Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:30

İlham Əliyev: 'Erməni tərəfi bezdirib...'


S.Sarkisian və İ.Əliyev MDB sammitində
S.Sarkisian və İ.Əliyev MDB sammitində

MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən iclasında Ermənistan prezidenti Serzh Sarkisian bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəsi pozduğunu deyib.

President.az saytının məlumatına görə, prezident İlham Əliyev Ermənistan prezidentinə sərt cavab verib: «Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə, bunu şərh etməyi özümə borc saydım. Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur».

«MƏN YALANA ARTIQ CAVAB VERDİM»

İlham Əliyev deyib ki, Ermənistan bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır: «Onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu».

İlham Əliyev deyib ki, Azərbaycan sülh prosesinə sadiqdir: «Biz konstruktiv işləyirik. Minsk qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir».

President.az saytının məlumatına görə, İlham Əliyevin çıxışından sonra Serzh Sarkisian deyib ki, «yalana cavab verməyin, sadəcə, mənası yoxdur».

İlham Əliyev isə deyib: «Mən yalana artıq cavab verdim».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG