Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:12

'İlham Əliyev bu cür idarəçiliklə ölkəni tənəzzülə aparır...'


Nardaran. Əməliyyatdan sonrakı günlər.

Nardaran. Əməliyyatdan sonrakı günlər.

"Yalançı demokratiyanın olduğu ölkədə doğru polis, doğru hakim ola bilməz. "Balıq başdan iylənir" deyiblər. Bu hakimiyyət nə qədər günahsız insanları şərləyib zindanlara atdırıb. Ölkədə rüşvət bəlası elə bir həddə çatıb ki, ana bətnində olan uşaq da rüşvət verilməsə, bu dünyaya gələ bilmir. Xəstənin sağ ayağının əvəzinə sol ayağını kəsirlər..."

Bunu Nardaran işi üzrə təqsirləndirilən şəxslər arasında ən yaşlısı olan İbrahim Xudaverdiyev sentyabrın 8-də məhkəmədə çıxış edərkən deyib.

«ƏLİNDƏ BEŞBARMAQ VARDI»

Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə prosesin ikinci hissəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Müslüm Tanrıverdiyev dindirilib. 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda iştirak etdiyini, təqsirləndirilən şəxslərdən Şamil Abduləliyevi zərərsizləşdirdiyini deyən Tanrıverdiyevin sözlərinə görə, həmin vaxt Şamilin əlində bıçaq olub, şalvarının arxa cibindən də qumbara çıxıb. Dediyinə görə, Şamil Abduləliyevi tutub saxlayanda o, artıq yaralanmışdı.

Buna da bax:​ Nardaran dustaqları etiraz etdi

«Balıq başdan iylənir» deyiblər. Bu hakimiyyət nə qədər günahsız insanları şərləyib zindanlara atdırıb.

"Nardarana çatandan sonra 10-15 dəqiqə gözlədik. Qrupun rəhbəri dedi ki, namaz qılırlar. Məndən əvvəl həyətə 7-8 əməkdaş girdi. Oradan partlayış səsi gəldi. Mən Şamili həyətdə tutdum. Həmin vaxt başqa bir əməkdaşımız Kənan Heybətov da həyətdə Bəhruz Əsgərovu zərərsizləşdirmişdi. Onun əlində beşbarmaq var idi. Mən Şamili də onun yanında qoyub, içəridəki əməkdaşlara köməyə getdim. Şamil ayağından yaralı idi. Amma mən atəş açmamışam. Yaralıları xəstəxanaya çatdırmaq üçün Təcili Tibbi Yardım çağırmışdıq. Bəhruz Əsgərovu da, Şamil Abduləliyevi də təcili yardımla xəstəxanaya göndərmişik",Müslüm Tanrıverdiyev bildirib.

Ş.Abduləliyevin bədənində hələ də üç güllə qalır. O, yalnız əl ağaclarının köməyi ilə yeriyir.

Polis: «Nardarana çatandan sonra 10-15 dəqiqə gözlədik. Qrupun rəhbəri dedi ki, namaz qılırlar».

«YERDƏ DƏ BİR-İKİ TƏPİK VURDULAR»

Vəkil Yalçın İmanov polisin nəzərinə çatdırıb ki, Ş.Abduləliyevin təkcə ayağında yox, bədəninin digər hissələrində də güllə yaraları olub:

– Bəs onda o biri güllə yaraları hardandır?

– Mən deyə bilmərəm. Mən ayağında görmüşəm. Mən zərərsizləşdirməmişdən əvvəl atışmada olub.

Ş.Abduləliyev də, B.Əsgərov da polis əməkdaşının ifadəsinin həqiqətə uyğun olmadığını bildiriblər.

"Məni bunlar əməliyyatı başa çatdırıb, çıxıb gedəndən sonra kənd camaatının köməyilə Fərhad Balayev qəsəbədəki tibb məntəqəsinə aparıb. Oradan da Sabunçu xəstəxanasına çatdırdılar. Çünki bunlar içəridə olanda qışqırıq gəldi ki, "vaxt qurtardı, gedirik". O zaman yerdə də bir-iki təpik vurdular, çıxıb getdilər. Mənim nə əlimdə, nə üstümdə heç nə olmayıb",Bəhruz Əsgərov bildirib.

Buna da bax:​ Nardaran işi: 'Cinsiyyət orqanımı tapdalayan bu idi'

«Bayırdan atəş səsləri eşidəndə nə baş verdiyini öyrənmək üçün həyətə çıxmaq istəyirdim. Heç çıxmamış, qapının ağzında bir nəfər mənimlə üz-üzə gəldi, heç nə soruşub-eləmədən mənə üç güllə vurdu».

«ÇIXANDA DA ƏLİMİ SIXDI»

Ş.Abduləliyev də xəstəxanaya kənd camaatının köməyilə çatdırıldığını deyir: "Bayırdan atəş səsləri eşidəndə nə baş verdiyini öyrənmək üçün həyətə çıxmaq istəyirdim. Heç çıxmamış, qapının ağzında bir nəfər mənimlə üz-üzə gəldi, heç nə soruşub-eləmədən mənə üç güllə vurdu. 100 faiz bu adam deyildi, o, hündürboy, gözləri də göy idi. Heç nə olmamış kimi də üzünü çevirib getdi. Otaqda yerə yıxıldım. Bir qrup girdi evə, əllərimizi bağladılar, yerdə bizi döydülər. Əməliyyatı başa çatdırıb getdilər. Kənd camaatı gəlib məni xəstəxanaya apardı".

Müslüm Tanrıverdiyev Ş.Abduləliyevin dediklərini təsdiqləməyib: "Özünü müdafiə edir".

Buna da bax:​ Polis: 'İçəridən səslər gəlirdi ki, atəşi dayandırmayın'

Ardınca Ş.Abduləliyev Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında bu polislə aralarındakı üzləşmədən də danışıb: "Baxmayaraq ki, bizi şər-böhtanla bu cür ağır cinayətlərdə ittiham edirlər, biz elə bir əqidəyə, ürəyə sahibik ki, yalan danışıb üzümüzə duranları da bağışlamaq iqtidarındayıq. İstintaq təcridxanasında üzləşdirmə zamanı müstəntiq bir dəqiqəlik otaqdan çıxdı, bununla ikimiz qaldıq. Buna belə əməllərinə görə Allahdan bağışlanmasını dilədim. Dedim ki, "Allah səni hidayət eləsin, bir də belə işlər görməyəsən". Həmin vaxt mənə dedi ki, "öz iradəmdən asılı olmayaraq, sənə qarşı belə bir ifadə vermişəm". Çıxanda da əlimi sıxdı".

«Baxmayaraq ki, bizi şər-böhtanla bu cür ağır cinayətlərdə ittiham edirlər, biz elə bir əqidəyə, ürəyə sahibik ki, yalan danışıb üzümüzə duranları da bağışlamaq iqtidarındayıq».

«YERİNİZƏ OLSAYDIM...»

M.Tanrıverdiyev belə bir hadisənin olduğunu təsdiqləsə də, "iradəsindən kənar ifadə verməsi" barədə deyilənləri təsdiqləməyib.

Bundan sonra təqsirləndirilən Abbas Hüseynov yalan ifadə verən polislərin cəzalandırılmasını tələb edib. O, hakimə müraciət edərək deyib: "Mən sizin yerinizə olsaydım, yalan ifadə verən şahidləri həbs etdirərdim. Bu cür yalan ifadələrlə hər gün onlarla insan şərlənib həbs olunub. İlham Əliyev bu cür idarəçiliklə ölkəni tənəzzülə aparır".

Məhkəmə prosesi sentyabrın 14-də davam edəcək.

Buna da bax: Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

«Yalançı demokratiya olan ölkədə doğru polis, doğru hakim ola bilməz»

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilənlər bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG