Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:16

Azərbaycanın 19 kiloqram ilan zəhəri var...


-

"– Doğrudurmu ki, ilanın yarpızdan zəhləsi gedir?

– İlanlar onlara maraqlı olmayan istənilən kəskin qoxudan çəkinir. O cümlədən yarpız, sarımsaq, benzin iyindən"

Vaxtilə Azərbaycanda ilan zəhəri istehsalı ilə məşğul olan herpetoloji mərkəz olub.

Mütəxəssislər deyir ki, bu mərkəz ölkə iqtisadiyyatına kifayət qədər gəlir gətirirmiş. Sovet İttifaqı dağılandan sonra Bakının Zirə kəndində yerləşən bu kombinat da dağılıb. İndi yenidən ilan zəhəri istehsalı ilə bağlı fikirlər səslənməyə başlayıb. Bu istehsalın bərpası mümkündürmü?

Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov AzadlıqRadiosuna ölkədəki ilanların vəziyyəti, həmin mərkəzin bərpası perspektivləri haqqında danışır:

Təvəkkül İsgəndərov: “19 kiloqram ilan zəhəri anbarda müştərisini gözləyir”
Gözlə

No media source currently available

0:00 0:08:48 0:00
Direct-ə keçid

– Sovet dövründə Azərbaycan ilan zəhəri üzrə SSRİ-də ən qabaqcıl istehsal yerlərindən biri idi. Azərbaycan Cənubi Qafqaz gürzəsini saxlayıb zəhərini alıb Estoniyaya, Tallinndəki dərman zavoduna təhvil verirdi. O vaxtlar biz hər il Estoniyaya 3 kiloqram, hətta 4 kiloqrama qədər quru gürzə zəhəri göndərmişik. 1969-cu ildən 1989-cu ilə qədər belə davam edib. Bu illər ərzində ilanlar təbiətdən ovlanırdı, yemlənirdi, qulluq olunurdu, zəhəri alınıb emal olunurdu. Qablaşdırılandan sonra dərman istehsalı zavodlarına göndərilirdi. SSRİ dağılandan sonra isə respublikalar arasında iqtisadi əlaqələr pozuldu. Tibb bazarı dağıldı. Bizim də istehsal etdiyimiz gürzə zəhərinin bazarı SSRİ-nin tibb bazarı idi.

– Bu sahənin yenidən bərpası haqqında müxtəlif fkirlər səslənir. İqtisadiyyata gətiriləcək böyük gəlirlərdən danışanlar da var. Bu sahənin mütəxəssisi kimi nə deyə bilərsiniz, bərpa mümkün olsa, satış ölkəyə gəlir gətirə bilərmi?

– Azərbaycanda ilan zəhəri istehsalının bərpası problem deyil. Bu sahədə ənənəmiz də, təcrübəmiz də, kadr potensialımız da var. Problem onun satışı ilə bağlıdır. Hazırda ilan zəhərinin satış bazarı yoxdur. Dünya bazarına girməyin bir çox şərtləri var. Bu şərtlərdən birincisi budur ki, Azərbaycan öz ilan zəhərinə Avropa standartlarına uyğun texniki sənədlər hazırlayıb təqdim eləməlidir. O sənədlərin hazırlanmasından ötrü laborator analizlər aparılmalıdır. Elə bir analizlər apara biləcək laboratoriyalar isə Azərbaycanda yoxdur. Ən başlıcası, sifarişçi ölkə tapılmalıdır. Əgər biz bu sifarişçi ölkəni tapsaq, sifarişin miqdarına uyğun istehsalı bərpa edə bilərik. Bu, problem deyil.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

– Dediyiniz laboratoriyaların quraşdırılması mümkün deyil ki?

– İndiki müasir laborator avadanlıqlar bahalıdır. Qiyməti, hardasa, milyon yarımdan çoxdur. Həm də avadanlıqlarla, metodika ilə işləyə bilən gənc mütəxəssisləri Avropanın akkreditə olunmuş laboratoriyalarına göndərməliyik, orda təcrübə keçməlidirlər. Bütün bunlar həll olunan işlərdir. Ən başlıcası, ilan zəhərinin sifarişçisini tapmaqdır.

– Azərbaycanda ilan zəhəri strateji məhsul sayılır?

– Bəli. Ötən əsrin sonlarında ilan zəhəriylə bağlı bir ajiotaj oldu. SSRİ-nin sərhədləri dağılanda, SSRİ-də olan məhsullar birdən-birə dünya bazarına çıxarılanda ilan zəhərini hətta çox baha qiymətə alanlar da vardı. Sonradan situasiya sabitləşdi, hər şey yerini tutdu. Ona görə o ajiotaj vaxtı düzgün qiymətləndirmə aparılmadan ilan zəhərini də strateji məhsul hesab elədilər.

– Bəs ölkə ərazisində ilanların inkişafı necədir, hansı ilanlardan zəhər alına bilər?

– Azərbaycanda 27 növ ilan yayılıb. Bunlardan yalnız 5 növü zəhərlidir. Bu 5 növün də arasında əsas levantiya gürzəsidir. Çox vaxt buna Cənubi Qafqaz gürzəsi də deyirlər. Bu növün ən böyük arealı Cənubi Qafqazda Azərbaycandadır. Çox cüzi miqdarda Ermənistanda, az bir hissəsi də Gürcüstanda var. Azərbaycanda geniş yayıldığından bunu kütləvi sayda tutmaq imkanı da var. Bəzən belə fikirlər səslənir ki, Azərbaycanda kobra, əfi ilan var. Xeyr, Azərbaycanda nə kobra var, nə də əfi ilan. Kobraya da, əfi ilana da Orta Asiya səhralarında rast gəlinir. Onu da deyim ki, indi Azərbaycan ərazisində ilanların yayıldığı yerlər daha çox cəbhə bölgəsində yerləşir. Orada ilan tədarükü bir qədər çətindir. Həm də ilanları kütləvi şəkildə ovlamaq olmaz. Bu, təbiətdəki populyasiyanın imkan verdiyi qədər mümkündür. Həddindən artıq ovlanarsa, nəsli kəsilə bilər. Zəhər istehsalına gəldikdə, birdən-birə sovet dönəmində istehsal elədiyimiz səviyyəyə çata bilmərik. Hazırda Azərbaycan il ərzində 1 kiloqram, 1 kiloqram yarım ilan zəhəri istehsal edə bilər. Şərait yaxşılaşsa, bu quru gürzə zəhəri maksimum 2 kiloqrama çıxa bilər.

– Siz ilanların süni yetişdirilməsi təklifi ilə də çıxış etmisiniz...

– Bəli, belə vəziyyətdə ilan zəhəri istehsalının təbii resursdan asılılığını aradan qaldırmaqdan ötrü gürzə tutmağa ehtiyac qalmaz. Özümüz onu yetişdirə bilərik. Qapalı ərazidə ilanı süni inkubasiya yolu ilə yumurtadan çıxara, balaları böyüdə, cinsi yetişkənlik dövrünə qədər təmin etsək, təbiətdən tutmağa ehtiyac qalmaz. Ancaq bu, hələlik problemdir. Çünki baha başa gəlir. Yumurtadan çıxmış gürzə balasını məhsuldar yaş dövrünə çatdırmağa ən yaxşı halda 3 ilə qədər vaxt lazım olur. Bu müddətdə ilanları yedirtmək, ona qulluq etmək xərc tələb edir.

– İlan zəhərinin bir qramı neçəyədir?

– İndiki dövrdə bu, satılan məhsulun miqdarından asılıdır. Bir var sifarişçi 10 qram ala, bir də var 1 kiloqram. Bundan sonra qiymət 380-500 dollar arasında dəyişə bilər.

____________________________________________________________

Bunlara da bax:
Löw: «Fransa Portuqaliyanı da yenəcək»
Gülər Əhmədova: «Talassemiya daşıyıcıyam» (Yenilənib)

____________________________________________________________

– Ekoloqlar ölkə ərazisində ilanların yaşayış yerlərinin getdikcə azalması haqda xəbərdarlıq edirlər...

– Bizdə indi ilanların, o cümlədən gürzənin yayıldığı ərazilər getdikcə daralır. Kənd təsərrüfatı inkişaf edir. Vaxtilə ilan mələyən çöllər bu gün tarlalara, əkin yerlərinə çevrilir. İlanların yaşayış yeri azalır. Demək, bundan sonra getdikcə gürzələrin sayı da azalır. Ancaq biz ildən-ilə daha çox adamı ilan çalması halları ilə qarşılaşırıq. Bunun səbəbi ilanların artması yox, ilanların yaşadığı yerlərdə insanların çox olmasıdır. İnsanlar əkinlə, təsərrüfatla bağlı ilan yaşayan yerlərə daha çox çıxırlar. İlanlar öncəki kimi həmin ərazilərdə 100 yox, minlərlə insanla qarşılaşır.

– Bu sahənin inkişafı ilə bağlı siz hazırda hansı fəaliyyətlə məşğulsunuz?

– Biz ancaq elmi şəkildə işləyirk. İlanların süni yetişdirilməsi, hansı şəraitdə daha çox zəhər alınar, daha hansı rasionda yemləmək olar, – bu istiqamətdə işləyirik. Yəni,işimiz təcrübə xarakterlidir. Əgər istehsalı bərpa eləsək, ilanları daha yaxşı şəraitdə saxlamaq üzərində işləyirik. İlan zəhəri istehsalı kommersiya tipli fəaliyyətdir. Bizim institut isə elmi institutdur. Buna böyük maliyyə lazımdır. Alimlərin isə maliyyəsi yoxdur. Alimlər kimisə maraqlandıra bilər. Tərəfdaşlar tapılmalıdır.

– Zirə Herpetoloji Mərkəzi bağlananda 20 kiloqrama yaxın hazır zəhərin qaldığı səslənirdi. Həmin zəhərin taleyi necə oldu?

– 20 kiloqram yox, 19 kiloqrama yaxın zəhərdir. Zoologiya İnstitunun anbarında öz müştərisini gözləyir. Bəli, bizdə belə bir qiymətli material var. Qurudulmuş, kristal hala salınmış ilan zəhəri aktivliyini, keyfiyyətini 30 il müddətinə, hətta daha çox saxlaya bilər. Ancaq bu müddətdə keyfiyyət 100 faiz qalmır, aktivlik müəyyən dərəcədə düşür. Tərkibindəki fermetlərin fəallığı azalır.

– Həmin zəhərin tərkibi necədir?

– Nümunə üçün öz hesabına aparıb yoxlatdıranlar olub. Rəy mənfi olmayıb. Ancaq sadəcə, aktivliyin aşağı düşməsi faktdır.

– Doğrudurmu ki, ilanın yarpızdan zəhləsi gedir?

– İlanlar onlara maraqlı olmayan istənilən kəskin qoxudan çəkinir. O cümlədən yarpız, sarımsaq, benzin iyindən. Ağla gələn və gəlməyən hər cür kəskin iy onu çəkindirir. Türkəçarə üsulu kimi ocaqda qalan kül, xüsusilə nar ağacının, tənəyin yanmış külü ilanı çəkindirir. Ən yaxşısı isə ilanlara gizlənməyə yer qoymamaqdır. Çünki ilanlar bütün hərəkətlərini gizlənməklə eləyirlər. Yemlərini – siçanı, kərtənkələni, quşu tutmaqdan ötrü də gizlənirlər, sərinləməyə də gizlin yer axtarırlar, yumurta qoymağa daldalanırlar, qışlamağa gizli yer axtarırlar. Onlar üçün gizləməyə yer qoyulmasa, ilan o həyətə girməz.

– Arada Bakıda ilanların artması xəbərləri də yayılmışdı...

– Şəhər landşaftı ilana yaşayış yeri deyil. Ancaq təsadüfən yükdaşımalar vaxtı daşın, qumun içində ilanlar şəhərə gələ bilər. Ancaq Abşeronun bütün kəndlərində ilan var. Nə qədər yaşayış məskənləri salınsa da, ilanlar Bakı kəndlərində özlərinə künc- bucaq tapıb yaşayırlar.

– Təvəkkül müəllim, siz özünüz ev şəraitində ilan saxlayırsınızmı?

– Mənim evdə elə şəraitim yoxdur ki, ilan saxlayım. Özümü güclə saxlayıram (gülür). Şəraitim olsa, məmnuniyyətlı saxlayaram. Genişlik olsa, onun üçün guşə düzəltmək olar. Təkcə ilan yox, ümumiyyətlə, hansısa heyvan saxlamaq uyğun şərait, qayğı tələb edir. Cənub Şərqi Asiya ölkələrində, Avstraliyada, təbiəti ilanlarla daha zəngin olan ölkələrdə ilanlar insanların sosial həyatında iştirak edir. Çoxlu zəhərsiz ilan var. Onlar siçovulla, kərtənkələ ilə qidalanırlar. Həmin ölkələrdə pişik yerinə, siçan- siçovulları yeməyə ilanlar saxlayırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG