Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

İ.Əliyev: ‘Biz indi özümüz Türkiyəyə sərmayələr qoyuruq...’


İlham Əliyev

İlham Əliyev

“Azərbaycan iqtisadiyyatında hazırda neft və qazın payı 30 faizdir. Biz neftdən əldə etdiyimiz gəliri iqtisadiyyatımıza yatıraraq, onu diversifikasiya edirik”.

Bu sözləri İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışında çıxış edən prezident İlham Əliyev deyib.

APA-nın xəbərinə görə, İ.Əliyev Azərbaycanın enerji resurslarından asılılığı azaltmaq istiqamətində iş apardığını vurğulayıb.

Buna da bax:​ Prezident: 'Xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq'

Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil

“Enerji siyasətimiz imkan verdi ki, Azərbaycan özü də xarici ölkələrə sərmayə qoysun. Müstəqilliyimizin ilk illərində Azərbaycan sərmayə baxımından xaricdən asılı idi. Biz indi özümüz xarici ölkələrə, o cümlədən Türkiyəyə sərmayələr qoyuruq və qoyacağıq. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 milyard dollar təşkil edir. Bu gün enerji məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki enerji resursları və şaxələndirilmiş ixrac şəbəkəsi bizdə var. Biz qarşılıqlı fayda əsasında işimizi qururuq”, İlham Əliyev bildirib.

Ölkə başçısı çıxışının əsas hissəsini Türkiyənin önəminə və bu ölkə ilə qurulan əlaqələrə ayırıb.

“Azərbaycan Türkiyənin inkişafına sevinir. Türkiyə və Azərbaycanın münasibətləri barədə təkcə onu xatırlatmaq istəyirəm ki, Türkiyə “20-lər” Sammitinə bir ölkə dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi”, deyən ölkə başçısı Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələrin uğurla davam etdirildiyini vurğulayıb.

Buna da bax:​ 'Türkiyə AB-Azərbaycan münasibətlərinə təsir göstərə bilər'

Cənub Qaz Dəhlizi 45 milyard dollardır

“Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir. Bu, böyük qaz ehtiyatlarının daşınması üçün kəmərə ehtiyac var idi. Azərbaycan və Türkiyə bu sahədə də liderlik etdi. TANAP layihəsinin tikintisinə start verdi. TANAP-ın daxil olduğu Cənub Qaz dəhlizi layihəsinin dəyəri 45 milyard dollardır. Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizinin həyata keçirilməsində liderlik keyfiyyətlərini göstərir. Enerji ölkələrin təhlükəsizliyində əsas amillərdən biridir”.

Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsinin çox əlamətdar hadisə olduğunu bildirən İ.Əliyev sonra da deyib: “Türkiyənin sabitliyi, inkişafı nəinki Türkiyəni sevən, dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır”.

Buna da bax:​ SOCAR-dan 2.3 milyardlıq sərmayə

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Oktyabrın 10-u Türkiyədə başlayan 23-cü Dünya Enerji Konqresi “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilir. Konqresdə Azərbaycan, Rusiya və Venesuela prezident səviyyəsində təmsil olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG