Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

13 ildir Azərbaycanı idarə edən İlham Əliyevi bəzən mütləq hakimiyyətli güclü lider kimi təsvir edirlər. Amma o, görünür, özünü yetərincə güclü hiss etmir. Ötən həftə referendum keçirərək prezidentlik səlahiyyətini genişləndirmək məqsədilə Konstitusiyaya 29 dəyişiklik edib. «The Financial Times» qəzetində Jack Farchy belə yazır.

Müəllif Avropa Şurasının Venesiya Komissiyasının həmin dəyişikliklərlə bağlı ilkin rəyini yada salır. «Bu dəyişikliklərin çoxu prezidentə görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin pozar», - qurum bildirirdi.

SPEKULYASİYALAR

Dəyişikliklər prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasını, prezidentə parlamenti buraxmaq, erkən prezident seçkisi keçirmək, vitse-prezident təyin etmək səlahiyyəti verilməsini nəzərdə tutur. Hökumət bunu ölkədə islahatlardan ötrü vacib addım sayır. Prezidentin köməkçisi Əli Həsənov deyib ki, bu dəyişikliklər hökumətin səmərəliliyini artırmaq və bürokratiyanı azaltmaqdan ötrü vacibdir.

Buna da bax-'Əliyevlər ailəsi də istedadlıdır, onun nümayəndələri də seçilə bilər'

«Amma Əliyevin hakimiyyəti nadir hallarda parlament tərəfindən məhdudlaşdırılıb, yaxud bürokratiyayla yüklənib. Axı rəsmilər və parlamentarilər prezidentin iradəsi qarşısında boyun əyirlər. Bu səbəbdən dəyişikliklərin əsl səbəbi barədə müxtəlif spekulyasiyalar ortaya çıxıb. Bəziləri güman edirlər ki, prezidentlik müddətini uzatmaqla cənab Əliyev iqtisadi qeyri-müəyyənlik dönəmində seçki keçirməkdən yayınmaq istəyir. Bir qisim inanır ki, yeni vitse-prezidentlik postu yaratmaqla o, ailə üzvlərindən birini öz varisi təyin edə bilər», - müəllif yazır.

ƏLİYEV TƏK DEYİL

«Amma motivləri aydın olmasa da, cənab Əliyev tək deyil. Konstitusiyanın «başına oyun açmaq» regionda dəbə minib. Təkcə son bir ildə postsovet məkanı olan Orta Asiya və Qafqazdakı səkkiz ölkədən dördündə ali qanunlar yenidən yazılıb. Qırğızıstan isə bu il bunu gerçəkləşdirmək niyyətindədir», - məqalədə oxuyuruq.

Müəllif vurğulayır ki, oxşar dəyişikliklər bəzi hallarda birbaşa prezidentin mövqeyini möhkəmləndirir. Məsələn, Türkmənistanda, Tacikistanda məhz prezidentlik müddəti uzadılıb, yaxud da prezidentin ömürlük bu postda qalmasına yol açılıb.

Buna da bax-Deputat: 'Əliyevlər monarxiyası yaratmaq söhbəti cəfəngiyatdır'

Amma hədəfə dolaysıyla aparan ölkələr də var. Ötən il Ermənistanda Konstitusiya dəyişikliyi ilə prezidentin səlahiyyəti azaldılsa da, bəzilərinin fikrincə, bu, prezident Serzh Sarkisian-ın baş nazir postuna yolunu açır. Onun prezidentlik müddəti 2018-ci ildə bitir.

ALİ QANUNU NİYƏ DƏYİŞİRLƏR

Əslində, avtoritar liderlər millətə iradələrini diktə etməkdən ötrü Konstitusiyanı yenidən yazmağa nadir hallarda ehtiyac duyurlar. Amma edirlərsə, deməli, ölkəni daha artıq məngənəyə salmağa çalışırlar. Bunu George Washington Universitetində keçmiş Sovetlər Birliyində siyasi sistemlər üzrə mütəxəssis Henry Hale deyir. «Bu, heç də o demək deyil ki, həmin liderlər gücü birbaşa Konstitusiyadan alırlar. Sadəcə, konstitusiyalar kimin dominant mövqedə olması barədə siqnal göndərirlər. «İstədiyimi edə bilərəm», ismarışını verirlər», - o deyir.

Müəllif yazır ki, region liderlərinin çoxu hərtərəfli güclü görünsələr də, hakimiyyətlərinə təhlükə yaranacağından narahatdırlar. İqtisadi çətinliklər və Rusiyanın qonşu ölkələrə müdaxiləyə hazırlığını nümayiş etdirməsi bu əndişəni daha da gücləndirib.

«Və nəhayət, Konstitusiya qanununa guya sədaqət göstərməklə avtoritar liderlər demokratiya ideyalarını paylaşdıqlarını sərgiləyir, Qərbin senzurasından yayınmağa çalışırlar. Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov demişkən, «Konstitusiya bizim səlahiyyətimiz və şərəfimizdir. Konstitusiyanın yeni versiyası qlobal və milli demokratiya təcrübəsinə uyğundur»», - müəllif yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG