Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:44

BVF Azərbaycan hökumətindən daha nikbindir


"İnam". Şerif. Karikatura.
"İnam". Şerif. Karikatura.

Beynəlxalq Valyuta Fondu (BVF) Qafqaz və Mərkəzi Asiyada neft ixracatçısı olan ölkələrin iqtisadi göstəricilərini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, hesabatda bu il Ümumdaxili Məhsul istehsalının (ÜDM-in) 1 faiz artacağı qeyd olunub. Proqnoza görə, gələn il artım 2,4 faizə yüksələcək. Hesabatda o da deyilir ki, bu il "Qafqaz və Mərkəzi Asiya"nın neft ixracatçısı olan ölkələrində orta illik inflyasiya 10,8 faizi, gələn ilsə 8,7 faizi aşmayacaq. Tədiyyə balansının bu il 3,5; gələn il 2 faiz azalacağı da proqnozlaşdırılır.

BVF "Qafqaz və Mərkəzi Asiya"nın neft ixracatçısı ölkələri kimi Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanı nəzərdə tutur.

Buna da bax:​ BVF Azərbaycanla bağlı proqnozunu dəyişib

Bu ilin 9 ayında 4 faiz azalan iqtisadiyyatın son 3 ayda necə 1 faiz artacağı yerli ekspertlərdə BVF-nin ÜDM-lə bağlı proqnozuna şübhə doğurub. Ekspertlər gələn ilə olan proqnozu da reallıqdan uzaq sayırlar, axı hökumət 1 faiz, BVF isə 2,4 faiz artım gözləyir. Beləcə, sual yaranır: BVF-nin nikbin proqnozu nəyə əsaslanır?

“Reuters” agentliyinin bu günlər yayılan xəbərində deyilirdi ki, neftlə zəngin Azərbaycan özünün 2016-cı ilə 1,8 faizlik artım proqnozunu köklü şəkildə dəyişib və geriləmənin 2,8 faiz olacağını rəsmən təsdiqləyib.

Xəbərdə ciddi beynəlxalq maliyyə qurumlarının Azərbaycan hökumətinin daha əvvəlki nikbin proqnozlarını bölüşmədiyi və əksinə, 3,9 faiz geriləmə proqnozlaşdırıldığına da diqqət çəkilirdi.

“İlk dəfədir ki, BVF-nin proqnozu rəsmi rəqəmlərdən bu qədər fərqlənir”

Buna da bax:​ Hökumət artım yox, geriləmə olacağını rəsmən etiraf edir

İqtisadçı ekspert Natiq Cəfərli dünya təcrübısində BVF-nin hər hansı bir ölkə haqqında proqnozunun rəsmi rəqəmlərdən bu qədər fərqləndiyini vurğulayır: “Hökumət bu ilin ilk 9 ayında ÜDM-in 4 faiz azaldığını etiraf edir, BVF isə israr edir ki, ÜDM 1 faiz artacaq. Tam məntiqsiz vəziyyətdir”.

“Özbəkistan və Türkmənistandan qaynaqlanır”

Ekspert Rəşad Həsənov başqa bir məqama diqqət yönəldir: “Artım Özbəkistan və Türkmənistan iqtisadiyyatlarından qaynaqlanacaq. Proqnoza görə, Özbəkistan iqtisadiyyatı bu il 6 faiz, Türkmənistan iqtisadiyyatı isə 5,4 faiz böyüyəcək. Amma Azərbaycan və Qazaxıstanda iqtisadi kiçilmə baş verəcək”.

“Mümkün görünmür”

Onun fikrincə, Azərbaycan iqtisadiyyatı, azı, 3 faiz daralacaq: “Bu isə o deməkdir ki, BVF-nin neft ixrac edən ölkələrlə bağlı proqnozu - 1 faizlik böyümə olmayacaq”.

Buna da bax:​ Dünya iqtisadiyyatı irəli, Azərbaycan isə geri gedir

Ekspert Zöhrab İsmayıl da BVF-nin bu ilə proqnozlarının özünü doğrultmayacağını düşünür: “Yanvar-sentyabr aylarinda ÜDM 3,9 faiz azalıbsa, sonuncu rübdə gör nə qədər artım baş verməlidir ki, bu azalmanı aradan qaldırsın. Mümkün görünmür”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG