Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

İlqar Məmmədov buraxılmadı


Noyabrın 18-i Ali Məhkəmə REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov və Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxıb.

Şikayət təmin edilməyib.

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İ.Məmmədov 7, T.Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılmaqdan ötrü Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Həmin ilin noyabrında AİHM T.Yaqublunun şikayətini də təmin edib. Bu ilin martında T.Yaqublu prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Ancaq bu il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmamışdı.

Tofiq Yaqublu

Tofiq Yaqublu

«İLHAM ƏLİYEVƏ SƏSLƏNİRƏM…»

«Mən burdan İlham Əliyevə səslənirəm. Avropada verdiyin sözü tut və İlqar Məmmədovu azad elə». Bunu məhkəmədən sonra jurnalistlərə açıqlamasında Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu deyib.

İ.Məmmədovun vəkili Fuad Ağayev də deyib ki, məhkəmənin qərarına münasibəti çox pisdir: «Mən çıxışımda da dedim. Bu qərar Azərbaycanda məhkəmə sisteminin ədalətinə çıxarılan hökmdür. Açıq-aşkar ortada olan faktlara obyektiv qiymət verməyən və ya tərs qiymət verən hakimlərə nə sözüm ola bilər... Burda söz qalmır demək. Yenə məcburuq üzümüzü beynəlxalq təşkilatlara tutaq. Azərbaycan tərəfi nümayişkaranə şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı qərarı var. Avropa Şurası Nazirlər Komitəsi bunu dəfələrlə Azərbaycan hökumətindən tələb edib».

Azər Qasımlı

Azər Qasımlı

AZƏR QASIMLI: «AZƏRBAYCAN HAKİMİYYƏTİ İLQAR MƏMMƏDOVDAN QORXUR»

REAL Hərəkatının rəhbərlərindən Azər Qasımlı isə deyib ki, onsuz da Azərbaycan məhkəmələrindən ədalətli qərar gözləmirdilər: «Bugünkü qərar da göstərdi ki, Azərbaycanda məhkəmələr siyasi sifariş yerinə yetirir. Bu qərar həmdə onu göstərir ki, Azərbaycan hakimiyyəti İlqar Məmmədovdan qorxur. İlham Əliyevin əsas alternativi İlqar Məmmədovdur. Bu bir daha göstərdi ki, Azərbaycan hakimiyyətinin yolu Avropa deyil».

İ.Məmmədovun xanımı da deyib ki, nə o, nə də həyat yoldaşı bu gün müsbət qərar gözləyiblər.

REAL Hərəkatının təmsilçilərindən Altay Göyüşov isə deyib ki, İ.Məmmədov həbsdə yox, girovluqda saxlanıb: «İlqar Məmmədov hakimiyyətə təhlükə sayılır. Ancaq bu qərar hakimiyyətin də nüfuzuna ziyandır. Əksinə, İlqar Məmmədovun hər gün nüfuzu artır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG