Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:20

Əliyev 'rüsvayçılıq', 'fəlakət dövrü'nü ona görə tez-tez xatırladır ki...


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev Müstəqillik Aktının 25-ci ildönümü ilə bağlı tədbirdə yenidən AXC-Müsavat hakimiyyəti dövrünü tənqid edib: «1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı».

Maraqlıdır ki, prezident öncəki illərdə həmin dövrü daha gec-gec yada salardı, amma son bir neçə ayda indiki müxalifətin bir illik hakimiyyətini nədənsə tez-tez tənqid edir, az qala, hər çıxışında, yəni hökumətin hər toplantısında, mühüm dövlət tədbirlərində, rəsmi bayramlarda bir il hakimiyyətdə olan «qruplaşma» haqda eyni fikirləri yenidən səsləndirir. Səbəb nədir? Bəlkə vətəndaşa 1990-cı illərin çətin günlərini xatırlatmaqda məqsədi var?

«HEYDƏR ƏLİYEV BİRCƏ SƏHVDƏN DANIŞIRDI»

«Heydər Əliyev AXC-Müsavat hakimiyyətinin nailiyyətlərini yüksək qiymətləndirmişdi».

«Turan»ın redaktoru Şahin Hacıyev 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin fikirlərini yada salaraq söhbətə başlayır: «Yadımdadır ki, 1992-1993-cü illər haqda danışanda Heydər Əliyev demişdi ki, o, AXC-Müsavat hakimiyyətinin nailiyyətlərini yüksək qiymətləndirir. O, «nailiyyət» deyəndə müstəqilliyin əldə edilməsini, Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasını və başqa şeyləri qeyd etmişdi. Eyni zamanda, demişdi ki, onlar bir şeydə səhv etdilər, hakimiyyəti əldə saxlaya bilmədilər. Hər halda, belə bir qiymətləndirmə olmuşdu».

Ş.Hacıyevin fikrincə, indiki prezidentin qiymətləndirməsi isə daxili auditoriyaya ünvanlanıb: «Bir növ ştamp, klişe formasını alıb. Vaxtaşırı eyni fikirləri təkrar edir. Əslində isə bu, çox narahat bir yoldur, olan problemləri başqasının üzərinə qoymaq yaxşı hal deyil».

Şahin Hacıyev
Şahin Hacıyev

«20 İLDƏ SƏHVLƏRİN HAMISINI DÜZƏLTMƏK OLARDI»

«Turan»ın redaktoru başqa bir məqamın üzərində dayanır: «Hesab edək ki, bir il ərzində hakimiyyətdə olan qüvvələr səhvlər ediblər. 20 ildən çoxdur hakimiyyət başqa qüvvələrin əlindədir. Edilən səhvlərin hamısını düzəltmək olardı. Ancaq ciddi problemlər hələ də aradan qalxmayıb, nə daxili, nə də xarici siyasətdə. İqtisadiyyat göz qabağındadır. Xeyli gəlir əldə edilsə də, sabit iqtisadi inkişaf, sosial bərabərlik yoxdur. Korrupsiya yüksək səviyyədədir. Milli barışıq yoxdur. Ölkənin sabitliyi polis rejiminin gücü ilə qorunur. Bu, inkişaf demək deyil. Vətəndaş cəmiyyətinin aktivliyi yoxdur. Normal seçkilər keçirilmir. Eyni zamanda, Qarabağ məsələsi necə vardısa, elə də qalıb. Odur ki, bunu ciddi təhlil hesab etmirəm».

Sual yaranır, İlham Əliyev o dövrü doğrudan da ciddi təhlil etmək istəmişdi, yoxsa cəmiyyətə 1990-cı illəri xatırlatmaqla onlara hansısa mesaj verir, bəlkə də iqtisadi-sosial böhranın yaşandığı ölkədə daha pis nümunələr axtarmağa çalışır?

Ş.Hacıyev bu cür qiymətləndirmənin tarixi günlər ərəfəsində həmişə aparıldığını deyir: «Bu, dövlət tərəfindən qəbul edilmiş qiymətləndirmədir. Bax, filan şey budur, rəsmi mövqe də budur, yəni qiymətləndirmə dəyişmir. Mən başqa bir şey görmürəm».

Arif Hacılı
Arif Hacılı

«ƏN AĞIR FƏLAKƏTLƏR HEYDƏR ƏLİYEVİN DÖVRÜNDƏ... BAŞ VERİB»

«Biz bir ildə çox böyük işlər görmüşük. Bu haqda çox deyilib, çox yazılıb». AXC-Müsavat hakimiyyətində dövlət müşaviri olmuş, hazırda Müsavat Partiyasının başqanı Arif Hacılı belə deyir. O, bir illik fəaliyyətləri dövründə qazandıqları uğurları sadalamağa ehtiyac duymur. Bircə bunu deyir ki, məhz onların hakimiyyətindən sonra ölkə «daha ağır, fəlakətli» günlərini yaşayıb.

«Yeni Azərbaycan Partiyasının üzvləri 1993-cü ilin 15 iyununda Heydər Əliyevin parlamentin spikeri seçildiyi günü Qurtuluş günü kimi qeyd edirlər. Elçibəy hakimiyyəti ilə Heydər Əliyev hakimiyyəti arasında sərhədi YAP bu cür müəyyənləşdirib. Bu sərhəd 15 iyundur. Bu tarixdən sonra baş verənlərə görə bugünkü hakimiyyət, Əliyev rejimi məsuliyyət daşıyır və Azərbaycanın başına ən ağır fəlakətlər də 1993-1994-cü illərdə gəlib. Altı rayonun işğalı, ölkədə xaos, aclıq, Gəncədə qarşıdurma, Bakıda OMON-çularla toqquşmalar, silahlı adamların ucbatından küçəyə çıxmağın mümkün olmadığı dövrlər 1993-1995-ci illərə aiddir. Bu dövrün problemlərini AXC-Müsavat hakimiyyətinin üzərinə qoymaq düzgün deyil», – Arif Hacılı belə söyləyir.

A.Hacılı Müstəqillik Günü ilə bağlı çıxışda İlham Əliyevin Heydər Əliyevin rolunu qabartmasına da toxunub. O deyib ki, 18 oktyabr Azərbaycan Xalq Cəbhəsi və Əbülfəz Elçibəyin rəhbərliyi altında aparılan siyasi mübarizənin nəticəsi olaraq ortaya çıxmış bir gündür. Cənab Hacılının qənaətincə, AXC-Müsavat birliyini, onun hakimiyyət dövrünü pisləməkdə məqsəd bu qüvvələrin 18 oktyabr İstiqlal günündə rolunu kiçiltməyə yönəlib. Hacılı bunu «tamamilə ədalətsiz və qeyri-səmimi mövqe» sayır və «bu cür çıxışlarla tarixi dəyişdirmək mümkün olmayacaq» deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG