Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:08

«Yana Egorian dünyaya nur saçan balaca ulduzdur».

*Televiziyada göstərilməyən videoları göstəriririk - Youtube Kanalımıza abunə olun

Olimpiya Oyunlarındakı uğurlarına görə yetirməsini öyən və onunla qürur duyan ikiqat Olimpiya çempionu, Rusiya yığmasının qılıncoynatma üzrə baş məşqçisi İlqar Məmmədovdur. O, Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur. Yaşar Məmmədov budəfəki Olimpiya Oyunları zamanı braziliyalı qızlarla rəqsi ilə sosial şəbəkələrin diqqət mərkəzinə gəlmişdi.

İlqar Məmmədov «Radio 1»ə müsahibəsində yetirməsinin zəfərini qanunauyğunluq kimi dəyərləndirib.

«Bizim idmançının uğuruna görə böyük sevinc hissi yaşayıram! 2010-cu il Sinqapurda yeniyetmələr Olimpiadasında parlayan balaca ulduz indi böyüklərlə yarışda ilk böyük qələbəsini qazandı! Və bu, təsadüf deyil. Yana bu il bütün əsas rəqiblərini udmaqla özünün yüksək bacarığını göstərdi. Egorian üç dəfə Dünya kuboku mərhələlərində Sofya Velikaya-nı yenib və iki dəfə də ukraynalı Olga Kharlan-la qarşılaşmada zəfər qazanıb. Bəli, o gənc qılıncoynadandır, amma artıq əhəmiyyətli qələbələri var, buna görə də onun qələbəsi qanunauyğundur. İndi komanda oyunlarında medallar gözləyirik», – İlqar Məmmədov deyib.

İlqar Məmmədov

İlqar Məmmədov

O, AZƏRBAYCANA GƏLMƏK İSTƏMƏDİ

Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğlu, ikiqat Olimpiya çempionu İlqar Məmmədov Sovetlər Birliyi dağılanda Rusiya vətəndaşlığını qəbul edib və bu ölkənin bayrağı altında yarışlara qatılıb.

Dörd ildir bu ölkənin qılıncoynatma yığmasının baş məşqçisidir.

O, baş məşqçi təyin olunduqdan bir il sonra - 2013 və 2014-cü illərdə, ard-arda 2 il Rusiya yığması qılıncoynatma üzrə Dünya çempionatının qalibi olub. 2012-ci il London Olimpiya Oyunlarında Rusiya yığması 1 qızıl və 2 gümüş medal qazanmaqla, son 20 ilin ən böyük uğuruna imza atıb.

HƏYAT YOLDAŞI AZƏRBAYCANA BİRİNCİLİK QAZANDIRDI

Onun həyat yoldaşı Elena Jemayeva Azərbaycan bayrağı altında yarışlara qatılsa da, İlqar Məmmədov özü heç vaxt bu addımı atmayıb.

Elena Jemayeva 1998-ci ildə Rusiya çempionu, 1999-cu ildə Dünya və Avropa çempionu olub. Onun sayəsində 2000-ci ildə Azərbaycan yığması ilk dəfə dünya çempionu titulunu qazanıb. 2001, 2002 və 2003-cü illərdə milli komanda Dünya çempionatlarında bürünc medal əldə edib.

2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında Elena Jemayeva yeddinci olur və Azərbaycandakı idman karyerasına son qoyur. Yerli medianın iddialarına görə, buna səbəb Federasiya ilə idmançı arasında yaranan konflikt səbəb olur. Bundan sonra o, şəxsən prezidentə müraciət edərək yığmadan çıxarılmasını istəyir.

Jemayeva hazırda Rusiyada məşqçi kimi çalışır.

Nicat Rəhimovun AzadliqRadiosu​na video müsahibəsi

NİYƏ AZƏRBAYCANA GƏTİRİLMİRLƏR?

Maraqlıdır, Olimpiya Oyunlarında yetirməsinin uğurlarına cani-könüldən sevinən İlqar Məmmədov və ya bir zamanlar milli yığmaya birincilik qazandıran Elena Jemayeva Azərbaycana niyə dəvət olunmur?

Nəzərə alaq ki, budəfəki Olimpiya Oyunlarında Azərbaycanı yalnız bir qılıncoynadan – Sabina Mikina təmsil edir.

…Rio-de-Janeyro Olimpiya Oyunlarında azərbaycanlı idmansevərlər həmvətənləri Nicat Rəhimovun Olimpiya çempionu olmasına və dünya rekordu qırmasına nə qədər sevinsələr də, həm də təəssüfləndilər. Bu qələbə Qazaxıstan bayrağı altında qazanılıb. Üstəlik də o, Qazaxıstana alışdığından buraya qayıtmayacağını söylədi. İdmançının bu qərarına səbəb, atasının yerli mediaya söylədiyinə görə, Azərbaycanda üzləşdiyi haqsızlıqlardır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG