Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:32

İlham Əliyevin kənd təsərrüfatı təşəbbüsləri


Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş
Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

Hökumətin iqtisadiyyata yanaşması dəyişənə oxşamır. Deyəsən, rəsmilər hələ də, “Dövlət ən pis sahibkardır” fikrini qəbul etmir.

Azərbaycan prezidenti İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib ki, gələn il təkcə yerli icra hakimiyyətlərinin xətti ilə 80-90 min hektarda əkin aparılacaq. Dövlət başçısı vurğulayıb ki, taxılçılıqla bağlı işlərə yerli icra orqanları da qoşulub.

Buna da bax:​ İlham Əliyev: 'Sahibkarlığa dəstək davam edəcək'

Bu, prezidentin yerli icra orqanlarının iqtisadiyyata töhfəsi ilə bağlı ilk çıxışı deyil. Prezident bu ilin sentyabrında yerli icra orqanları öz rayonlarına yerli və xarici özəl sərmayə cəlbinə çalışmağa çağırıb. Əslində, ölkə iqtisadiyyatının indiyədək əsas təkanverici qüvvəsi dövlət büdcəsi olub. Ekspertlər isə həmişə belə bir ortaq qənaəti paylaşıblar ki, dövlət sahibkar olmamalıdır. Yəni, fermer təsərrüfatları, əkinlər özəl təşəbbüsün nəticəsində olmalıdır. Hökumətin indiyə kimi də, belə təşəbbüsləri olub və bu, dövlətin adına bağlanıb. Məsələn, hökumətin 2012-ci ildəki fəaliyyəti barədə hesabatında yazılıb ki, prezidentin tapşırığı ilə Ağcabədi və Beyləqanda iri özəl taxılçılıq təsərrüfatları yaradılıb. Hökumət taxıl ehtiyacını ödəməkdən ötrü özəl sektorun təşviqindənsə, büdcə vəsaiti hesabına taxılçılıq təsərrüfatları yaratmağa üstünlük verib.

FÜRSƏTLƏRİ İMKANLARA ÇEVİRMƏYİN YOLU

İqtisadçı ekspert Rövşən Ağayev “Facebook” səhifəsində yazır ki, belə görünür, yerli icra hakimiyyətləri artıq sırf təsərrüfatla məşğul olan quruma çevrilir: “Bazar iqtisadiyyatı, azad sahibkarlıq, özəl sektor bu prosesin harasında qaldı, bunu bir qədər sonra – sel dayananda biləcəyik. Amma baxın, hamının maşını düz sürdüyü yolda arxa-arxaya maşın sürmək olarmı? Olar, amma nəticələri çox pis qurtarar”.

Buna da bax:​ Prezident Qazaxda

Ekspert bildirir ki, ölkədə regional inkişaf gücləndirilmədən, beynəlxalq təcrübədə artıq prioritet olan "sektorial inkişaf" yanaşmasından "bölgə inkişafı" yanaşmasına keçid təmin edilmədən, regionlara sosial-iqtisadi muxtariyyət verilmədən, rəqabət qabiliyyətli bölgə iqtisadiyyatı formalaşdırılmadan aqrar sektora çəkilən xərclər və zəhmətlər hədər gedəcək: “Fürsətləri imkanlara çevirməyin yolu heç də təkcə böyük sərmayələrdən keçmir”.

R.Ağayev qeyd edir ki, bu işlərin düsturu bəllidir:

Effektiv idarəetmə+azad təşəbbüskarlıq+sərmayə = İnkişaf

“KİÇİK FERMERLƏR SIRADAN ÇIXACAQ”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, dövlət büdcəsi hesabına, o cümlədən, dövlət xəttiylə böyük fermer təsərrüfatlarının yaradılması rəqabət mühitini pozacaq:

“Bazarda qeyri-bərabərlik, hətta bəzi fermerlərin tələbatında ayrı-seçkilik yaranacaq. Hökumət özü yaratdığı təsərrüfatları su, gübrə, anbarla təmin edəcək, digər fermerlərin isə bu imkanları məhduddur. Xüsusi dövlət dəstəyi olan bu təsərrüfatlar üstünlüklərdən yararlanıb həm bazarda qiyməti diktə edə, həm də ümumiyyətlə, bu sahəni inhisara ala bilər. Belə olan halda, kiçik fermerlər sıradan çıxacaq”.

Buna da bax:​ Azərbaycanda hər şey bahalaşıb

V.Məhərrəmov deyir ki, ümumiyyətlə, bu cür təsərrüfatlar ölkənin taxıla ehtiyacını ödəmək qabiliyyətində deyil: “Bu o zaman mümkün olar ki, kiçik təsərrüfatlar birləşərək kooperasiyalar yaratsın. Büdcə pulu hesabına belə təsərrüfatların yaradılması kiçik təsərrüfatların birləşməsini təhlükə altına qoyur. Həm də belə iri təsərrüfatlara arxayın olmaq ərzaq təhlükəsizliyi baxımından risklidir. Ölkənin ərzağa tələbatını ödəməkdə etibarlı mexanizm olmalıdır. Bəlkə təbii fəlakət nəticəsində bu təsərrüfatlar dağıldı, digər fermerlər sıradan çıxandan sonra ərzağa tələbat necə təmin ediləcək?”

Ekspert əlavə edir ki, belə təsərrüfatlar dövlət büdcəsi hesabına deyil, xüsusi investorlar hesabına yaradılmalı idi. Həmçinin, dövlət fondunda olan torpaqlardan istifadə edilməməlidir, çünki bu, gələcək nəsillərindir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG