Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Müsavat başqanının müavini, 2013-cü ilin yanvarında İsmayıllıda baş verən hadisələrin təşkilində təqsirləndirilərək üç ildən artıq həbsdə saxlanılan Tofiq Yaqublu özünə bəraət istəməklə yanaşı, həm də Azərbaycan hökumətindən 500 min avro kompensasiya tələb edir. Tofiq Yaqublu məhkəmədə bu tələblə çıxış edib.

Noyabrın 18-də Ali Məhkəmədə Tofiq Yaqublunun, eləcə də bu işdə onunla birlikdə mühakimə olunmuş REAL Hərəkatının sədri İlqar Məmmədovun kassasiya şikayətinə baxılıb.

«İCRA BAŞÇISI DA DEYİB Kİ, RAYONDA SAKİTLİKDİR»

İlqar Məmmədovun özünü məhkəməyə gətirməyiblər. Vəkili Fuad Ağayev çıxış edib. Deyib ki, İlqar Məmmədov və Tofiq Yaqubluya İsmayıllıda iğtişaşların təşkiliylə bağlı verilmiş ittiham tam əsassızdır. Onların heç birinin əməlində cinayət tərkibi yoxdur və bu səbəbdən barələrindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.

Vəkil deyir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində bu işə baxılarkən ittihamların saxtalığı ifşa olunub. Tofiq Yaqublu və İlqar Məmmədovun İsmayıllıya etirazların ertəsi gün getdiyini xatırladan müdafiəçinin sözlərinə görə, həmin gün rayonun icra başçısı müsahibə verib. Müsahibəsində də deyib ki, «bu gün İsmayıllıda tam sakitlikdir».

Fuad Ağayev

Fuad Ağayev

«İcra başçısı deyir ki, rayonda sakitlikdir, heç bir iğtişaş yoxdur, prokurorluq orqanları isə iddia edir ki, yox, orada iğtişaş olub, Tofiq Yaqublu və İlqar Məmmədov da adamları iğtişaşa çəkib. Bu, absurddur», – vəkil vurğulayıb.

POLİS İNSİDENTİ

Müdafiəçi İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı olmuş Fərəc Əzizovla bağlı hadisəni də yada salıb. Fərəc Əzizov bu işə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılarkən təqsirləndirilən şəxslərdən heç kimi hadisə yerində görmədiyini, istintaqa ifadəsini isə oxumadan imzaladığını bildirmişdi. «Yalandan heç kimin üzünə dura bilmərəm», – polis belə demişdi.

Fuad Ağayev xatırladıb ki, həmin polis məhkəmədə bu cür davranışdan sonra daxili işlər orqanlarından çıxarıldı.

İlqar Məmmədovun o biri vəkili Cavad Cavadov müdafiə etdiyi şəxslə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarını yada salıb. Qeyd edib ki, İlqar Məmmədovun azadlığa buraxılması haqda qərar xeyli əvvəl çıxarılsa da, icra olunmur. Vəkil Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər kollegiyasını bu iş üzrə qərar çıxararkən Azərbaycanın imicini nəzərə almağa çağırıb.

Tofiq Yaqublu

Tofiq Yaqublu

«İSMAYILLIDA CƏMİ 50 DƏQİQƏ OLMUŞAM»

Tofiq Yaqublu özü də məhkəmədə çıxış edib və bu cinayət işinin başdan-ayağa yalan, kütləvi iğtişaşlar təşkil etdikləri haqda ittihamın da qondarma olduğunu deyib. İsmayıllıya jurnalist kimi reportaj hazırlamağa getdiyini deyən Tofiq Yaqublu qeyd edib ki, orada polislərə xidməti vəsiqəsini də təqdim edib: «Mən İsmayıllıda cəmi 50 dəqiqə olmuşam. Onun 10 dəqiqəsini camaatla, həmin vaxt orada olan jurnalistlərlə söhbət eləmişəm, 40 dəqiqəsini polis şöbəsində olmuşam. Şöbə rəisi də bunu təsdiqləyir. Mən harada camaatı iğtişaşa cəlb elədim, adamlara çağırış elədim, göstəriş verdim? Təbii ki, absurd ittihamlardır. Texnologiya əsridir. İttihamları sübut eləyən bircə kamera görüntüsü və ya başqa tutarlı fakt ortaya qoya bilmirlər. Bircə sübut ortaya qoysunlar, eybi yox, qalanını biz boynumuza götürərik».

Tofiq Yaqublu çıxışının sonunda bəraətlə yanaşı, heç bir günahı olmadan üç ildən artıq həbsdə saxlanmasına görə 500 min avro təzminat tələb edib.

Məhkəmə qısa müşavirədən sonra kassasiya şikayətlərinin təmin olunmadığını elan edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG