov deyir ki, may ayında açılmış cinayət işinin istintaqının gedişi ilə bağlı onda hər hansı məlumat yoxdur. Əvəzində ayrı-ayrı şəxslər vasitəsilə ondan xahiş olunur ki, tələbindən əl çəksin: «Mənim kimisə cəzalandırmaq niyyətim yoxdur. Gətirib sakitcə pulumu versinlər. Öz pulumu istəyirəm- maşınımdan oğurladıqları pulu».

İSTİNTAQ DAVAM EDİR

AzadlıqRadiosunun sorğusunu cavablandıran İmişli rayon Polis Şöbəsinin müstəntiqi Etibar Cəbrayılov bildirir ki, cinayət işi ilə bağlı istintaq davam etdirilir: «İstintaq müddəti 4 aydır, bu vaxt hələ bitməyib. O ki qaldı Daxili İşlər Nazirliyinin xidməti araşdırmasına, onun nəticəsi barədə istintaqa hər hansı sənəd, məlumat daxil olmayıb».

XS
SM
MD
LG