Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:54

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezidenti qəbulda deyib ki, bu qlobal tədbirə ev sahibliyi etmək böyük şərəfdir: «Dünyanın bu qədər çoxlu sayda aparıcı xəbər agentliklərinin nümayəndələrinin Bakıda toplaşması çox əlamətdar haldır. Bu, ölkəmizin təqdimatı üçün yaxşı imkan yaradır. Dünən qeyd etdiyim kimi, müstəqil ölkə kimi Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, zəngin tarixə, ənənələrə, mədəniyyətə malik bir ölkədir. Ümidvaram ki, sizin gəzintilərə çıxaraq Azərbaycanın bir sıra tarixi yerlərini görmək və ölkəmiz haqqında daha çox məlumat əldə etmək imkanınız olacaq. Çünki biz, hələ də özümüzü təqdim etmək üçün çox işlər görməliyik. 25 illik dövr bunun üçün kifayət deyil».

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti Clive Marshall isə bildirib ki, onların bəziləri Azərbaycanın müxtəlif yerlərində, kiçik kəndlərdə olublar: «O cümlədən Qafqaz dağlarında yerləşən, əgər düz tələffüz edirəmsə, Xınalıq kəndində olmuşuq. Bizi orada qonaqpərvərliklə qarşıladılar, səhər yeməyi verdilər və bu, bizdə Sizin ölkənizlə bağlı dolğun təəssürat yaratdı».

DÜNYANIN ADINDAN DANIŞMAYIN - PREZİDENT

«The Associated Press» agentliyinin vitse-prezidenti John Daniszewski isə prezidentə jurnalist həbsləri və Azad Avropa/Azadlıq Radiolarının Bakı bürosunun bağlanması ilə bağlı sual verib: «Bizə Əli Həsənov bildirdi ki, onların həbsdə olmaları məhz jurnalistlik fəaliyyətləri ilə bağlı deyil. Onlar xuliqanlıq, vergi pozuntuları və digər bu cür məsələlərlə bağlı həbs olunublar. Bildiyimizə görə, Xədicə İsmayılova həbs olunduqdan sonra «Azad Avropa» radiostansiyasının bürosunun fəaliyyətinin bərpa edilməsinə icazə verilməyib. Ölkə xaricində bəzi jurnalistlər var ki, təqiblərə məruz qaldıqlarını bildirirlər. Siz dünənki çıxışınızda aydın şəkildə qeyd etdiniz ki, Azərbaycanın dünyada dolğun şəkildə tanınmasını istəyirsiniz. Siz dünyada mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?».

Prezident İ.Əliyev isə suala birbaşa cavab verməyib: «Siz dünya deyəndə kimi nəzərdə tutursunuz? Siz həmişə dünyanın adından danışmağı xoşlayırsınız. Mən 13 illik prezidentlik fəaliyyətim dövründə bunun şahidiyəm. Dünya hər hansı bir ayrılıqda götürülmüş ölkədən böyük məfhumdur. Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulmalıdır? Beynəlxalq birlik BMT-yə üzv olan 200 ölkə deməkdir».

«FACEBOOK-DA VƏ TWITTER-DƏ 2 MİLYON İNSANIMIZ VARSA...»

Prezident deyib ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub: «Bu məsələnin mahiyyətinə diqqət yetirmək kifayət edir. Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - Facebook-da və Twitter-də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq. Bizim məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdən ibarətdir. Bu, bütün digər azadlıqlara da şamil olunur. Məsələn, sərbəst toplaşma hüququ. Bəzən Azərbaycanı tənqid edirlər ki, bizdə sərbəst toplaşma hüququ yoxdur. Bu, yanlışdır. Bunun üçün bu yay müxalifətin keçirdiyi mitinqlərə nəzər salmaq kifayətdir».

«NƏYƏ GÖRƏ JULIAN ASSANGE HƏLƏ DƏ EKVADORUN LONDONDAKI SƏFİRLİYİNDƏDİR?»

İ.Əliyev deyib ki, müxalifət aksiyalara çox az adam yığa bilir: «Onların sayı dünən Heydər Əliyev Mərkəzində keçirilən tədbir iştirakçılarının sayından az idi. Lakin onlar azad şəkildə toplaşmışdılar, heç bir məhdudiyyət yox idi. Bir daha qeyd edirəm ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır. Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar. Biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq. Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Julian Assange hələ də Ekvadorun Londondakı səfirliyindədir? Julian Assange bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?».

Noyabrın 16-dan Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XXVI Baş Assambleyası öz işinə başlayıb.

Toplantıda qərara alınıb ki, Konqresin növbəti iclası 2017-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçirilsin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG