Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:10

-

“Həbsdə olduğum 3 ilin ilk ilini çıxsaq, sonrakı müddətdə Amnesty İnternational və Human Right Watch təşkilatları istisna olmaqla ən mötəbər ünvanlardan özümə qarşı anlaşılmaz münasibət görməkdəyəm”.

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin yaydığı bəyanatda belə deyilir.

Beynəlxalq qurumların “vicdan məhbusu” elan etdiyi İ.Rüstəmzadə bəyanatında AŞPA, Avropa Birliyi, Avropa İnsan Hüquqları Məhkəməsindən narazılığını dilə gətirib. Məhbus gənc həmçinin, Qırmızı Xaç Komitəsinin “bizim siyahıda sən adlı siyasi məhbus yoxdur” deyə onunla görüşdən imtina etdiyini nəql edir.

“Harlem Shake videosu çəkməyə görə həbs edilmişəm” deyə etmədiyim bir əməlin zorla boynuma qoyulmasından təngə gəlmişəm. Həbsxanada imkanlarımın məhdud olmasına baxmayaraq, var gücümlə bu yalan kabusu ilə mübarizə aparmağa, “ay insanlar, mən özümə aidiyyatı olmayan bu videoya görə həbs edilməmişəm” deyə səslənməyə çalışmışam. Çox təəssüf ki, hələ də buna müvəffəq ola bilməmişəm” - deyə bəyanatda vurğulanır.

İ.Rüstəmzadə qeyd edir ki, artıq “Harlem Shake videosuna görə, həbs olunub” deyə müdafiə olunmaq istəmir.

“Qətiyyən böyük qəlbli insanların humanist niyyətlərlə gördükləri işləri ittiham etmək istəmirəm. Lakin həbsimin dördüncü ilində özümə qarşı bu yanlış yanaşmaya reaksiya verməyi düşünürəm. Bu səbəbdən mən Sports for Rights da daxil olmaqla, bütün təşkilatların məni “video çəkdiyinə görə həbs olunub” deyə müdafiə edən kampaniyalarından imtina edirəm” - məhbus gənc vurğulayır.

İlkin Rüstəmzadə 2013-cü ilin mayın 17-də saxlanılıb. Xuliqanlıqda ittiham olunan gənc fəal məhkəmə hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Onun bəhs etdiyi video cəmi 30 saniyədən ibarətdir. 2013-cü ildə çəkilən bu videoda bir qrup gənc Bakının mərkəzində - dənizkənarı parkda qeyri-adi hərəkətlərlə rəqs edirlər.

İlkin Rüstəmzadə 3 il əvvəl saxlanarkən sosial şəbəkələrdə belə bir status paylaşılmışdı: ”Polis İlkini aparıb ki, onlara "Harlem Shake" oynamağı öyrətsin!...”

Günün bütün mövzuları

XS
SM
MD
LG