Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:32

"İlanmələyən" kəndin sakinləri: Həyatımızla oynamasınlar


illüstrasiya
illüstrasiya

►“Tibb məntəqəsinə zərdab verilsin”

İlan sancmaları, tədbirsizlik, bilgisizlik, ölüm-itim...

Siyəzənin Kiçik Həmyə kəndinin sakinləri səbəbi profilaktik tədbirlərin aparılmamasında görürlər

“Əvvəllər kənd təsərrüfatı vardı, bostan, üzümçülük, pambıqçılıq sahələri vardı, dərmanlama işləri aparılırdı, ilan da, demək olar ki, yox idi. Sovet dağıldı, təsərrüfatlar dağıldı, dövlət səviyyəsində dərmanlama işləri aparılmadı. Onun nəticəsidir ki, hər il yüzlərlə insanı ilan sancır”.

“ZƏHƏR BƏDƏNƏ YAYILIR”

Siyəzənin Kiçik Həmyə kənd sakinləri AzadlıqRadiosuna danışırlar ki, isti havalar düşəndən kənddə iki nəfəri ilan sancıb. Kənddə tibb məntəqəsi olmadığından hər iki zərərçəkəni rayon xəstəxanasına aparmalı olublar.

Kənd sakini Şamil Şamilov deyir, vaxt itkisi, ilkin yardımın olmaması üzündən hər iki zərərçəkmişi xəstəxanaya çatdıranadək vəziyyətləri daha da ağırlaşıb.

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti bildirir ki, Azərbaycanda zəhərli ilanlardan ən geniş yayılanı gürzə hesab olunur. Zəhərlənmə sürətlə, demək olar ki, sancmadan dərhal sonra inkişaf edir. Bu zaman zərərçəkənin yaşı, iqlim və sair faktorlar da əhəmiyyət kəsb edir. Zəhər orqanizmə yeridikcə zəhərlənmə əlamətləri tədricən inkişaf edir. Zərərçəkənin taleyi çox vaxt düzgün və vaxtında göstərilən yardımdan asılıdır. Kiçik Həmyədə isə deyirlər, çox vaxt ilan sancmış adamın vəziyyətini onu həyata qaytarmaq istəyən yaxınları ağırlaşdırır. Kənd sakini Şamil Şamilov:

“Kəndlərdəki tibb məntəqələrinə diqqət ayrılmalıdır ki, yay mövsümündə ilan sancmasına məruz qalanı uzağa aparmağa ehtiyac olmasın. Siyəzənin heç bir tibb məntəqəsində zərdab yoxdur. Gərək vəziyyəti ağırlaşanı rayon mərkəzindəki xəstəxanaya götürəsən. Bu da vaxt itkisidir. Bir tərəfdənsə yollar bərbad vəziyyətdədir, ilan vurmuş adamı gərək tərpətməyəsən. Maşın silkələyir, zəhər bədənə yayılır, nəticədə insan həyatı əldən gedir”.

“HƏYATIMIZLA OYNAMASINLAR”

3 gün əvvəl kəndin 24 yaşlı sakini Ağababa Əliyev həyatını, az qala, itirəcəkdi. Səbəbindən Ağababanın qonşusu Mehdi dayı danışır:

“Kənddə adamlar ilkin tibbi yardımı necə göstərməyi bilmirlər. Biri kəmərlə bağlayır, biri yaranı sovurur, biri qatıq sürtür, aləm qarışır bir-birinə, vaxt gedir, heç nə əldə eləmək olmur. Tibb məntəqəsinə zərdab verilsin, həyatımızla oynamasınlar”.

İlan Ağababanı dostu ilə quru otları maşına yükləyəndə sancıb. Qohum-qonşular yığışıb “ilkin yardım” göstərməyə çalışıblar. Nəticədə vəziyyəti ağırlaşıb. Xəstəxanaya azca da gec çatdırılsaydı, Mehdi dayı deyir, indi qapısında yas çadırı qurulmuşdu. Siyəzən regional müalicə diaqnostika mərkəzində ona zərdab vurulandan sonra Bakıya – toksikologiya mərkəzinə götürülüb. Həkimlərin deməsinə görə, hazırda vəziyyəti qənaətbəxşdir.

Siyəzən rayon icra hakimiyyəti yay mövsümünün başlanması ilə əlaqədar kəndlərdə ilan sancmalarına qarşı profilaktik tədbirlərə başlayır. Bunu “Qaynar xətt”ə qurumdan deyiblər.

Buna da bax: Çılğır məktəbində ilan tutan şagirdlər

Çılğır məktəbində ilan tutan şagirdlər
Gözlə

No media source currently available

0:00 0:04:53 0:00

XS
SM
MD
LG