Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

'Neft gəlirlərinin ən qızğın çağında bunu etmədilər...'


Tələbələr tibbi yardım dərsində

Tələbələr tibbi yardım dərsində

Deyəsən, icbari tibbi sığortaya yaşıl işıq yandırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Başlamağa heç bir maneə yoxdur”

“Bizim Rusiya və Türkiyədəki kimi, niyə sığorta polisimiz yoxdur? Olsaydı, indi camaata, fondlara üz tutmağa ehtiyac duymazdıq”. Gəncə sakini Nigar Babayeva yaxın qohumu İzzət İbrahimova düzənlədikləri dəstək aksiyasından danışarkən, belə deyir. 31 yaşlı İzzət İbrahimovda xərçəng xəstəliyi aşkarlanıb. Ailəsi sosial şəbəkələrdə onun cərrahi əməliyyatına ianə toplayır: “Toyuna hazırlaşırdıq, xəstəlik ortaya çıxdı. Ümidimiz gələn hər yerə müraciət edirik. Heydər Əliyev Fonduna da yazacağıq, amma zamanımız azdır, əməliyyata iki ay vaxtımız var”.

Ekspertin fikrincə, icbari tibbi sığorta prosesi ləng gedir. O bu sistemin 2018-ci ildən tez işə salınmasını gözləmir.

İzzətin həyatını qurtarmaqdan ötrü İbrahimovlar ailəsinin 40-50 min dollara ehtiyacı var. Ağrılı bir sual çıxır ortaya: Onlar iki aya bu vəsaiti toplaya biləcəklərmi?

Nagümanlıq olsa da, ümidsizliyə qapılmaq istəmirlər. “Bizim niyə sığorta polisimiz yoxdur?”deyə soruşan Nigarın səsi titrəyir. Özünü ağlamaqdan güclə saxlayır və deyir ki, kimya terapiyalarının pulunu ödəmək üçün qohum-əqrəba əlindən gələni edir. Di gəl, şəxsi vəsaitləri əməliyyat xərclərinə yetmir.

İbrahimovlar sosial şəbəkələrdə tibbi müalicə xərclərinin qarşılanmasına yardım uman yeganə ailə deyil.

Buna da bax:​ Hər kəsin icbari sığortası olacaq

İzzətin həyatını qurtarmaqdan ötrü İbrahimovlar ailəsinin 40-50 min dollara ehtiyacı var.

Nigar Babayevanın bəhs etdiyi sığorta polisi haqqında qanunsa hələ 1999-cu ildə qəbul edilib. 2007-ci ildə yaradılan İcbari Tibbi Sığorta Dövlət Agentliyi isə yalnız bu ilin əvvəlindən fəaliyyətə başlayıb.

“Mingəçevir və Yevlax sakinləri sığortalanacaq”

İcbari Tibbi Sığorta üzrə dövlət agentliyindən AzadlıqRadiosu-na bildiriblər ki, gələn ildən icbari tibbi sığortanın tətbiqi başlanacaq. Agentlik əmin edir ki (qurum adından agentliyin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib), bu işə heç bir maneə yoxdur və nəzərdə tutulduğu kimi, gələn ilin əvvəlində pilot bölgələrdə yaşayan əhalinin “sığorta polisi” alacaq.

2007-ci ildə yaradılan İcbari Tibbi Sığorta Dövlət Agentliyi isə yalnız bu ilin əvvəlindən fəaliyyətə başlayıb.

Pilot bölgə kimi Mingəçevir və Yevlax seçilib. Agentlik “ərazilərin demoqrafik göstəriciləri, o cümlədən uşaqların, pensiyaçıların və iqtisadi fəal əhalinin sayını, mövcud tibbi xidmət şəbəkəsini və tibb müəssisələrinin (xüsusən xəstəxanaların) maddi-texniki vəziyyətini, tibbi personalla təchizatı, dövlət büdcəsindən ayrılan səhiyyə xərclərini” nəzərə alaraq, belə bir seçim etdiyini bildirir.

Buna da bax:​ İcbari tibbi sığortaya əyalətdən başlanır

Oktyabrın 1-dən Mingəçevir şəhərində və Yevlax rayonunda hazırlıq işlərinə başlanacaq. Əhaliyə baza zərfi haqqında məlumat veriləcək və bu ərazilərdə yaşayanlar qeydiyyata alınacaqlar. Xidmət göstərəcək tibb müəssisələri ilə də müqavilələr bağlanacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi sığortanı hər hansı sığorta şirkətinə həvalə etməyəcəyini, özlərinin aparacağını vurğulayır.

Agentlikdən AzadlıqRadiosu-nun suallarını cavablandırarkən, ilkin dövrdə icbari tibbi sığorta prosesinə dövlət xəstəxanalarının qatılacağını bildirirlər: “Sonradan icbari tibbi sığortanın baza zərfi əsasında özəl xəstəxanaların da tibbi xidmət göstərməsi nəzərdə tutulub”.

Xəstəliklər hələ açıqlanmır

Baza zərfinə daxil edilən xəstəliklərə gəlincə, Agentlik, hələlik, bunu açıqlamır. Sadəcə, bildirir ki, artıq baza zərfi və sığorta haqqına dair məlumat Nazirlər Kabinetinə təqdim edilib və təsdiqlənincə, ictimaiyyət bilgiləndiriləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi sığortanı hər hansı sığorta şirkətinə həvalə etməyəcəyini, özlərinin aparacağını da vurğulayır: “Agentik bir çox dövlətin təcrübəsini öyrənib. Ölkəmizdə sosial tibbi sığorta modelinin tətbiq edilməsinə qərar verilib. Bu modeldə sığorta haqlarının yığılmasında dövlətlə yanaşı, vətəndaşlar və işəgötürənlər də iştirak edirlər”.

Əgər təqaüdçüləri, uşaqları, yaşlıları, xəstələri, tələbələri icbari sığortaya cəlb etsələr, buna dövlət büdcəsindən 1 milyard manatadək vəsait ayrılmalıdır.

Dövlət büdcəsindən icbari tibbi sığortaya nə qədər vəsait ayrılacaq? Bu sualın cavabı büdcə müzakirələrində bəlli olacaq. Ancaq Agentlik gözləyir ki, gələn il pilot bölgədə icbari tibbi sığorta sistemini işə salmağa yetərli vəsait ayrılacaq.

Buna da bax:​ İlham Əliyev: 'Yardım almırıq, yardıma ehtiyac duymuruq'

“Bir milyard manat lazımdır”

Əgər təqaüdçüləri, uşaqları, yaşlıları, xəstələri, tələbələri icbari sığortaya cəlb etsələr, buna dövlət büdcəsindən 1 milyard manatadək vəsait ayrılmalıdır. Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı belə düşünür və soruşur: “Neft gəlirlərinin ən qızğın çağında bunu eləmədilər, indi büdcə bunun öhdəsindən necə gələcək?”.

Artıq baza zərfi və sığorta haqqına dair məlumat Nazirlər Kabinetinə təqdim edilib.

Ekspertin fikrincə, icbari tibbi sığorta prosesi ləng gedir. O bu sistemin 2018-ci ildən tez işə salınmasını gözləmir.

“Həkimlərin maaşı yüksək olmalıdır”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Azər Mehdiyev də icbari tibbi sığortanın yaxın iki ildə geniş tətbiqini gözləmir, amma pilot bölgələrdə işə başlanmasını müsbət addım sayır. Onun fikrincə, bu zaman sistemin əyər-əskiyi, nöqsanı üzə çıxacaq və ölkəboyu tətbiqindən əvvəl onu təkmilləşdirməyə imkan yaranacaq: “Səhiyyə Nazirliyinə hər il dövlət büdcəsindən böyük vəsaitlər ayrılır, ancaq bu vəsaitlərin necə xərclənməsində, təyinatına gedib çıxmasında ciddi problemlər var. İcbari tibbi sığorta məhz bu problemləri aradan qaldıracaq vasitədir. Bir də elə şərait yaranmalıdır ki, həkimlər icbari tibbi sığortanı dəstəkləsinlər. Onların maaşı kəsilməməli, əksinə, yüksək olmalıdır”.

Buna da bax:​ İcbari tibbi sığorta paketi hazırlanır

"İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət səhiyyə müəssisələri yüksək keyfiyyətli xidmət göstərməlidirlər ki, vətəndaş onları seçsin".

Azər Mehdiyevin sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra dövlət səhiyyə müəssisələri yüksək keyfiyyətli xidmət göstərməlidirlər ki, vətəndaş onları seçsin.

Cavabsız suallar

Sözügedən sığorta xəstə sahiblərini sosial şəbəkələrdə, fondlarda ianə istəməyə məcbur edən bahalı cərrahiyyə əməliyyatlarını sığortalayacaqmı? Müalicə və əməliyyat yalnız xaricdə mümkün olduğu zaman “sığorta polisi” bunu qarşılayacaqmı? Baza zərfi açıqlanmayınca, belə suallar cavabsız qalır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG